“Elm aylığı”nda universitetdaxili olimpiadalarda fərqlənən tələbələr mükafatlandırılıb


Martın 27-də Mingəçevir Dövlət Universitetində Elm Gününə həsr olunmuş silsilə tədbirlərin yekunu olaraq “Elmin uğurları” mövzusunda elmi-nəzəri konfrans keçirilib.

 

Konfransı giriş sözü ilə MDU-nun Elmi işlər üzrə prorektoru,  professor Veysəl Əyyubov açaraq qeyd edib ki, bir çox ölkələrdə 10 Noyabr - Sülh və İnkişaf Naminə Ümumdünya Elm Gününə həsr olunmuş tədbirlər keçirilməkdə davam edir. Elmi əməkdaşlıq əlaqələrinin genişləndirilməsində əhəmiyyətli rola malik konfrans, seminar, “dəyirmi masa” və sərgilərdə dünya alimləri bir araya gələrək qlobal problemlərə elmi dəstək verməyə çalışırlar. Ümumdünya elm günü ilə yanaşı bir çox ölkələrdə milli elm günü, həftəsi də keçirilir. Hər bir ölkə bu əlamətdar hadisəni fərqli zamanlarda qeyd edir.

 

Professor Veysəl Əyyubov dünya elminə töhfələr bəxş etmiş ölkəmizin də bu proseslərdən kənarda qalmadığını bildirib. Elmin cəmiyyətin inkişafında xüsusi rolu və əhəmiyyəti nəzərə alınaraq, Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli sərəncamı ilə respublikada 27 Mart - Elm Gününün təsis edilməsinin bu diqqətin bariz nümunəsi olduğunu söyləyib. O, Elm Günü üçün məhz 27 mart tarixinin seçilməsinin heç də təsadüfi olmadığını bildirib. Belə ki, Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədrinin imzaladığı “Azərbaycan SSR Elmlər Akademiyasının yaradılması haqqında” 27 mart 1945-ci il tarixli qərarla ölkəmizdə Elmlər Akademiyasının təsis edilməsi rəsmiləşdirilib və Akademiyanın ilk nizamnaməsi təsdiq olunub.

 

Veysəl Əyyubov ulu öndər Heydər Əliyevin ölkə həyatının bütün sahələrinə, o cümlədən elmə böyük diqqət yetirdiyini bildirib. O, ulu öndər Heydər Əliyevin 1993-cü ildə birinci görüşünü məhz Elmlər Akademiyasında Azərbaycan ziyalıları ilə keçirdiyini xatırladıb, dahi liderin həmin görüşdə söylədiyi fikri yada salıb: “Elmlər Akademiyası Azərbaycan xalqının bir neçə nəsli tərəfindən yaradılmış milli sərvətidir, biz onu qoruyub yaşatmalıyıq”.

 

Sonra “Fizika və ekologiya” kafedrasının dosenti, kimya üzrə fəlsəfə doktoru Məhyəddin Mehdiyev “Kimya elminin inkişafında müasir tendensiyalar”, “İnformasiya texnologiyaları” kafedrasının müdiri, texnika üzrə fəlsəfə doktoru Aidə Mustafayeva “Azərbaycanda elektron elm konsepsiyasının reallaşdırılması istiqamətləri”, “Energetika” kafedrasının müəllimi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, tədqiqatçı şair, “Qızıl qələm” mükafatçısı Əbülfət Həsənoğlu “Nəsimi fəlsəfəsinin sirləri”, “Mexanika” kafedrasının dosenti, texnika üzrə fəlsəfə doktoru, Mingəçevir “Tekstil” MMC-nin texniki direktoru Mustafa Məmmədov “Mingəçevir Sənaye Parkı: reallıqlar və perspektiv inkişaf”, “İqtisadiyyat” kafedrasının müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Cəmilə Musayeva “Azərbaycanın iqtisadi inkişafında elm və innovasiyaların rolu” mövzularında çıxış ediblər.

 

Məruzələr dinlədildikdən sonra elm aylığında universitetdaxili olimpiadalarda fərqlənən tələbələr mükafatlandırılıb.  

 

Konfransın işində universitetin professor-müəllim və tələbə heyəti, KİV nümayəndələri iştirak ediblər.