Kodlaşdırmada ilk addım


Bakıda 12, Gəncədə 1 olmaqla 13 məktəbdə “Kod saatı”dır. “Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində qurulmuş İKT siniflərinin nəzdində keçirilən bu aksiyada bütün məktəblər üzrə 8-14 yaşlı uşaqların iştirakı təmin edilib. 3 mərhələdə keçirilməsi nəzərdə tutulan aksiyanın hələlik ilk mərhələsi reallaşdırılıb. Digər iki mərhələ martın 23-də və 30-da keçiriləcək.

 

Bəs, “Kod saatı” nədir?

 

2013-cü ildən bəri dünyada təşkil edilən “Kod saatı”  insana 1 saat ərzində kodlaşdırmanın təməlini öyrətməyin mümkün olduğunu təsdiq etmək məqsədi ilə düşünülmüş bir aksiyadır. Dünyada qısa müddətdə məşhurlaşandan sonra Azərbaycanda da sınaqdan çıxarılıb. İlk dəfə 2017-ci ildə “Microsoft Azərbaycan” və Təhsil Nazirliyi tərəfindən birgə həyata keçirilib. Bu ildən isə aksiyanın əhatə dairəsi və miqyası genişləndirilib.

 

 

12 məktəbdən biri

 

 

Bakıdakı 12 məktəbdən biri – Bakı şəhəri 6 nömrəli məktəb-liseydə səhər saat 11-dən başlanan “Kod saatı”na  60-a yaxın şagird qatılıb. Valideynləri, yaxud müəllimləri ilə gələn şagirdlər biri-birini əvəz edir, kompüterlərdə boş yer olmayanda qonşu otaqda gözləyirlər.

 

“Kod saatı”nın bələdçiləri - müəllimlər onlarla fərdi və ya qrup şəklində məşğul olurlar. Alqoritmika şirkətinin əməliyyatlar üzrə direktoru Teyla Yaqubova və 6 nömrəli məktəb liseyin İnformatika və Alqoritmika müəllimi Rəna Kazımova uşaqların diqqətini cəlb etməyə, tapşırıqlar üzrə cavabları məhz uşaqlardan almağa çalışır, verdikləri suallarla uşaqları tapşırıqların həlli yolunu tapmağa yönləndirirlər. Yeri gəlmişkən, şagirdlər 1 saat içərisində 18 tapşırıq yerinə yetirirlər.

 

Şagirdlər bir saat ərzində valideynlərinin iştirakı ilə kodlaşdırmada ilk addımlarını atırlar. Hər şagird ona ayrılan 1 saata qədər vaxt ərzində kompüterdə oyun kodlaşdırır, balığı, pişiyi, robotu yerindən tərpədir, müxtəlif istiqamətlər üzrə hərəkət etdirirlər.

 

 

“Rəqəmsal bacarıqlar” genişləndirilir

 

 

“Rəqəmsal bacarıqlar” layihəsinin rəhbəri Fəxri Qurbanov “Azərbaycan müəllimi” qəzetinə açıqlamasında bildirib ki, “Kod saatı” bütün məktəblərdə şagirdlərin diqqətini proqramlaşdırmaya cəlb etmək məqsədi ilə təşkil edilib: “Kod saatı” sadəcə “Rəqəmsal bacarıqlar” layihəsinin icra olunduğu Bakıdakı 65 məktəbdə, Gəncədə 6 və Biləsuvarda milli qəhrəmanımız Mübariz İbrahimov adına liseydəki deyil, digər məktəblərin şagirdlərinin diqqətini cəlb etmək məqsədi daşıyır. Novbəti tədris ilindən layihənin miqyası genişləndiriləcək. Nəticədə layihə daha çox şəhərdə daha çox məktəbi əhatə edəcək. Ona görə də biz valideynlərin və şagirdlərin diqqətini cəlb etmək istəyirik. Dünyada yeni trend budur ki, gələcəkdəı peşə seçimindən asılı olmayaraq, öz sahəsində bilik və bacarıqlara nail olmaqdan savayı İKT bacarıqlarına yiyələnmək hər insan üçün zəruri olacaq. Bütün məktəblilərimiz kompüter proqramçısı olmasa da, onların İKT bacarıqlarının formalaşması gələcəkdə seçəcəkləri peşədə uğur qazanmaları ehtimalını təmin edəcək”.

