Gəncə Dövlət Universiteti (GDU) “Erasmus+” proqramı çərçivəsində Akaki Tresteli Dövlət Universitetinin rəhbərlik etdiyi “Ombudsman vəzifəsi yaratmaqla tələbələrin təmsili təyin olunması” (AESOP: Advocacy Establishment for Students through Ombudsman Position) layihəsində tərəfdaş qismində fəaliyyətini davam etdirir.

 

Layihə çərçivəsində növbəti görüş Vadym Hetman adına Kiyev Dövlət İqtisad Universitetində yerli tərəfdaşlar və avropalı ekspertlərlə keçirilib.

 

Görüşün əsas məqsədi Kiyev Dövlət İqtisad Universitetinin Ombudsman ofisinin fəaliyyəti ilə tanış olmaq, təcrübə mübadiləsi aparmaq və digər universitetlərdə mövcud vəziyyətin müzakirə edilməsi olub. Universitetdə Ombudsman ofisinin rəhbəri Bohdan Yarmolenkonun öz fəaliyyətləri ilə bağlı təqdimatı iştirakçılar tərəfindən maraqla qarşılanıb.

 

Görüşdə GDU-nun layihə üzrə işçi qrupunun üzvü İKT şöbəsinin müdiri Asif Həsənov və Beynəlxalq əlaqələr şöbəsinin baş mütəxəssisi Mustafa Hüseynov iştirak ediblər. Keçirilən görüşlərdə GDU-da yaradılan Ombudsman Mərkəzi, mövcud vəziyyət, layihə çərçivəsində həyata keçirdiklən digər işlər və fəaliyyət dövründə yaranan problemlər haqqında məlumat verilib.

 

Görüşün yekununda layihə ilə bağlı gələcək fəaliyyət istiqamətləri müzakirə edilib, mövzu ətrafında geniş diskussiyalar aparılıb.