Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlının rəhbərlik etdiyi nümayəndə heyəti Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) müəssisə rəhbərliyi ilə görüş keçirib.

 

ADNSU nümayəndələrini NEZ-də görməkdən məmnun olduğunu deyən zavodun baş direktoru Elman İsmayılov universitetlə olan əməkdaşlıq əlaqələrindən danışıb. O bildirib ki, hazırda ADNSU-nun 198 nəfər tələbəsi zavodda istehsalat təcrübəsi keçir. Həmçinin, zavodda çalışan 1206 nəfər ali təhsilli mütəxəssisdən 636-sı ADNSU-nun məzunudur. Zavodda ixtisaslı kadrlara ehtiyac duyulduğunu qeyd edən E.İsmayılov ADNSU ilə əlaqələr sayəsində müəssisənin peşəkar mütəxəssislərlə təmin ediləcəyinə inandığını bildirib.

 

Rektor M.Babanlı tədbir iştirakçılarına universitetdə son dövrdə həyata keçirilən islahatlar haqqında məlumat verib. Universitetdə tədrisin keyfiyyətinin yüksəldilməsi, startap hərəkatına dəstək, elektron təhsil sisteminin tətbiqi, ingilisdilli ixtisaslar və s. barədə danışan rektor peşəkar mütəxəssislərin hazırlanması üçün birgə əməkdaşlığın vacibliyini vurğulayıb.

 

Tədbirdə Heydər Əliyev adına NEZ-in tarixi, fəaliyyəti, məqsədi və s. haqqında təqdimat nümayiş olunub.

 

Daha sonra zavodda istehsalat təcrübəsinə cəlb olunan ADNSU tələbələrilə görüş keçirilib. Burada tələbələrə əməyin təhlükəsizliyi qaydaları haqqında məlumat verilib. Eyni zamanda, NEZ-in fəaliyyəti haqqında videoçarx nümayiş olunub.

 

Görüş tələbələrin suallarının cavablandırılması ilə davam edib.

 

Nümayəndə heyəti NEZ-in yeni bitum qurğusu və Katalitik-riforminq qurğusu ilə də tanış olub.