ADPU-da Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb


Fevralın 25-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) təhsil alan Türk Tələbələrin İdarə Heyətinin təşəbbüsü ilə Xocalı soyqırımının iyirmi yeddinci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Anım mərasimindən öncə universitetdə qanvermə aksiyası təşkil olunub.

 

Rəsmi və bədii hissədən ibarət olan anım tədbirində ADPU-nun Tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov, Elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov, Sosial və humanitar məsələlər üzrə prorektor, professor Fikrət Rzayev, Beynəlxalq əlaqələr üzrə prorektor Nigar Abbaszadə, Tədris Departamentinin direktoru, dosent Sənan Əliyev, fakültə dekanları, kafedra müdirləri, müəllim və tələbələr iştirak ediblər.

 

Anım mərasimini  açan Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov universitetin rəhbərliyi adından tədbirin təşkilatçılarına təşəkkür edib. Prorektor E.Aslanov qeyd edib ki, Xocalı soyqırımı yalnız Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilmiş ağır hərbi cinayətdir. Hər il fevral ayında həm Azərbaycanda, həm də dünyanın bir çox ölkələrində Xocalı soyqırımına həsr edilmiş müxtəlif tədbirlər keçirilir. Məqsəd dünya ictimaiyyətinin diqqətini yenidən Xocalı faciəsinə yönəltməkdir. Ermənilər öz havadarlarının köməyi ilə Xocalı soyqırımını törətməklə xalqımızı müstəqillik uğrunda mübarizədən yayındırmaq, onun azadlıq ruhunu məhv etmək istəyirdilər. Lakin xalqımız bu faciədən əyilmədi, sınmadı, sarsılmadı və öz müstəqilliyi, dövlətçiliyi uğrunda apardığı mübarizəni daha əzmlə, daha qətiyyətlə davam etdirdi. Azərbaycan inkişaf etdi, gücləndi, bütün dünyada layiqincə tanındı. İnanırıq ki, ölkə rəhbərliyinin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində işğal olunmuş torpaqlarmız azad ediləcək. 

 

Türk Tələbələrin İdarə Heyətinin sədri Hakan Köse çıxışında bildirib ki, türk gəncliyi xalq və Vətən uğrunda mübarizəyə həmişə hazırdır.

 

Tədbirdə Xocalı faciəsi ilə bağlı videoçarx təqdim edilib, müxtəlif fakültələrdə təhsil alan tələbələr şeirlər söyləyiblər.