Azərbaycan Dövlət Pedaqoji Kollecində imtahan sessiyasının nəticələri qənaətbəxşdir


ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində (ADPK)  payız semestrinin imtahan sessiyası tam şəkildə şəffaf və obyektiv keçirilərək uğurla başa çatıb. Bu barədə kollecdən “Azərbaycan müəllimi”nə daxil olan məlumatda bildirilir. Qeyd olunur ki, kollecdə semestr imtahanları Təhsil Nazirliyi və bu tədris ocağı üzrə imzalanmış müvafiq əmrlərə uyğun keçirilib. Kollec üzrə əmrə əsasən  imtahanlar mərkəzləşdirilmiş qaydada yazılı formada aparılıb. İmtahan sessiyasında ictimai nəzarətin təmin olunmasına xüsusi önəm verilərək ADPU-da tədrisin təşkili üzrə İctimai Şuranın üzvləri ADPK-da imtahanların  gedişini  izləyib, imtahanın təşkilinə və aparılmasına baxış keçiriblər.  İmtahan sessiyasının gedişinə nəzarət etmək, tələbə və valideynlərin, həmçinin ictimaiyyətin müraciətlərinin qəbulu və araşdırılması məqsədilə İmtahan Qərargahı və Apelyasiya Komissiyası fəaliyyət göstərib. Qiymətləndirmədən narazı qalan tələbələrin Qərargaha və Apelyasiya Komissiyasına müraciəti üçün münbit şərait təmin edilib. İctimai şuranın üzvləri kollecdə görülən işləri yüksək qiymətləndirib, imtahanların şəffaf və obyektiv keçirilməsini, imtahan prosesində baş verə biləcək bütün neqativ halların qarşısının alınması üçün lazımi tədbirlərin görülməsini təqdir, tələbələrə öz biliklərini ifadə etmək üçün yaradılan şəraitdən məmnunluq ifadə ediblər. Payız semestrinin imtahan sessiyasında tələbələrin imtahan nəticələrinin qiymətləndirilməsində olan şikayətlərinin araşdırılması və düzgün qiymətləndirilməsini təmin etmək məqsədilə 6 nəfərdən ibarət Apelyasiya Komissiyası, 5 nəfərdən ibarət İmtahan Qərargahı yaradılıb.

 

Payız semestrinin imtahan sessiyası Tədris şöbəsinin İmtahan  qrupu tərəfindən idarə olunub. Apelyasiya Komissiyasının və İmtahan Qərargahının əlaqə telefonları bütün tələbələrə elan edilib, kollecin saytında və facebook səhifəsində yerləşdirilib.

 

ADPU-nun rektoru  professor Cəfər Cəfərov, Tədris işləri üzrə prorektor Eldar Aslanov və Tədris departamentinin rəhbəri Sənan Əliyev   Azərbaycan Dövlət Pedaqoji Kollecində keçirilən imtahan prosesini müşahidə edib, imtahanlar üçün yaradılmış işçi qruplarının işi ilə tanış olaraq öz rəy və təkliflərini veriblər.

 

İmtahan Qərargahının rəhbəri Nigar Şirəliyevanın verdiyi məlumata görə, yanvarın 3-dən  fevralın 2-dək qərargaha ümumilikdə 173 nəfər  müraciət edib, müraciətlər diqqətlə araşdırılıb. İmtahanlarla bağlı edilən 148 müraciətin 125-i tələbələrin xeyrinə həll edilib, 48 müraciət isə əsassız hesab edilib.

 

Apelyasiya Komissiyasının sədri Akif Əliyevin verdiyi məlumata görə, yanvarın 3-dən fevralın 2-dək komissiyaya ümumilikdə  1241 müraciət daxil olub. Bu müraciətlər araşdırılıb, onlardan 443-ü tələbələrin xeyrinə həll edilib, 798 müraciət isə əsassız sayılıb.

 

Həmçinin valideynlərlə əlaqənin yaradılmasına, təhsil ekspertlərinin və kütləvi informasiya vasitələri nümayəndələrinin kollecdə olaraq imtahan prosesini izləmələrinə xüsusi diqqət yetirilib.