Türkiyənin Ege Universiteti aqrar, tibb və iqtisadiyyat üzrə kadr hazırlığında Azərbaycan universitetləri ilə əməkdaşlığa başlayır. Bu barədə Ege Universitetinin rektoru Necdet Budak "Təhsil" televiziyasının "Təməl" verilişinə müsahibəsində məlumat verib.

 

Onun sözlərinə görə, Ege Universiteti Türkiyədəki 206 universitet arasında ilk dördlükdə yer alıb. Universitet tibb, qida, aqrar, enerji, kimya, biomühəndislik, əczaçılıq, diş həkimliyi sahəsində Türkiyənin ən yaxşı universitetlərindən sayılır. Bu sahələr üzrə Azərbaycanla aparılan geniş dəyərləndirmədən sonra bu gün niyyət protokolu imzalanıb.

 

Qeyd edək ki, təhsil və kənd təsərrüfatı nazirlərinin iştirakı ilə bu gün Azərbaycan Dövlət Aqrar Universitet ilə Ege Universiteti arasında ilk müqavilə - kənd təsərrüfatı ixtisasları üzrə bakalavriat səviyyəsində ikili diplom proqramının təsis olunmasına dair niyyət protokolu imzalanıb. Protokolun imzalanması ölkə Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın icrası istiqamətində ali təhsil müəssisələri arasında ikili diplom proqramının təsis olunması üzrə danışıqların aparılması məqsədinə xidmət edir.