2-10-cu sinif şagirdləri qeydiyyat haqqını ödəməklə iştirak edə biləcək


Azərbaycanda məktəblilərin beynəlxalq riyaziyyat müsabiqəsi keçiriləcək. Artıq ikinci dəfə təşkil edilən Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi (KBRM) aprelin 21-də Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzinin təşəbbüsü və mərkəzi Fransa olan Sərhədsiz Kenquru Assosiasiyasının razılığı ilə həyata keçiriləcək.

 

 Azərbaycan Respublikasının Təhsil İnstitutnun İnformasiya şöbəsinin müdiri Kənan Kərimli “Azərbaycan müəllimi” qəzetinə açıqlamasında bildirib ki, “Öyrənək-əylənək və həll edək” şüarı ilə keçirilən bu müsabiqə müxtəlif səviyyələrdə riyazi biliyə malik olan 2-10-cu sinif şagirdlərini əhatə edir və şagirdlərin iştirakı qeydiyyat haqqını ödəməklə könüllülük prinsipi daşıyır.

 

K.Kərimli ölkəmizdə artıq ikinci dəfə təşkil ediləcək müsabiqənin Azərbaycan, rus və ingilis dillərində olmaqla üç fərqli dildə keçiriləcəyini bildirib. Onun sözlərinə görə, artıq Təhsil Texnologiyaları Mərkəzinin internet səhifəsində (www.ttm.edu.az) pilot müsabiqəyə elektron sənəd qəbulu başlayıb və son qeydiyyat tarixi 9 aprel 2019-cu ildir.

 

Ölkə üzrə 17 000-dən çox şagirdin qatıldığı 2018-ci ildə keçirilən sonuncu müsabiqədə dünyanın 80-dən artıq ölkəsindən 6 milyondan çox şagird iştirak edib.

 

K.Kərimli onu da qeyd edib ki, bu müsabiqənin qurucu və idarəçilərindən bir neçəsi həm də Beynəlxalq Riyaziyyat Olimpiadasının (IMO) təşkilatçı və idarəçiləridir”.

 

Məlumat üçün bildirək ki,  ildə bir dəfə olmaqla 1994-cü ildən keçirilən KBRM-nin idarə heyətinin müxtəlif ölkələrdən olan üzvləri ildə bir dəfə bir araya gəlir. Onlar bu toplantıda növbəti il üçün sualları müəyyənləşdirirlər. Həmin suallar fərqli ölkələrdən təqdim edilən çoxsaylı suallar arasından seçilir və qaydalara əsasən tapşırıqlar 2, 3-4, 5-6, 7-8, 9-10-cu sinif şagirdləri üçün 5 fərqli kateqoriya üzrə qapalı test formatında və  asan, orta, çətin olmaqla 3 səviyyədə tərtib edilir. 

 

Xatırladaq ki, müsabiqənin keçirilməsində əsas məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onların elmi potensiallarının inkişaf etdirilməsi və şagirdlərdə fənlərə  marağın artırılmasına nail olmaqdan ibarətdir.

 

Ruhiyyə