Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva Lerik, Astara, Lənkəran, Yardımlı, Masallı rayonlarında olub


Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva cənub bölgəsində səfərdədir. Səfərdə məqsəd bölgənin rayonlarında təhsilin vəziyyəti və tədris prosesi ilə yaxından tanış olmaqdır. Nazir müavini səfər çərçivəsində əvvəlcə Lerik rayonunda olub. Martın 4-də rayonun Hamarmeşə kənd tam orta, Peştətürk kənd ibtidai məktəblərinə, şəhər 1 nömrəli texniki fənlər təmayüllü liseyə və şəhər 3 nömrəli tam orta məktəbə baş çəkən nazir müavini adıçəkilən təhsil müəssisələrinin pedaqoji kollektivləri ilə görüşüb, dərs prosesini izləyib, şagirdlərin oxu bacarığı və mütaliə vərdişləri ilə tanış olub. Məhəbbət Vəliyeva həmçinin həmin məktəblərin 11-ci siniflərində təhsil alan şagirdlərlə görüşüb, onlara peşə seçimi və fənn olimpiadalarının əhəmiyyətindən danışıb. Nazir müavini eyni zamanda Lerik şəhər 3 nömrəli tam orta məktəbdə rayonda yerləşən təhsil müassisələrinin rəhbərləri ilə görüşüb. Görüşdə təhsil sahəsində son illər aparılan islahatları diqqətə çatdıran Məhəbbət Vəliyeva məktəb rəhbərlərinə bir sıra göstəriş və tövsiyələr verib. Nazir müavini ümumi təhsil müəssisələrində müvafiq təhlillərin aparılmasının və həmin təhlillərdən nəticə çıxarılmasının önəmini xüsusi vurğulayıb.

 

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva cənub bölgəsinə səfəri çərçivəsində Astarada olub. Nazir müavini rayonun Qapıçıməhəllə kənd ümumi orta, Təngərüd tam orta və Astara şəhər 1 nömrəli tam orta məktəblərinə baş çəkib. Qapıçıməhəllə kənd ümumi orta məktəbində əlavə məşğələlərdə iştirak edən Məhəbbət Vəliyeva bu kimi məşğələlərin əhəmiyyətindən söz açıb.

 

Nazir müavini baş çəkdiyi məktəblərin pedaqoji kollektivləri ilə görüşüb, təhsil işçilərinin peşəkarlıq səviyyəsinin artırılmasının vacibliyinə toxunub. Astara şəhər 1 nömrəli tam orta məktəbdə rayonun ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüşən nazir müavini məktəblərin fəaliyyətinin mövcud tələblərə uyğun şəkildə yaxşılaşdırılmasına dair tapşırıq və tövsiyələrini verib. Bu istiqamətdə məktəb rəhbərlərinin üzərinə mühüm vəzifələr düşdüyünü diqqətə çatdırıb. Hər bir müəllimin daim axtarışda olmasının, işlərini günün tələblərinə uyğun qurmasının vacibliyini qeyd edib. Məktəblərdə metodiki işin təşkili, qiymətləndirmə məsələlərinə toxunan Məhəbbət Vəliyeva təhsil işçilərinə uğurlar arzulayıb.

 

