Azərbaycan İlahiyyat İnstitutunun kollektivi soyqırımı qurbanlarını Qubada anıb


Azərbaycan  İlahiyyat  İnstitutunun (Aİİ)  bir qrup əməkdaşı və  tələbə heyəti 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Quba rayonuna səfər edib. Onlar əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önündə ulu öndəri, sonra isə Quba “Soyqırımı Memorial Kompleksi”ndə soyqırımı qurbanlarının xatirəsini anıb, abidələr önünə tər çiçəklər düzüblər. Azərbaycan tarixinə XX əsrin ən dəhşətli soyqırımlarından biri kimi daxil olan faciə zamanı bolşevik-erməni silahlı dəstələri Bakı, Quba, Şamaxı, Göyçay, Cavad, Salyan, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran, Gəncə və digər bölgələrdə kütləvi qətliamlar törədib, mindən artıq kənd yandırılıb və dagıdılıb. Nəticədə Quba qəzasında 167 kənd tamamilə dağıdılıb, Quba şəhəri talanlara və yanğınlara məruz qalıb, qəzanın müsəlman və qismən də yəhudi əhalisi kütləvi şəkildə qətlə yetirilib.

 

Tələbələrə məlumat verilib ki, soyqırımı ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanı ilə öz hüquqi-siyasi qiymətini alıb, martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan edilib. 18 yanvar 2018-ci il tarixdə Prezident İlham Əliyev 1918-ci il 31 mart – Azərbaycanlıların soyqırımının 100 illiyi haqqında sərəncam imzalayıb. 2007-ci ildə Quba şəhərində aparılan tikinti işləri zamanı təsadüfən aşkar edilən kütləvi məzarlıq 1918-ci ilin qanlı günlərində Qubada ermənilər tərəfindən törədilmiş soyqırımının əyani sübutudur. Prezident İlham Əliyev erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddialarını və təcavüz siyasətini, qanlı cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq, gələcək nəsillərin milli yaddaşını qorumaq və soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin yaradılması haqqında sərəncam imzalayıb. Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilən Quba Soyqırımı Memorial Kompleksi 2013-cü il sentyabrın 18-də istifadəyə verilib.

 

Muzey ekspozisiyası Azərbaycan, rus və ingilis dillərində təqdim olunur.  Ekspozisiya 1918-ci il hadisələri ərəfəsində dinc Quba həyatını əks etdirən fotoşəkillərlə başlayır. Şəkillərdə qədim Quba həyatını, dinc, yanaşı yaşayan azərbaycanlı, ləzgi, yəhudi və digər xalqların nümayəndələrini, müxtəlif sosial təbəqələrə aid insanların sakit həyatı əks etdirilib.

 

Müxtəlif qəzalarda baş vermiş soyqırımları zamanı kütləvi şəkildə xüsusi qəddarlıqla öldürülmüş insanların əksəriyyəti yandırılıb, dənizə, quyulara atılıb və bu səbəbdən onları dəfn etmək mümkün olmayıb. Zalın mərkəzində belə qurbanların xatirəsinə qara mərmərdən daş ucaldılıb.

 

Aİİ-nin kollektivi səfər çərçivəsində Qubada fəaliyyət göstərən “Səkinə xanım”, “Cümə məscidi”, “Ərdəbil”, “Hacı Cəfər” məscidlərini də ziyarət ediblər.

 

Qeyd edək ki, Aİİ-nin tələbələrinin Azərbaycanın ayrı-ayrı bölgələrinə səfəri tez-tez təşkil edilir. Tələbələrdə vətənpərvərlik ruhunun gücləndirilməsi, gənc nəslin milli ruhda yetişdirilməsi, milli təəssübkeşliyin, torpağa bağlılığın, dövlətə sevginin möhkəmləndirilməsi məqsədi ilə həyata keçirilən səfərlər eyni zamanda gənc nəslin ölkəmizdə mövcud olan multikultural mühitin canlı şahidi olmalarına xidmət edir.