Dövlət ümumi təhsil müəssisələrində vakant olan direktor vəzifələrinin tutulması üçün elan edilmiş müsabiqənin ilkin yerləşdirmə nəticələri açıqlanıb. 5 dekabr 2018-ci il - 26 yanvar 2019-cu il tarixlərində keçirilən müsahibə mərhələsinin nəticəsinə əsasən, 228 nəfər uğur qazanıb. İlkin yerləşdirmə nəticəsində 104 nəfər müvafiq ümumi təhsil müəssisəsinin direktoru vəzifəsinə təyin olunub və onlarla əmək müqaviləsi bağlanılıb.

 

 

“Bu dəfə komissiyanı yaxşı direktor olacağıma inandırdım”

 

 

Vəzifəsinin icrasına başlayanlardan biri Murad Kərimovdur. O, artıq Biləsuvar rayon Əmənkənd kənd tam orta məktəbinin direktorudur: “2006-cı ildə Azərbaycan Dillər Universitetini bitirdikdən sonra şəhid Eyvaz Kərimov adına Əmənkənd kənd tam orta məktəbində pedaqoji fəaliyyətə başladım. Müəllim kimi məktəbdə qazandığım uğurların nəticəsi olaraq, 2015-ci ildə tədris işləri üzrə direktor müavini təyin olundum. Direktor kimi isə 2017-ci ilin iyun ayından vəzifə başındayam. Bu yer 2017-ci ildən vakant olduğu üçün vəzifənin icrası elə o vaxtdan mənə həvalə olunub”.

 

Murad müəllim ona həvalə olunan vəzifəyə layiq olduğunu təsdiq etmək üçün iki dəfə imtahan verib: “Əvvəlcə dövlət ümumi təhsil müəssisələrində vakant olan direktor vəzifələrinin tutulması üçün 2018-ci ildə keçirilən müsabiqəyə qatıldım. İlk mərhələdə uğur qazansam da, müsahibə mərhələsindən keçə bilmədim.

 

Bu dəfə isə test mərhələsində qazandığım uğuru müsahibə mərhələsində komissiyadan müsbət rəy alaraq təsdiqlədim. Məndən yaxşı direktor olacağına bu dəfə onları inandıra bildim”.

 

M.Kərimov deyir ki, direktoru olduğu məktəb onun üçün doğmadır. Çünki pedaqoji fəaliyyətə də, vəzifə pillələrində yüksəlməyə də buradan başlayıb: “Şəhid Eyvaz Kərimov əmimin nəvəsidir. Onun adını daşıyan bu məktəbdə birinci sinfə getdim, ilk dəfə müəllim kimi sinfə girdim, vəzifəyə yüksəldim. Məni yüksəldən bu məktəbin adını, nüfuzunu qaldırmaq həm mənəvi, həm də vəzifə borcumdur. Artıq rəhbəri olduğum bu məktəbin müasir təhsil standartlarına uyğun təhsil müəssisəsinə çevrilməsi üçün əlimdən nə gəlirsə edəcəyəm. Özü də buna indiyədək bir yerdə çalışdığım, məni yetişdirən bu kollektivlə birlikdə nail olacağam”.

 

İcra etdiyi bir vəzifəyə yalnız ikinci cəhddə təsdiqlənməyi bacaran direktor bunu əməyinin, öz üzərində işləməyinin nəticəsi hesab edir:  “Öz  üzərimdə  işlədim və sübut etdim ki, bu vəzifəyə layiqəm. Bundan sonrakı mərhələdə isə bir direktor kimi uğur qazanmağa, məktəbimi sayılıb-seçilənlər sırasına qatmağa iddialıyam”.

 

 

“Direktorluqda da uğur qazanmaq mənim üçün çətin olmayacaq”

 

 

Direktorluqda bu gün ilk günü olan Hicran müəllim isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialından yenicə məzun olub. Bəs, necə olub ki, 2014-2015-ci tədris ilindən ADPU-nun Quba filialında tələbə kimi təhsil almağa başlayan Hicran Şabanova 2019-cu ildə direktor təyin oluna bilib?

 

Əslində, Hicran müəllim düz 16 ildir ki, müəllimdir: “Pedaqoji kolleci ibtidai sinif müəllimliyi ixtisası üzrə bitirəndən bəri, yəni düz 16 ildir ki, müəlliməm. Şagirdlərimi, məktəbi, peşəmi çox sevirəm. İşini sevən insan isə yüksəlməlidir. Həmişə düşünürdüm ki, xidmət sahəmi genişləndirməliyəm. Bütün peşə sahibləri kimi, öz işimdə növbəti pillələrə qalxmaq istəyirdim. Bacarığım, potensialım olduğu halda daha çox iş görməyimə təhsilimin mane olmasına imkan verə bilməzdim. Bu, bir yandan da təhsildə yeniliklərdən xəbərdar olmağım, müasir təhsil standartları ilə təkmilləşməyimdə də mənə kömək olacaqdı. Odur ki, ali təhsil almağa qərar verdim”.

 

 

Qərarlığı, məqsədyönlülüyü, iddiası sayəsində Xaçmaz rayon Arzu qəsəbə tam orta məktəbin ibtidai sinif müəllimi Hicran Şabanova Xaçmaz rayon Xudat şəhər 2 nömrəli tam orta məktəbin direktoru oldu. Özü də elə ilk cəhddəcə: “Direktorluğa imtahan verdim. Elə namizədlərə rast gəldim ki, artıq üçüncü dəfə müsabiqəyə qatılmışdı. Mən isə ilk cəhddəcə bu vəzifəyə layiq görüldüm. Özü də rəqabəti çox olan, namizədlərdən yüksək göstərici tələb edən bir məktəbə”.

 

Hicran müəllimin bundan sonrakı planlarına, atacağı addımlara gəlincə: “Müasir təhsilin, cəmiyyətin məktəbdən nə gözlədiyini bilirəm. Ölkəmizdə təhsil siyasətinin öncəlik verdiyi məsələlərə də yaxşı bələdəm. Məktəbin və bir direktor olaraq mənim üzərimə nə düşdüyünü bildikdən sonra direktorluqda da uğur qazanmaq mənim üçün çətin olmayacaq”.

 

 

Ruhiyyə DAŞSALAHLI