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva cənub bölgəsinə səfəri zamanı Lənkəran şəhərində də olub. Nazir müavini Gərmətük kənd tam orta məktəbinə və şəhər 6 nömrəli məktəb-liseyə baş çəkib, sinif otaqlarının, laboratoriyaların vəziyyəti ilə tanış olub, tədris prosesini izləyib. Lənkəran şəhər 5 nömrəli tam orta məktəbdə təhsil ocağının uğur qazanmış idmançıları ilə görüşən Məhəbbət Vəliyeva 7-ci sinifdə şagirdlərə Seyid Əzim Şirvani yaradıcılığı ilə bağlı tədqiqat aparmaq üçün tapşırıqlar verib. Daha sonra Məhəbbət Vəliyeva Lənkəran Dövlət Universitetinin akt zalında rayonda fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüşüb, onlara məktəblərdə metodiki işin təşkili, qiymətləndirmə məsələləri ilə bağlı tapşırıq və tövsiyələrini verib. Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva Yardımlı rayonunda da olub. Nazir müavini rayonun Sırıq, Çayüzü, Avaş kənd və şəhər 1 nömrəli tam orta məktəblərinə baş çəkib, təhsil işçiləri ilə görüşüb. Çayüzü kənd tam orta məktəbində məktəbəhazırlıq qrupunda olan Məhəbbət Vəliyeva uşaqlarla söhbət edib. Həmin məktəbdə əyani vəsaitlərlə təşkil olunan fizika dərsində iştirak edən nazir müavini dərsdə müasir təlim metodlarının tətbiqindən məmnun qaldığını bildirib. Şagirdlərlə görüş zamanı onların daha çox müəllimlik peşəsinə maraq göstərmələrindən məmnun qalıb. Məhəbbət Vəliyeva şəhər 1 nömrəli tam orta məktəbdə rayonda fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin rəhbərləri ilə də görüşüb, təhsilin keyfiyyətinin yüksəldilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verib. Sonra nazir müavini rayon təhsil şöbəsinin inzibati binasına baxış keçirib.

 

Nazir müavini Masallı rayonunda da tədris ocaqlarının vəziyyəti ilə tanış olub, təhsil işçiləri, şagirdlər və valideynlərlə görüşüb. Öncə rayonunun 2 saylı Şıxlar kəndində tikintisi davam edən modul tipli məktəbə baxış keçirən Məhəbbət Vəliyeva sonra Qəriblər tam orta məktəbində olub. Masallı şəhər “Dəfinə” məktəb-liseyində də olan nazir müavini burada müəllimlərin şagirdlərlə dərsdən sonra təmənnasız məşğul olmalarını yüksək qiymətləndirib. Bunun əsl müəllim, əsl vətəndaş mövqeyi olduğunu deyib. Digah tam məktəbində də olan nazir müavini sonra valideynlərlə görüşüb. Valideynlərin təkliflərini dinləyən Məhəbbət Vəliyeva onlara məktəb-valideyn işbirliyinin vacibliyindən danışıb. Sonra həmin məktəbdə rayon məktəblərinin direktorları ilə görüşüb, bir sıra məsələlər müzakirə olunub.

 

Nazir müavini Məhəbbət Vəliyeva istər müəllimlərlə, istərsə də direktorlarla görüşlərdə bir çox məsələlərə toxunub. Məktəbəhazırlıq qruplarının əhəmiyyətindən danışan nazir müavini ərazidə yaşayan beşyaşlıların məktəblərə cəlb olunmasının vacibliyini qeyd edib, məktəbəqədər təhsilin icbari olmasa da,  zəruri olduğunu vurğulayıb. Nazir müavini, həmçinin, 2020-ci ildə ölkə üzrə məktəbəhazırlıqla  əhatənin 90 faizə çatdırılmasının  nəzərdə tutulduğunu deyib.

 

Orta ümumtəhsil pilləsinin təhsilin ən əsas, ən vacib sahəsi olduğunu deyən nazir müavini 9-cü siniflərin buraxılış imtahanlarının nəticələrinin önəmindən danışıb. Məktəbin əsas vəzifəsinin vətəndaş yetişdirmək olduğunu, lakin bununla yanaşı keyfiyyətli təhsil verməyin də məktəbin ümdə vəzifəsi hesab edildiyini diqqətə çatdırıb.

 

Məktəblərdə qiymətləndirmə məsələsinə toxunan nazir müavini respublika üzrə nəticələrin də beynəlxalq qiymətləndirmə təşkilatları, məsələn PISA, PIRLS və digərləri tərəfindən aparıldığını və ilbəil nəticələrin yüksəldiyini deyib.

 

Məktəblərin reytinq məsələsindən də söz açan nazir müavini bu reytinqlərin keçirilməsində əsas məqsədin təhsil müəssisələrini rəqabətə cəlb etməklə keyfiyyətin artmasına nail olmaqdan ibarət olduğunu söyləyib.

