Tədbir çərçivəsində “Xocalı soyqırımı” adlı sərgi ilə tanışlıq olub


Xalq Təhsili Muzeyində 22 fevral 2019-cu il tarixdə Xocalı soyqırımına həsr olunmuş anım mərasimi keçirilib.  Mərasimdə Xocalı şəhər 2 nömrəli, Bakı şəhər 202 nömrəli tam orta məktəblərin müəllim və  şagirdləri, Respublika Uşaq Gənclər İnkişaf Mərkəzinin, Nəsimi rayon 5 nömrəli UGİM-in dərnək üzvləri iştirak ediblər Anım mərasimini giriş sözü ilə muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi L.H.Bayramova açaraq Xocalı soyqırımı zamanı baş vermiş hadisələrdən danışıb, erməni vandalizminin insanlığa qarşı törətmiş olduğu bu soyqırımı aktını qətiyyətlə  pisləyib. Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Muzeyin Elmi-kütləvi iş şöbəsinin böyük elmi işçisi Z.Orucova “XX əsrin faciəsi”  adlı məruzə  edib. Sonra Xocalı şəhər 2 nömrəli tam orta məktəbinin müəllimləri - soyqırımın canlı şahidləri Cəfərova Səidə, Məmmədova Sevda, Mirzəyev Camal xatirələrini danışıblar.

 

Xocalı şəhər məktəblilərinin, respublika UGİM, Nəsimi  rayon 5 nömrəli UGİM-in dərnək üzvlərinin ifasında Xocalı soyqırımına həsr olunmuş ədəbi-bədii kompazisiyalar və vətənpərvərlik mövzusunda mahnılar mərasim iştirakçılarını duyğulandırəb. Anım mərasiminin  sonunda  Xocalı soyqırımını əks etdirən slayd nümayiş etdirilib .

 

Tədbir iştirakçıları Xalq Təhsili Muzeynin sənəd və materialları, UGİM-in dərnək üzvlərinin rəsmləri əsasında təşkil edilmiş “Xocalı soyqırımı” adlı  sərgi ilə tanış olublar.