 

F.Qurbanovun sözlərinə görə, “Rəqəmsal bacarıqlar” layihəsi növbəti ildən IV-VIII siniflərdə də tədris ediləcək: “Büdcə nəzərə alınmaqla layihənin daha geniş miqyasda uğurla tətbiq edilməsinə nail olmağa çalışırıq. Düşünürük ki, bu sahədə marağı olan şagirdlər üçün növbəti ildən məktəbdənkənar təhsil müəssisələrində “Rəqəmsal bacarıqlar” dərnəkləri yaradaq. Apardığımız söhbətlər əsasında müəyyənləşdirmişik ki, bu təşəbbüsümüz də valideynlər tərəfindən dəstəklənir”.

 

 

“Bu yaşda uşaqlar daha həvəsli, öyrənməyə meyilli olurlar”

 

 

91 nömrəli tam orta məktəbin informatika müəllimi Zülfiyyə Nazarova informatika fənni üzrə hazırda icra olunan bütün layihələrə qoşulduğunu deyir. “Kod saatı”na isə 6 şagirdini gətirib: “Vaxt barədə məlumat vermişik. Qatılmaq istəyən şagirdlərimizi valideynləri gətirəcək. Şagirdlərim “code.org” saytı ilə tanışdır. Onlara mütəmadi olaraq bu saytdan tapşırıqlar işləməyi başa salmışam. Həm oyun, həm də alqotitm qurmağı, proqramlaşdırmağı öyrəndikləri  bir saytdır. Boş vaxtlarında, oyun oynamaq istəyəndə məhz bu saytda məşğul olurlar. Ona görə də “Kod saatı” layihəsi bizim uşaqlar üçün yeni olmayacaq. Məktəbimizdə informatika üzrə təmayüllü siniflər təşkil edilib. Həmin siniflərdə həftədə 5 saat proqramlaşdırma dili keçirik. Təhsil Nazirliyinin BP şirkəti ilə birgə layihəsidir. Orta məktəblərdə informatika fənninin səviyyəsinin qaldırılması məqsədi ilə icra edilən bu layihə ölkə üzrə 30 məktəbdə icra olunur. Həmin məktəblərdən biri də bizim məktəbdir”. 

 

Zülfiyyə müəllim “Rəqəmsal bacarıqlar” layihəsinin onların məktəbində də həyata keçirilməsi arzusundadır: “Alqoritmika V sinifdən proqramlaşdırmadır. Bu yaşda uşaqlar daha həvəsli, daha maraqlı, öyrənməyə meyilli olurlar”.

 

 

“İstəyirəm oğlumuz marağı olan sahədə özünü inkişaf etdirsin”

 

 

Ülviyyə Rəhimovanın uşaqları 49 nömrəli tam orta məktəbin şagirdləridir. Ülviyyə xanım IV sinif şagirdi Fatimə və  VIII sinif şagirdi Mirini gətirib: “Miri gələcəkdə kompüter mühəndisi olmaq istəyir. Müəllimi də onu çox həvəsləndirir. Fatimə isə qardaşına baxıb gəlib. Miri informatika üzrə məktəblərarası yarışmada öz məktəbini təmsil edən komandanın üzvüdür.  Məktəbdə də ən çox bal toplayan mənim oğlumdur. Onunla fəxr edirəm. Ona görə də, hara lazım olsa, aparmağa hazıram. İstəyirəm oğlumuz həvəsi, marağı olan sahədə özünü inkişaf etdirsin, gələcəkdə yiyələnmək istədiyi ixtisasa indidən hazırlaşsın. Belə etsək, gələcəkdə çox çətinliyi olmaz”.

 

 

“Sevərək gördüyümüz iş, əylənərək öyrəndiyimiz dərsdir”

 

 

Renat Orucov, Hüseyn Məmmədov və Iqbal İbrahimli kompüterin arxasında bərk məşğuldurlar. Onları ayırmaq mümkün olmadığından işlərinin bitməsini gözləyirik. Bu da onlar.  Artıq getməyə hazırlaşırlar. Kompüterdə saatlarla vaxt keçirməkdən bezməyən uşaqlara bu bir saata yaxın zaman kifayət edirmi?

