Azərbaycan Texnologiya Universitetində Xocalı faciəsi qurbanlarını anma tədbiri keçirilib.

 

Əvvəlcə UTECA kollektivi universitetin həyətindəki “Şəhidlər abidəsi” önünə gül dəstələri qoyub.  Sonra Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.

 

Tədbiri giriş sözü ilə açan universitetin rektoru, professor Akif Süleymanov bildirib ki, Xocalı faciəsi XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş Xatın, Xirosima, Holokost faciələri ilə bir sırada durur. Belə ki, 27 il əvvəl bir gecənin içində qədim Xocalı şəhəri yerlə-yeksan edilib. Şəhəri tərk etməyə məcbur olan əhali yollar nəzarətə götürüldüyündən dağlara, meşələrə qaçıb. Hər tərəfdə silahlı ermənilər dinc əhalini güllələyib, onlara amansız divan tutub.

 

Xocalı sakini Nəsimi Məmmədov çıxış edərək qarlı fevral gecəsində yüzlərlə soydaşımızın soyuqdan donaraq və düşmən gülləsinə tuş gələrək şəhid olduğunu, o gecə öldürülən yüzlərlə insandan 56 nəfərin xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirildiyini deyib.

 

Çıxış edənlər qeyd ediblər ki, Azərbaycan xalqı Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır.

 

Tədbir UTECA tələbələrinin ifasında ədəbi-bədii kompozisiya ilə davam edib.