Yarışma İ.A. Krılovun 250 illik yubileyi münasibətilə keçirilib


Firidun Köçərli adına Respublika Uşaq kitabxanasında Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə rus yazıçısı İvan Andreyeviç Krılovun anadan olmasının 250 illik yubileyi münasibətilə “Krılovun təmsilləri” adlı müsabiqə keçirilib.  Tədbirdə 151, 42, 46, 95 nömrəli tam orta məktəblərin, Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksi və Bakı Avropa Liseyinin  şagirdləri, müəllim kollektivi və valideynlər iştirak ediblər.

 

Sonra yazıçının həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub. Bildirilib ki, on dörd yaşında ikən yaradıcılığa başlayan Krılov bir çox satirik əsərlər yazıb və gözəl təmsillərin müəllifi olub. Böyük şair A.S.Puşkin, məşhur tənqidçi V. Q.Belinski, yazıçı N.V. Qoqol və başqaları onu xalq sənətkarı adlandırıblar. Krılovun ən gözəl tərcüməsini Mirzə Ələkbər Sabir və Abbas Səhhət verib. Bu iki sənətkarın tərcüməsi böyük rus şairini Azərbaycan oxucularına  sevdirib.

 

Qeyd edək ki, iki mərhələdən ibarət olan yarışmada hər məktəb komanda şəklində yarışıb. İlkin mərhələdə komandalar Krılovun təmsillərində olan personajları canlandırıb. Sonuncu mərhələdə isə Krılovun şeirləri səsləndirilib və viktorina keçirilib.  Yekunda I yeri 46 nömrəli tam orta məktəb, II yeri Bakı Avropa Liseyi,  III yeri isə Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksi  tutub və şagirdlərin  hər birinə kitabxana tərəfindən hədiyyələr verilib.

 

 

 Sifai SƏFƏROVA