 

Uşaqlar deyir ki, burada kodlaşdırmanı daha yaxşı başa düşüblər:

 

“Oyunlarla kodlaşmanı öyrənmək həm maraqlı, həm əyləncəli olur. İnformatikaya daha çox vaxt ayıra bilərik və bu, sevərək gördüyümüz iş, əylənərək öyrəndiyimiz dərsdir”.

 

 

Kompüterdə oyun oynayaraq öyrənmək cəlbedicidir

 

 

Alqoritmika şirkətinin əməliyyatlar üzrə direktoru Teyla Yaqubova deyir ki, uşaqlar oynaya-oynaya öyrəndiklərinin fərqində deyillər. Sadəcə oynadıqlarını düşünür, bu zaman nə qədər çox şey öyrəndiklərini bilmirlər.

 

V sinif şagirdi Fatimə Rəhimova üçün də kompüterin ekranında görünən robot çox maraqlıdır. Onun qəribə hərəkətləri Fatiməni cəlb edir. İnadla yerindən tərpənməyən balıqların, pişiklərin onun istəyi ilə sağa-sola, yuxarı-aşağı hərəkəti, əmrinə hazır olması IV sinif şagirdini həyəcanlandırır: “Oynamaq maraqlıdır. Ailəmizdə qardaşım belə oyunlar  oynayır. Mənə də kömək edir. O məndən böyük olduğu üçün daha bacarıqlıdır. Ancaq mən də çalışıram ki, kompüterdə işləməyi, informatikanı öyrənim”.

 

Fərhad Gözəlovla Miri Rəhimov işləyirlər. Onlar burada gördüyü işləri əvvəlcədən bildiklərini deyirlər: “İnformatika çox maraqlıdır. Üstəlik, oyun oynayaraq öyrənmək bizim üçün xüsusilə maraqlıdır. Bütün fənlər üzrə dərslərimizə yaxşı hazırlaşırıq, ancaq informatikaya xüsusi həvəsimiz var. Dərsdə də bütün fənnləri bu cür öyrətsələr, çox yaxşı olar”.

 

Teyla Yaqubova oyunlarla öyrətməkdən danışarkən deyir: “Uşaqların çoxuna oyun maraqlıdır. Burada da məhz oynayırlar. Məqsədimiz uşaqlara proqramlaşdırmanı yox, rəqəmsal bacarıqları öyrətməkdir. Müasir dünyada hər bir ixtisas sahibi üçün rəqəmsal bacarıqlar çox önəmlidir. Məhz bu səbəbdən deyirik ki, uşaqlar məktəbi bitirəndə rəqəmsal bacarıqları olmalıdır. Bu, onun gələcəkdə hansı ixtisasa, hansı peşəyə yiyələnəcəyindən, həkim, yoxsa proqramçı olacağından asılı deyil. Odur ki, biz də uşaqlarda rəqəmsal bacarıqlar formalaşdırırıq. Hesab edirik ki, uşaqlar məktəbi bitirəndə bu bacarıqlara  yiyələnmiş olmalıdırlar”.

 

 

Şagirdlər informatikanın onlara necə tədris olunmasından asılı olaraq, fərqlənirlər

 

 

“Kod saatı”  “Rəqəmsal bacarıqlar” layihəsində iştirak etməyən məktəblərin, siniflərin şagirdlərinin bu sahədə bacarıq səviyyəsini müəyyənləşdirməyə xidmət edir. T.Yaqubovanın sözlərinə görə, tapşırıqlardan ibarət bir trek hazırlanıb. Treki keçdikdən sonra uşaqların kompüter bacarıqları səviyyəsi barədə fikir yürütmək mümkün olacaq. İlkin müşahidələrə görə, ənənəvi tədris edilən informatika ilə informatika təmayüllü siniflərdə həyata keçirilən tədris proqramı arasında fərq olduğu kimi, həmin siniflərin şagirdlərinin səviyyəsi də fərqlənir: “Bunun üçün uşaqlara suallar verdik. Məlum oldu ki, “Rəqəmsal bacarıqlar” layihəsinin icra olunduğu V-VI sinif şagirdinin asanlıqla cavab verdiyi suallarda adi sinfin VIII sinif şagirdi düşünür”.

