ADNSU-da soyqırımı qurbanları anılıb


Fevralın 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

 

Tədbiri giriş sözü ilə açan ADNSU-nun rektoru, professor Mustafa Babanlı tarixin müxtəlif dövrlərində erməni millətçilərinin Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərdən danışıb. Xocalı soyqırımının insanlığa qarşı törədilən cinayətlər arasında xüsusi amansızlığı ilə seçildiyini qeyd edən rektor 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda dinc sakinlərə qarşı törədilmiş qətl-amın dünya miqyasında bəşəriyyətə qarşı cinayət kimi tanıdılmasının əhəmiyyətini vurğulayıb və bu işdə gənc nəslin fəal iştirak etməli olduğunu bildirib.

 

Millət vəkili, ADNSU-nun kafedra müdiri, professor Hüseynbala Mirələmov Xocalı soyqırımının Azərbaycan xalqının sağalmayan yarası, qan yaddaşı olduğunu vurğulayıb. Millət vəkili  Xocalı soyqırımına hüquqi qiymət verilməsi istiqamətində Azərbaycan Respublikasının apardığı təbliğat işləri, xüsusilə də Heydər Əliyev Fondunun təşəbbüsü ilə illərdir ki, aparılan “Xocalıya ədalət” kampaniyası sayəsində dünya ictimaiyyətinin Xocalı faciəsi haqqında məlumatlılıq səviyyəsinin əhəmiyyətli dərəcədə artdığını qeyd edib.

 

ADNSU-nun “İctimai fənlər” kafedrasının müdiri, professor Camal Mustafayev  çıxışında erməni millətçilərinin Azərbaycan torpaqlarına olan ərazi iddialarından, xəyanətlərindən danışıb və tarixi xronolji hadisələri təhlil edib.