Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsinin akt zalında 8 Mart- Beynəlxalq Qadınlar Gününə  həsr edilmiş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov universitetdə çalışan bütün xanım əməkdaşları və tələbələri 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib. Qeyd edilib ki,  ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan ümummilli lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşıb. Dahi rəhbər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırıb. Bu gün həmin siyasətin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi isə Azərbaycan qadınlarının məsuliyyətini daha da artırır. Vurğulanıb ki,  Naxçıvan Muxtar Respublikası da bu gün ölkəmizdə həyata keçirilən Heydər Əliyev siyasətinin  ruhuna uyğun olaraq, qadınların dövlət aparatlarında, seçkili və seçkisiz orqanlarda irəliyə çəkilməsi, onların potensialından istifadə olunması siyasətinə sadiqliyini ortaya qoyur.

 

“Orkestr alətləri və dirijorluq” kafedrasının baş müəllimi, Azərbaycan Respublikasının Əməkdar artisti Gülyanaq Fərzəliyeva bildirib ki, Azərbaycan qadını öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyəti ilə hər zaman xalqımızın adını uca tutub, eyni zamanda tariximizin bütün dövrlərində xalqımızın taleyüklü məsələlərinin həll edilməsinə öz sanballı töhfələrini veriblər. Diqqətə çatdırılıb ki, bu gün universitetimizdə də bir çox vəzifələrə qadınların irəli çəkilməsi muxtar respublikada qadın siyasətinin ən bariz nümunəsi sayıla bilər.

 

Tədbir İncəsənət fakültəsinin təşkil etdiyi konsert proqarmı ilə davam edib. Qadınlara həsr edilən bədii qiraət nümunələri, rəqslər tədbirə xoş ovqat bəxş edib.