Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdulla Argentinanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Serxio Osvaldo Perez Qunella ilə görüşüb.

 

K.Abdulla ADU-da bir çox ölkələrin dil və mədəniyyət mərkəzlərinin mövcudluğundan danışıb və Argentina universitetləri ilə əlaqələrin qurulmasında səfirin dəstəyinin arzuolunan olduğunu diqqətə çatdırıb. Rektor iki ölkə arasında münasibətlərin yeni mərhələyə keçməsi üçün universitetlərarası əlaqələrin qurulmasının faydasına da toxunub.

 

K.Abdulla ADU-da həyata keçirilən “Səfir saatı” layihəsi haqqında məlumat verərək universitetin müəllim və tələbələri ilə görüşmək üçün səfiri layihədə iştirak etməyə dəvət edib.

 

Universitet rəhbəri qonağa ADU-nun professoru Məsməxanım Qazıyeva və dosent Sevinc Zeynalova tərəfindən hazırlanan “Welcome to Azerbaijan” kitabını hədiyyə edib və bildirib ki, nəşrdə Azərbaycan haqqında müfəssəl məlumat verilir.

 

Öz növbəsində səfir diplomatik fəaliyyətinə başladığı müddətdə ilk dəfə olaraq ADU-da çıxış etdiyini xatırladıb və yenidən burada olamaqdan məmnunluğunu ifadə edib. Universitetdə təşkil olunan tədbirlərdə iştirak edəcəyini deyən qonaq Argentina reallıqlarını çatdırmaq üçün tələbələrlə birbaşa ünsiyyətin vacibliyindən danışıb. Azərbaycanın dinamik inkişafda olan ölkə olduğunu vurğulayan diplomat, burada xoş münasibətlə qarşılandığını söyləyib. Səfir ADU ilə əməkdaşlıq çərçivəsində böyük işlər görmək və layihələri davam etdirməkdə maraqlı olduğunu da diqqətə çatdırıb.

 

Daha sonra tələbə və müəllim mübadiləsi, səfirliklə universitetin “Argentinaşünaslıq” ixtisası üzrə təhsil alan tələbələri arasında əlaqələrin qurulması, birgə layihələr və gələcək perspektivlər müzakirə olunub.