 

Nazir müavini nazirliyin məktəblərdə tədrisin vəziyyəti ilə bağlı təhlillər apardığını, bu təhlillərin bir sıra məsələləri aşkara çıxardığını da bildirib: “Bu təhlillərdən nəticə çıxaran məktəblər də var, nəticə çıxarmayan məktəblər də. Elə məktəblər var ki, nəticələri get-gedə daha da pisləşir. Bu, həmin məktəblərin rəhbərlərinin məsuliyyətsizliyini, işə laqeyd yanaşmasını göstərir”.

 

Məktəblərdə keçirilən monitorinqlərə də toxunan nazir müavini bunun yaxşı hal olduğunu, lakin monitorinqlərin nəticələri təhlil olunmursa bu monitorinqlərin keçirilməsinin heç bir fayda verməyəcəyini deyib. Məktəb rəhbərlərinin hər bir məsələ, göstəricilərlə bağlı təhlillər aparmasını tövsiyə edib.

 

Şagirdlərin ibtidai siniflərdə təhsil alarkən qiymətlərinin yüksək olduğunu, lakin sonralar nəticələrin aşağı düşdüyünü deyən nazir müavini bunun ibtidai sinif müəllimlərinin şişirdilmiş qiymətlər verməsinin nəticəsi olduğunu, bu işə məktəb rəhbərlərinin nəzarət etmələrinin vacibliyini vurğulayıb.

 

“Müəllimlərin tədris prosesinə yanaşması, tətbiq etdikləri müasir təlim texnologiyaları, o cümlədən məktəblərin yerləşdiyi coğrafi ərazinin özünəməxsusluğu, yerlərdə təhsilə olan münasibət bizdə region məktəbləri haqqında təsəvvürün formalaşmasına imkan yaratdı. Təhsil işçiləri ilə söhbətlər zamanı çoxlu sayda faydalı təkliflər aldıq. Bu səfər bizə regionlarla bağlı qərarlar verdikdə çox faydalı olacaq”.

 

Səfər çərçivəsində bir çox məktəblərdə olduğunu deyən nazir müavini bu məktəblərdə ürəkaçan hallara rast gəldiyini qeyd edib. Səfər nəticəsində bölgələrdə təhsilin vəziyyəti ilə yerindəcə tanış olmağın üstünlüklərindən danışıb: “Bu səfər bizdə daha çox təsəvvürlər yaradır”. 

 

Bölgənin təhsil işçiləri, məktəblilər və onların valideynləri təhsil nazirinin müavini Məhəbbət Vəliyevanın ölkəmizin cənub rayonlarına səfərini,  məktəbləri gəzib təhsilin vəziyyəti və tədris prosesi ilə yaxından tanış olmasını, müəllim və şagirdlərlə, təhsil ictimaiyyətinin nümayəndələri ilə görüşməsini razılıq hissi ilə qarşılayıb, bunu Təhsil Nazirliyi rəhbərliyinin onlara göstərdiyi diqqət kimi qiymətləndiriblər.

 

Bunu onların “Azərbaycan müəllimi” qəzetinin əməkdaşına verdikləri qısa müsahibələr də  aydın göstərir:

 

Çiçək Rzayeva - Lənkəran şəhər S.Kazımbəyov adına 6 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi: - Yeniləşən və müasirləşən Azərbaycan təhsili öz ziyası ilə regionları da təsirləndirmişdir. İşlədiyim Lənkəran şəhər S.Kazımbəyov adına 6 nömrəli  tam orta məktəbinə bu ziyanın işığı ilə yanaşdıqda öz məsuliyyətini dərk edən, cəmiyyətin məktəbdən nə gözlədiyini hiss edən bir müəllim kimi  XI sinifin riyaziyyat dərsində təhsil nazirinin müavini Məhəbbət Vəliyevanın iştirakı məndə olan bu sevgini bir daha artırdı. Dərsin ilk dəqiqələrində özümü itirsəm də Məhəbbət xanımın səmimi, öyrədici bir mühit yaratması məni özümə qaytardı. Riyaziyyat dərsimi öz istədiyim şəkildə qurmağa çalışdım. Dərsin canlılığı məni bir daha ruhlandırdı.. Məhəbbət xanım sanki nazir müavini yox, dərsi müşahidə edən ixtisaslı bir müəllim təəssüratını məndə yaratdı. Bir müəllim kimi Məhəbbət xanıma məktəbimizə, mənə olan diqqətinə görə minnətdarlıq edirəm.