 

Nəzrin İbrahimova və Cəmilə Səfərova 6 nömrəli məktəb-liseyin şagirdləridir. Onların sinfində “Rəqəmsal bacarıqlar” layihəsi icra olunmur. Buna baxmayaraq, burada qarşılarına çıxan tanış oyunlar var: “Rəna müəllim buna oxşar dərs keçmişdi. Düzdü, artıq yadımızdan çıxmışdı. Ancaq işlədikcə xatırladıq. Yəni, burada ötən il keçdiyimiz bir dərsi təkrarladıq”.

 

Zülfiyyə Hacıyevanın oğlu Tərxan Hacızadə 132-134 nömrəli təhsil kompleksinin VI sinfində oxuyur. İnformatikaya qarşı xüsusi marağı var. Zülfiyyə xanım deyir ki, övladına bacardığı qədər dəstək verəcək: “Tərxan texnika və texnologiyanı çox sevir. Körpə vaxtından əlinə keçən maşın və mexanizmlərin içərisini açıb baxmağa maraqlı olub. Biz də mane olmamışıq. Düşünmüşük ki, xarab etsə belə, əgər oyuncaq maşınının içini, evdəki hər hansı əşyanın quruluşunu parçalamaqla öyrənəcəksə, qoy öyrənsin”.

 

Mais Talışxanovun da oğlu 132-134  nömrəli təhsil kompleksinin şagirdidir. Oqtay Talışxanlı informatikaya maraqlıdır. Onun dəqiq elmlərə, texnologiyaya marağını anası hiss edib. Atası deyir ki, maraqlandığı, daim izlədiyi televiziya verilişlərindən də bunu hiss ediblər: “Nənəsi də riyaziyyat müəllimidir. Artıq II sinifdə oxuyanda mənim rekordumu qırıb Rubik Kubu düzəltdi. Maraqlısı odur ki, 6 ay sonra onun özünün artıq şagirdləri vardı. Öz yaşıdlarını da öyrədirdi. Artıq informatika keçir. Dərslərində ona bir balaca kömək göstərdim və gördüm ki, çox yaxşı götürür. Valideyn iclasında yoldaşıma deyiblər ki, sinifdə ən yaxşılardan biridir. Elə özü də öyünür ki, tapşırıqları hamıdan birinci o həll edir. İnformatika fənninin tədrisinə birinci ildir başlayıblar. Düzü, dünən müəllimi zəng edib tədbir barədə məlumat verəndə düşünürdüm ki, bu tədbirə gəlməyəcək. Çünki bir neçə aydır futbola gedir və hər cür tədbiri məhz futbola  görə təxirə salır. Bu dəfə də futbola üstünlük verəcəyini hesab etdim. Ancaq o, axşamdan paltarlarını səliqəyə salıb futbola yox, “Kod saatı”na gələcəyini dedi. Bu qərarı bir yandan bizi təəccübləndirsə də, digər yandan informatikaya marağı olduğunu bildiyimizdən başadüşülən oldu. Bununla da bizim üçün onun əsas maraq sahəsinin hansı olduğu aydınlaşdı”.         

                                                                       

“Şagirdlərim yaratdıgı oyunlarla məni maraqlandırır”

 

6 nömrəli məktb-liseyin informatika və alqoritmika müəllimi Rəna Kazımova “Kod saatı”ndakı fəallığın gözlənilən olduğunu düşünür: “Bu ildən Alqoritmikadan dərs deməyə başlamışam. İndiyə qədər uşaqları maraqlandırmaq üçün bilmirdim hansı vasitəyə əl atam. Adi dərs vəsaitlərini belə tapmaq olmurdu. Artıq uşaqları həvəsləndirməyə ehtiyac yoxdur. Nəinki nəyisə öyrətmək üçün uşaqları həvəsləndirməyə ehtiyac qalır, əksinə bir çox şeyi onlardan öyrənirik. Onlar məni həvəsləndirirlər. Şagirdlərim yaratdığı oyunlarla məni maraqlandırmağa çalışır, sadəcə dərsdə deyil, evdə də bununla məşğul olurlar. Qəbul etməliyəm ki, uşaqların sürəti bizimkindən yüksəkdir”.

