İbrahim Cəfərov: “Bu əməkdaşlıqdan böyük gözləntilərimiz var”


“Aqrar Universitetin maddi-texniki bazası ilə Ege universitetinin təhsil proqramlarına uyğun aqronomlar, bitki mühafizəçisi, aqromühəndis və aqroiqtisadçılar hazırlamaq mümkündür”. Bunu "Təhsil" televiziyasının "Təməl" verilişinə müsahibəsində Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov deyib.
 
Onun sözlərinə görə, növbəti tədris ilindən həmin ixtisaslar üzrə hər birində 15 nəfər olmaqla Ege Universiteti ilə ikili diplom proqramları əsasında kadr hazırlığına başlanacaq: “Bu bizim üçün son hədd deyil. Növbəti hədəfimiz magistratura və doktorantura səviyyəsində də kadr hazırlığına nail olmaqdır. Ege Universitetində bizi maraqlandıran ixtisaslar çoxdur. Xüsusən, biotexnologiyalar, gen modifikasiyası kimi ixtisaslar üzrə kadr hazırlığına ehtiyac var. Həmin ixtisaslar üzrə Ege Universitetinə magistratura və doktorantura səviyyəsində kadrlar göndərmək niyətindəyik. Bu əməkdaşlıqdan bütövlükdə Azərbaycan, ölkəmizin aqrar sahəsi qazanacaq”.
 
Rektor bildirib ki, Azərbaycanda aqrar sahənin inkişafına dövlət səviyyəsində dəstək verilir. Ölkəmizdə bu ixtisas sahəsi üzrə kadr hazırlayan yeganə universitet kimi Azərbaycan Dövlət Aqrar Universitetinə son 3 ildə böyük vəsait ayrılıb: “Universitetin maddi-texniki bazasının gücləndirilməsi, tələbə evlərinin və tədris kopusunun  tikintisinə 50 milyon manatdan çox vəsait ayrılıb. Bu qayğının nəticəsidir ki, Azərbaycan Dövlət Aqrar Universiteti ölkəmizin ən yaxşı universitetlərindən biridir. Artıq keyfiyyət baxımından da universitet yeni mərhələyə qədəm qoyur. Rəqabətədavamlı kadrların hazırlanması məqsədi ilə universitetdə bir çox işlər görülür. Belə ki, tədris proqramları yenilənir, “Mövlanə” proqramı çərçivəsində Türkiyənin, “Erasmus” proqramı çərçivəsində Avropanın müxtəlif universitetləri ilə əməkdaşlıq edirik. Həmin proqramlar çərçivəsində tələbələrimiz bir semestr ərzində ayrı-ayrı universitetlərdə təhsil alırlar. Ancaq ölkə Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” nın icrası istiqamətində ali təhsil müəssisələri arasında ikili diplom proqramının təsis olunması məsələsi universitetimizin qarşısında yeni hədəflər qoydu.  Prioritetlərdən birinin də kənd təsərrüfatı olduğunu nəzərə alaraq, Türkiyədəki Azərbaycan səfirliyinin dəstəyi ilə bu məsələni müzakirə etdik və əməkdaşlıq üçün Ege Universitetini seçdik. Ege Universitetindən də Dövlət Aqrar Universitetinə səfərlər təşkil olundu. Bu qənaətə gəlindi ki, Azərbaycan Dövlət Aqrar universitetinin indiki maddi-texniki bazası ilə Ege Universitetinin təhsil proqramlarına uyğun aqronomlar, bitki mühafizəçisi, aqromühəndis və aqroiqtisadçılar hazırlamaq mümkündür”.
 
İbrahim Cəfərov aqrar təhsildə iki ölkə arasında əməkdaşlığa böyük ümidlərlə baxdığını deyib: “Azərbaycan aqrar təhsil sahəsində də inkişaf etməlidir. Türkiyə bu sahədə artıq dünya miqyasında öz sözünü demiş ölkədir. Tələbələrimizin də dil problem olmadığını nəzərə alsaq, bu əməkdaşlıqdan böyük gözləntilərimiz var. Bu, ilk addımdır və hesab edirəm ki, əlaqələrimiz yaxın illərdə daha yüksək səviyyəyə çatacaq”. 
 
Xatırladaq ki, bu gün Təhsil Nazirliyində Azərbaycan Dövlət Aqrar Universiteti ilə Türkiyə Respublikasının Ege Universiteti arasında niyyət protokolu imzalanıb. Protokolun imzalanması ölkə Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın icrası istiqamətində ali təhsil müəssisələri arasında ikili diplom proqramının təsis olunması üzrə danışıqların aparılması məqsədinə xidmət edir. Niyyət protokolu Azərbaycan Dövlət Aqrar Universitet ilə Ege Universiteti arasında kənd təsərrüfatı ixtisasları üzrə bakalavriat səviyyəsində ikili diplom proqramının təsis olunmasına dair danışıqların aparılmasını özündə ehtiva edir.
 
 
Ruhiyyə Daşsalahlı