Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Ümumi və ali təhsil müəssisəsi əməkdaşlığı haqqında pilot layihənin tətbiqi barədə” 27 noyabr 2017-ci il tarixli  əmrinin icrası ilə əlaqədar Lənkəran Dövlət Universiteti (LDU) ilə Astara, Lənkəran və Yardımlı rayonlarının ümumtəhsil məktəbləri arasında elmi-pedaqoji əməkdaşlığın yaradılmasına dair  işlər davam etdirilir.

 

Belə ki, layihə çərçivəsində LDU və Astara Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə adıçəkilən rayonun C.Cabbarlı adına Kakalos kənd tam orta məktəbində “Kimya gecəsi” keçirilib.

 

Tədbirdə gənc kimyaçıların təqdim etdikləri təcrübələr iştirakçılar tərəfindən maraqla qarşılanıb.

 

Tədbir çərçivəsində Pensər kənd 2 saylı tam orta məktəbin yuxarı sinif şagirdləri “Kimya” fənnindən  praktik biliklərini və bacarıqlarını nümayiş etdiriblər. Mendeleyevin “Kimyəvi elementlərin dövri sistemi cədvəli”nin kəşfinin 150 illiyinə həsr olunmuş gecədə, kimya elminin yaranması, ən mühüm kəşflər, dünya şöhrətli kimyaçılar barədə maraqlı məlumatlar səsləndirilib, videoçarx nümayiş etdirilib.

 

Tədbirdə LDU-nun Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru vəzifəsini icra edən dosent İdrak Əsgərov çıxış edib. Orta məktəblərlə əlaqələrin bundan sonra da davamlı olacağını, LDU-nun laboratoriya və fənn kabinələrinin tətil günlərində və açıq dərslər zamanı məktəblilərin ixtiyarına veriləcəyini deyən İ.Əsgərov, məktəblilərə elmlərin əsaslarına dərindən yiyələnmələrini, praktik bacarıqlarını genişləndirməyi tövsiyyə edib.

 

Astara Rayon Təhsil şöbəsinin müdiri Rəşad Həsənov ali təhsil müəssisələri ilə orta məktəblər arasında əlaqələrin inkişafını yüksək dəyərləndirərək, bunun  səmərəli olacağını vurğulayıb.

 

LDU-nun “Kimya və fizika” kafedrasının dosenti, kimya üzrə fəlsəfə doktoru Gülbəniz Qədirova isə məktəblilərin kimya fənni üzrə nəzəri və təcrübi biliklərindən razı qaldığını bildirib.

 

Tədbirdə Astara rayonunda  kimya fənnini tədris edən müəllimlər, LDU-nun əməkdaşlarından – “Kimya və fizika” kafedrasının müdiri, dosent İsa Hüseynov, həmin kafedranın baş müəllimi Elnur Dadaşov, “Biologiya və tibbi biliklər” kafedrasının müdiri vəzifəsini icra edən dosent Məhəmmədhüseyn Hüseynov və başqaları iştirak ediblər.