Fransanın Monpelye Universitetində “Azərbaycanda doktorantura təhsilinin Avropa Ali Təhsil Məkanının tələbələrinə uyğun yenidən strukturlaşdırılması - NİZAMİ” layihəsi ilə bağlı yekun görüş keçirilib.

 

Görüşdə layihə çərçivəsində iş planına uyğun olaraq Təhsil Nazirliyi, AMEA və tərəfdaş ali təhsil müəssisələrinin yekun hesabatları dinlənilib. Mərasimdə layihənin əhəmiyyəti, əsas nəticələri və perspektivləri müzakirə olunub, tərəfdaş universitetlərin hesabatları dinlənilib.

 

Avropa İttifaqının Təhsil, Audiovizual və Mədəniyyət üzrə İcraçı Agentliyinə təqdim etmək üçün yekun hesabat hazırlanıb.

 

Qeyd edək ki, adıçəkilən layihə 2014-cü ildən Azərbaycanın bir sıra ali təhsil müəssisələri, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Fransanın Monpelye Universitetinin rəhbərliyi, İsveç, Çexiya, Almaniya və İspaniyanın bir sıra ali təhsil müəssisələrinin əməkdaşlığı ilə Avropa İttifaqının Təhsil, Audiovizual və Mədəniyyət üzrə İcraçı Agentliyinin Erasmus+ proqramı çərçivəsində həyata keçirilir. Layihənin icrasına 2015-ci ildə başlanılıb və ölkə üzrə koordinatoru Təhsil Nazirliyidir.

 

Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və 9 ali təhsil müəssisəsinin, eləcə də Avropanın 5 aparıcı universitetinin iştirak etdiyi NİZAMİ milli layihəsinin əsas məqsədi Azərbaycanda doktorantura təhsilinin mövcud vəziyyəti və Avropanın doktorantura təhsili ilə müqayisəli təhlilinin müəyyənləşdirilməsi, Azərbaycanda doktorantura təhsilinin təşkili qaydalarının yenidən hazırlanması, ixtisas təsnifatının Avropada mövcud olan təsnifata uyğunlaşdırılmasıdır. 

 

Layihə çərçivəsində ali təhsil pilləsinin hər üç səviyyəsini əhatə edən yeni standartın layihəsini, doktorantura səviyyəsində koordinasiyanı gücləndirmək, keyfiyyəti və şəffaflığı təmin etmək məqsədi ilə Milli İdarəetmə Portalı (demo versiya), doktorantura səviyyəsində təhsilalanlar üçün Azərbaycan və ingilis dillərində təlimat kitabçasının, elmi rəhbərlə doktorant arasında bağlanılacaq razılaşma sənədinin nümunələri hazırlanıb, pilot universitet olaraq Xəzər Universitetində Avropa təcrübəsi əsasında ölkədə ilk dəfə olaraq Doktorantura Məktəbi yaradılıb.

 

Bununla yanaşı layihənin daha bir nəticəsi olaraq AMEA və ADİU-nun Fransanın Monpelye Universiteti ilə ali təhsilin müxtəlif səviyyələrində ikili diplom proqramlarının icrası ilə bağlı imzalanmış müqavilələri göstərmək olar.