 

Kazımovaya görə, fikir irəli sürməyi bacaran, yeni ideyaları olan uşaqlar bu sahədə uğur qazana bilirlər: “Əvvəllər elə hesab edirdik ki, yalnız riyazi biliyi olanlar informatikada uğur qazana bilirlər. Artıq anlayırıq ki, bütün fənlərlə əlaqə yarada bilmək, ideya gerçəkləşdirmək informatikada uğur qazanmaq üçün önəmlidir”.

 

 

Birinci mərhələdə yüksək fəallıq

 

 

Beləliklə,  səhər saat 11-də başlayan “Kod saatı” axşam 16.00-da bitdi. Günün sonunda bəlli oldu ki, Gəncədə 630 şagird olmaqla, ümumilikdə 13 məktəbdə təşkil edilən “Kod saatı”nda 1757 şagird kodlaşdırmada ilk addım atdı. “Kod saatı”nın ilk mərhələsində yüksək iştirak səviyyəsi müşahidə olundu.

 

 "Rəqəmsal bacarıqlar" layihəsinin rəhbəri Fəxri Qurbanov birinci mərhələnin nəticələrini belə qiymətləndirib: “Bugünkü “Kod saatı” aksiyasını böyük uğur hesab edirəm. Əvvəlki illərdə ölkəmizdə bənzər aksiyalar keçirilmişdi, lakin bu il biz əhatə dairəsini əhəmiyyətli dərəcədə genişləndirdik. Uğurun əsas meyarı kimi aksiyada iştirak etmiş məktəblilərin sayına istinad edirəm. Bildiyiniz kimi, birinci mərhələ çərçivəsində Bakı və Gəncə şəhərlərində təhsil alan bütün məktəblilər 13 məktəb üzrə 6 saat ərzində platformaya sərbəst giriş ilə təmin olunmuşdu. Aksiyada 1757 məktəbli iştirak edib ki, bu da gözlədiyimizdən daha çox idi. Bəzi məktəblərdə əlavə kompüter otaqları şagirdlərin istifadəsinə verildi. Bu, olduqca sevindiricidir.”

 

 

İkinci mərhələ evdə, üçüncü mərhələ AVM-lərdə

 

 

“Kod saatı”nın ikinci mərhələsi martın 23-də keçiriləcək və bu mərhələ bütün ölkə məktəbləlilərini əhatə edəcək. Belə ki, həmin gün  link aktivləşdiriləcək və gün ərzində şagirdlər istədiyi vaxt həmin linkə daxil olaraq bir saat ərzində kodlaşdırmanı həyata keçirə  biləcək.

 

Martin 30-da keçiriləcək üçüncü - sonuncu mərhələdə isə Bakı və Gəncə şəhərlərindəki  alış-veriş mərkəzlərində, insanların istirahət günlərində asudə vaxtlarını daha çox keçirdiyi yerlərdə aksiya keçiriləcək.

 

 

“Kod saatı”nın birinci mərhələsində məktəblilərin ilk addımına kömək edə biləcək müəllimlər vardı. Bəs, ikinci mərhələdə evində bir linki açmaqla oyuna başlayan məktəbliyə kim kömək edəcək. İlk addımı evində, bir link vasitəsi ilə atacaq 8-14 yaşlı məktəblilər “büdrəyəndə” onların əlindən kim tutacaq?

 

F.Qurbanov deyib: “Birinci mərhələdə məktəblərin qapılarını açdıq. Üçüncü mərhələ isə AVM-lərdə təşkil ediləcək. Oyun formatında olan tapşırıqların öhdəsindən gəlmək məktəblilər üçün çətin olmayaq. Ancaq valideynlərinin də sadə kompüter bacarığının olması uşaqlarına bələdçilik etməkdə onlara mane olmayacaq: “Martıq 23-də Novruz tətilidir və məktəblilər həmin günlərdə evlərində olduğundan ailələrində onlara kömək edəcək böyüklərin olacağına inanırıq. Bu sahədə bir az bacarıgı olan bir yaxını uşaqlara yol göstərə biləcək”.

 

 

Ruhiyyə DAŞSALAHLI