Bakı Dövlət Universitetinin “SABAH” qrupunun Fizika və biologiya fakültəsinin III və IV kurs tələbələri AMEA Biofizika İnstitutunda təcrübə keçirlər.

 

Məqsəd tələbələrin təhsil aldıqları müddətdə əldə etdikləri bilikləri təcrübi olaraq təkmilləşdirmələri, elmi-tədqiqat işlərini sərbəst şəkildə yerinə yetirmə vərdişlərinin formalaşdırılması və gənclərin elmə marağını stimullaşdırmaqdır.

 

Təcrübə dövründə Gənc alimlər və mütəxəssislər şurasının sədri, “Ekoloji biofizika” laboratoriyasının böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru  Ruhiyyə  Quliyeva tələbələri institutun  laboratoriyalarında aparılan elmi-tədqiqat işləri, müasir avadanlıqların iş prinsipi ilə yaxından tanış edir, onlara mühazirələr keçir və apardığı elmi-praktik təcrübələri əyani nümayiş etdirir.

 

Qeyd edək ki, tələbələr üçün təcrübəkeçmə planı AMEA prezidenti, akademik Akif Əlizadənin “SABAH qruplarında təhsil alan tələbələrin AMEA-nın elmi müəssisələrində təcrübə keçməsi haqqında” 24 yanvar 2019-cu il tarixli 42 №-li Sərəncamına əsasən həyata keçirilir.