Böyük Britaniyanın London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin məzunu,  Azərbaycan Elm Assosiasiyasının həmsədri, gənc tədqiqatçı İnqilab Şahbazov və BDU-nun "Cinayət hüququ"  kafedrasının müəllimi, dosent əvəzi, bir sıra elmi məqalələrin müəllifi Elsevər Muradov Azərbaycan elmində yeniliyə imza atıblar.  Onların birlikdə qələmə aldığı ''Excessive use of pre-trial detention in Azerbaijan: Examination of the causes'' adlı məqalə  hüquq və kriminologiya elmləri sahəsində yüksək nüfuza malik "International Journal of Crime, Law and Justice"  elmi jurnalında dərc edilib.   Hollandiyada yerləşən jurnalın impakt faktoru 0,658 (5-illik impakt faktor isə 0,724) təşkil edir. Məqalə  yüksək nüfuzlu jurnallarda Azərbaycanın ədliyyə sistemi barədə ilk  elmi-tədqiqat işi kimi tarixə düşüb. Məqalədə həbs qətimkan tədbirinin normadan artıq istifadəsi, bunun səbəbləri və həlli istiqamətində bütün dünyada atılan addımlardan bəhs edilir.

 

Elmi tədqiqat işinin yerli və xarici elmi ictimaiyyət üçün bir sıra töhfələri mövcuddur.  Əvvəla, alternativ cəza tədbirlərinin istifadəsinə və problemlərinə dair Azərbaycan dilində material, demək olar, mövcud deyildir ki, bu da araşdırmaçılar, hüquq elmləri üzrə təhsil alan tələbələr və ümumiyyətlə, hüquq-mühafizə sahəsində çalışanlar üçün problem hesab edilir. Yalnız azsaylı xarici qeyri-hökümət təşkilatlarının bu barədə apardıqları kiçik şkalalı, əsasən, hüququn digər sahələrinə dair hesabatlarında alternativ cəza tədbirlərinin istifadəsi və problemləri barədə müəyyən, ancaq məhdud mülahizələrə rast gəlmək olar. Hesabatların ingilis dilində olması isə həmin materialları ingilis dilini kifayət qədər yüksək səviyyədə bilməyən Azərbaycan vətəndaşları üçün əlçatmaz edir. Məhz bu nöqteyi-nəzərdən, bu elmi tədqiqat işi Azərbaycan elmi ictimaiyyəti üçün yenilik sayılır.

 

İnqilab Şahbazov: "Xarici elmi ictimaiyyət üçün də apardığımız tədqiqat işinin elmi əhəmiyyəti var. Belə ki, kriminologiya və hüquq ədəbiyyatına nəzər yetirdikdə, alternativ cəza tədbirlərinin istifadəsinə və problemlərinə dair araşdırmaların əksəriyyətinin inkişaf etmiş (Böyük Britaniya, ABŞ, Almaniya və s.) və etməkdə olan bəzi ölkələri (Türkiyə, Şərqi Avropa dövlətləri və s.) əhatə etdiyini görə bilərik. Sosial, iqtisadi, mədəni, tarixi və qanuni xüsusiyyətlərinə görə adıçəkilən ölkələrdən əhəmiyyətli dərəcədə fərqlənən Azərbaycanın ədliyyə sistemi haqqında isə hər hansı araşdırmaya (ingilis dilində) demək olar ki, rast gəlinmir. Məhz bu prizmadan yanaşaraq hesab edirik ki, araşdırmamız qlobal elmi ictimaiyyətə Azərbaycanın ədliyyə sistemi barədə müəyyən informasiya təmin edərək, bu istiqamətdə mühüm rol oynayacaq".

 

Hazırda bir neçə kriminoloji və sosioloji araşdırma layihələri aparan İnqilab Şahbazov yaxın gələcəkdə daha bir neçə məqalənin yüksək nüfuzlu jurnallarda nəşr edilməsini hədəfləyir.

 

Elmi məqalə ilə daha ətraflı www.sciencedirect.com/science/article/pii/S1756061618302787 səhifəsində tanış olmaq olar.

 

 

Oruc MUSTAFAYEV