 

Xoşgül Babayeva - Lənkəran şəhər R.Məmmədov adına 5 nomrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi: - Təhsil nazirinin muavini Məhəbbət Vəliyevanın Cənub bolgəsinə, xüsusən də doğma şəhərimiz Lənkərana gəlişi təhsil işcilərinə yeni bir stimul verdi. Məhəbbət xanimin dərsimdə iştirakı məni daha çox sevindirdi. Çünki bir müəllim kimi nə qədər öyrənsəm də təhsildə aparılan islahatlarla bağlı yeni tövsiyələrə, məsləhətlərə həmişə ehtiyacım olub.Məhz bu baxımdan Məhəbbət xanımın dərsimdə iştirakı və  verdiyi tövsiyələr məndə böyük ruh yüksəkliyi yaratdı. 26 il iş təcrübəsi olan bir müəllim kimi həmişə yeniliklər axtarışında olmuşam.Məhəbbət xanımın şagirdlərlə səmimiliyi, fərdi yanaşma tərzi gələcək fəaliyyətimdə örnək olacaq, işlərimin günün tələblərinə uyğun qurulmasında mühüm rol oynayacaq.

 

Həbib Əlizadə - Astara rayonu Qapıçıməhəllə kənd ümumi orta məktəbinin tarix müəllimi: - Nazir müavini Məhəbbət  Vəliyevanın məktəbimizə qonaq gəlməsi, şagirdlərlə və müəllimlərlə görüşü bizim üçün bir ilk idi və əla keçdi . Dərsdən sonra qeyri-formal tədris fəaliyyətlərimizlə tanış olması və bunun vətənə xidmət olmasını qeyd etməsi şəxsən mənim üçün yaxşı motivasiyadır. Məhəbbət xanım həmçinin 7-ci sinif şagirdimiz Elnurun yaradıcılığı ilə tanış oldu. Elnurun kartondan məhdud imkanlarla vertolyot, hərbi texnika maketlerini görən Məhəbbət xanım ona lego dəstini göndərəcəyini və Elnuru daha yaxşı gələcəyi üçün Bakıya apara biləcəklərini deməsi şagirdimiz üçün möhtəşəm sürpriz xəbər idi. Elnur deyir ki, gələcəkdə kompüter mühəndisi olmaq istəyir və dünənki görüşün və dəstəyin sevincini yaşayır. Müəllimlərimizlə də səmimi həmsöhbət olan nazir müavini məktəbimizdən pozitiv ayrıldığını dedi.

 

Ülkər Əlicanova - Lerik rayon Hamarmeşə kənd tam orta məktəbinin müəllimi: - Nazir müavininin səfəri ilə bağlı təəssüratlarım  çox yaxşıdır. Heç vaxt ağlıma gəlməzdi ki, nazir müavini mənim dərsimdə iştirak edər. Bu, mənim üçün ən yaxşı sürpriz idi. Məhəbbət Vəliyevanın ucqar kənd məktəblərində olması, bizim problemlərimizlə maraqlanması, dəyərli tövsiyələr verməsini çox yüksək qiymətləndirirəm.

 

Taleh Əkbərov - Masallı rayonu “Dəfinə” liseyinin direktoru: - Martın 6-da təhsil nazirinin  müavini Məhəbbət Vəliyeva bizim “Dəfinə” liseyinə gəldi, tədris prosesi ilə tanış oldu, tədrisin vəziyyətindən razılığını bildirdi. Nazir müavininin məktəbimizdə olması xoş təsir bağışladı, kollektivin hər bir üzvünü uğurlu fəaliyyətə motivasiya etdi. Məhəbbət xanımın liseyimizə gəlişini cənab nazirimizin məktəbimizə qayğısı kimi qəbul edir və minnətdarlığımızı bildiririk.

 

 

Niyazi RƏHİMOV