Bakı Ali Neft Məktəbində (BANM) ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş Tələbələrin I Respublika Elmi konfransları başlanıb. Konfransın açılış mərasimində BANM-in rəhbərliyi və professor-müəllim heyəti, SOCAR və AMEA-nın rəhbər heyəti və nümayəndələri, ölkəmizdə fəaliyyət göstərən ali təhsil ocaqlarının akademik və administrativ heyəti, o cümlədən Ali Məktəbin partnyorları olan şirkətlərin təmsilçiləri iştirak ediblər.

 

BANM-in rektoru Elmar Qasımov xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunan tələbələrin elmi konfranslarının keçirilməsinin artıq ənənəvi xarakter daşıdığını bildirib. Cəmiyyətdə elm və təhsilin mühüm rolunu qeyd edən rektor Ali Məktəbdə, bu sahənin inkişafı istiqamətində reallaşdırılan tədbirlərdən və əldə olunan nailiyyətlərdən danışıb.

 

Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova, Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov, SOCAR-ın Kompleks Qazma İşləri Trestinin müdiri İskəndər Şirəli və Bakı Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru, AMEA-nın müxbir üzvü prof. Aydın Kazımzadə elm və təhsilin vəhdətindən və bu kimi konfransların tələbələrdə elmi potensialın inkişafına verdiyi önəmdən bəhs ediblər.

 

Xatırladaq ki, BANM-də tələbələrin elmi-texniki konfransları hər il təşkil olunur. Bu il ilk dəfə olaraq konfranslar hər biri çoxsaylı bölmələrdən ibarət olmaqla üç mövzuda - “Kimya və kimya mühəndisliyində perspektivlər”, “Keyfiyyətli enerji, keyfiyyətli xidmət” və “Yüksək texnologiyalar- innovativ tətbiqlər təşkil olunur. Ölkəmizdə fəaliyyət göstərən digər ali təhsil müəssisələrinin tələbələri də konfransda iştirak edirlər. Ümumilikdə konfransda iştirak etmək üçün respublikanın ali təhsil müəssisələri və AMEA-nın İnstitutları üzrə 177 nəfər tələbə və gənc alim müraciət edib. Tələbələrə Azərbaycan, ingilis və rus dillərində təqdimatlar etmək imkanı yaradılır.

 

Yekunda qaliblər Ali Məktəblə əməkdaşlıq edən şirkətlərin korporativ hədiyyələri ilə mükafatlandırılacaq.

 

 Konfrans aprelin 19 - da öz işini yekunlaşdıracaq.