Xətai rayon Mərkəzi Kitabxanasında 21 fevral - Beynəlxalq Ana Dili Günü ilə əlaqədar “Yaşa dilim–Ana dilim” başlığı altında tədbir  keçirilib. Tədbirdə ümummilli lider Heydər Əliyevin Azərbaycan dili haqqında söylədiyi fikirlərdən ibarət videoçarx nümayiş olunub. BDU-nun müəllimi Şəhla Yəhyazadə Azərbaycan dilinin ahəngi, rəvanlığı, səlisliyi və musiqililiyi ilə dünya dilləri arasında özünəməxsus yer tutduğunu söyləyib. 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi Xalq folkloru dərnəyinin rəhbəri Güllü Nuriyeva və 260 nömrəli tam orta məktəbin şagirdləri ana dilimiz haqqında fikirlər söyləyib, şeirlər səsləndiriblər. Bildirilib ki, dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm vasitədir. Hər bir kəs öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Odur ki, dilimiz olmasa, biz çox şeydən təcrid olunarıq.

 

Sifai SƏFƏROVA