Naxçıvan Dövlət Universitetində “Nizami” layihəsi çərçivəsində görülən işlərin müzakirəsi məqsədi ilə görüş keçirilib. Görüşdə Fransanın Montpelyer Universitetinin “Nizami”  layihəsi üzrə  koordinatoru Veronik  Montero, layihənin meneceri Artur Resve, layihənin assistantı Ana Yanyuseviç, Erasmus+ Milli ofisinin rəhbəri Pərviz Bağırov iştirak ediblər.

 

Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qeyd edib ki, “Nizami” layihəsi elm və təhsilin inteqrasiyası baxımından böyük əhəmiyyətə malikdir.  Layihə doktorant və dissertantların müdafiəyə qədər və müdafiə prosedurunu asanlaşdırmaqla yanaşı, onların fəaliyyətinin daha şəffaf və obyektiv qiymətləndirilməsinə imkan verir.   

 

2015-ci ildə icrasına başlanılan “Nizami” layihəsinin ölkə üzrə əlaqələndiricisi Təhsil Nazirliyidir. 2020-ci ildə yekunlaşacaq layihənin əsas məqsədi Azərbaycanda doktorantura təhsilinin mövcud vəziyyəti və Avropanın doktorantura təhsili ilə müqayisəli təhlilinin müəyyənləşdirilməsi, ölkəmizdə doktorantura təhsilinin təşkili qaydalarının yenidən hazırlanması və ixtisas təsnifatının Avropa təsnifatına uyğunlaşdırılmasıdır.

 

Universitetin elmi katibi, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Məftun İsmayılov isə bildirib ki, hal-hazırda 17 elmi istiqamət üzrə 38 ixtisas hazırlığı aparılan universitetdə fəlsəfə doktoru proqramı üzrə 143, elmlər doktoru üzrə isə 22 elmi kadr hazırlanır. Universitetdə doktorant və dissertantların elmi səviyyəsini yüksəltmək üçün seminarlar təşkil edilir, müəllimlərin respublika və beynəlxalq konfranslarda iştirakı təmin olunur.

 

AMEA-nın Naxçıvan bölməsi Təhsil və kadrlar şöbəsinin baş mütəxəssisi, filologiya üzrə fəlsəfə foktoru Leyla Səfərova akademiyanın elmi potensialından danışıb. O bildirib ki, 30 fəlsəfə, 25 elmlər doktoru üzrə ixtisas hazırlığı aparılan  akademiyada, həmçinin İran və Türkiyədən də olmaqla doktorant hazırlığı gerçəkləşdirilir.

 

Daha sonra Naxçıvan Dövlət Universitetinin Tədris və tərbiyə işləri üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu, Naxçıvan Müəllimlər İnstitunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Qurban Qurbanov və Xarici tələbələrlə iş üzrə dekan, filologiya üzrə fəlsəfə doktoru, dosent Ceyran Quliyeva çıxış ediblər.

 

“Nizami” layihəsi üzrə koordinator Veronik  Montero və layihənin meneceri Artur Resve çıxışlarında layihənin əsas məqsədi, Azərbaycanda doktorantura təhsilinin mövcud vəziyyəti və Avropanın doktorantura təhsili ilə müqayisəli təhlilinin müəyyənləşdirməsi, Azərbaycanda doktorantura təhsilinin təşkili qaydalarının yenidən hazırlanması, ixtisas təsnifatının Avropada mövcud olan təsnifata uyğunlaşdırılması kimi məsələlərə toxunublar. Bu təhsil səviyyəsində keyfiyyətin təminatı və beynəlmilləşməyə nail olunması, doktorantura təhsil standartlarının müəyyənləşdirilməsi və ölkə üzrə doktorantura təhsili aparan təhsil müəssisələrini birləşdirən portalın yaradılması da layihəsinin əsas məqsədlərinə aiddir.

 

Sonra qonaqlar universitetin “Təbiətşünaslıq və kənd təsərrüfatı” fakültəsində müasir avadanlıqlarla təchiz olunan otaqlarla tanış olublar.