Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı fevralın 20-22-də Rusiya Federasiyasının Xantı-Mansi Muxtar Dairəsində keçirilən “Neft Paytaxtı” Beynəlxalq Gənclər Elmi-Praktiki Forumunda və tədbir çərçivəsində təşkil olunan Fərman Salmanov adına I Beynəlxalq akademik neft konqresində iştirak edir. Forum ADNSU-nun əməkdaşlıq etdiyi Yuqorsk Dövlət Universiteti, eləcə də Rusiyanın digər qaz-neft universitetləri və şirkətləri tərəfindən dəstəklənir.

 

ADNSU-nun nümayəndə heyəti Xantı-Mansi şəhərində ali məktəbin görkəmli məzunu Fərman Salmanovun xatirəsinə həsr olunmuş tədbirlərdə iştirak edib. Xantı-Mansi Muxtar Dairəsinin qubernatoru Natalya Vladimirovna Komarovanın iştirakı ilə keçirilən konfransın açılışında professor Mustafa Babanlı təbrik nitqi söyləyib.

 

Fevralın 21-də ADNSU-nun rektoru, professor M.Babanlı “Gələcəyin təhsili: Neft sənayesi üçün kadrların hazırlanmasında perspektiv təcrübə” adlı plenar iclasın moderatoru olub. Rektor M.Babanlı eyni zamanda “Azərbaycan Dövlət Neft və Sənaye Universitetində tədris prosesinin təşkilinin innovativ modeli” mövzusunda məruzə  edib.