Naxçıvan Müəllimlər İnstitutunda elmi-praktik konfransa yekun vurulub


Naxçıvan Müəllimlər İnstitutunda "Ümumi təhsildə kurikulum islahatları: nəticələr, reallıqlar və perspektivlər” mövzusunda  elmi-praktik konfrans keçirilib. Aktuallıq və əhəmiyyətini, habelə əhatə dairəsinin genişliyini nəzərə alaraq bu elmi tədbir yeddi bölmə üzrə keçirilib. Naxçıvan Müəllimlər İnstitutunun professor-müəllim heyətinin üzvləri və mütəxəssisləri, habelə Naxçıvan Dövlət Universiteti və "Naxçıvan" Universitetinin nümayəndələri və Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ümumtəhsil məktəblərin müəllimləri müvafiq bölmələrdə öz məruzələri ilə çıxış ediblər. "Ümumi təhsildə kurikulum islahatlarının konseptual məsələləri", "Şəxsiyyətyönümlü kurikulumların tətbiqi", "Kurikulum islahatlarında qiymətləndirmə məsələləri", "Müasir təlim metodları", "Təbiət fənləri və müasir təlim texnologiyaları" və "Humanitar fənlər və müasir təlim texnologiyaları" adlanan bölmə iclaslarında yüzdən artıq məruzələr dinlənilib. Bölmə iclaslarında edilən məruzələr elektron lövhə və digər İKT vasitələrinin geniş tətbiqi ilə təqdim edilib.

 

Bölmə iclaslarından sonra konfransın yekun iclası keçirilib. Tədbiri institutun rektoru Elbrus İsayev açaraq elmi tədbirin gedişi və əhəmiyyəti haqqında ətraflı məlumat verib. Qeyd edilib ki, bu konfransı təhsilimizdə reallaşdırılan onbirillik kurikulum islahatlarının nəticələrini ölkə miqyasında müasir elmin tələbləri səviyyəsində təhlilə cəlb edən elmi-əməli cəhd kimi qiymətləndirmək olar. Konfransda ortaya qoyulan elmi mülahizələr ,verilən təklif və tövsiyələr gələcək elmi araşdırmalar və ümumiləşdirmələr üçün ilkin mənbə rolunu oynaya bilər. Rektor kurikulum islahatlarına həsr olunan elmi tədbirlərin hər il keçirilməsinin ölkəmizdə təhsilin inkişafına öz töhfəsini verə biləcəyinə ümidvar olduğunu söyləyib.

 

Sonra bölmə rəhbərləri görülmüş işlərə dair hesabat veriblər.

 

Sonda institutun rektoru tərəfindən konfransda iştirak  və məruzələrlə çıxış edənlərə sertifikatlar təqdim edilib, konfrans mareriallarının nəşr olunması qərara alınıb.