Naxçıvan Dövlət Universitetinin (NDU) Magisrtratura üzrə dekanlığında “Naxçıvan Muxtar Respublikasının təbiət əraziləri” kitabının təqdimatı keçirilib.

 

Təqdimatı giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Muxtar Respublikanın Ali Məclisinin 2019-cu il nəşr planına uyğun olaraq “Əcəmi” Nəşriyyat Poliqrafiya Birliyində nəfis tərtibatla nəşr edilmiş kitabın elmi, ictimai əhəmiyyətindən danışıb.

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Surə Seyid qeyd edib ki, ölkəmizdə ötən əsrin 70-ci illərindən başlayaraq ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ekoloji məsələlərə dövlət səviyyəsində diqqət artırılıb, bu sahədə qanunvericilik bazası formalaşdırılıb, ekoloji fəaliyyətin istiqamətləri müəyyənləşdirilib. Ekoloji strategiya Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilir. Muxtar respublika ərazisində son 25 ildə ekoloji tarazlığın qorunması və əlverişli təbii mühitin yaradılması məqsədilə ən mühüm amil olan yaşıllıqların, meşə ehtiyyatlarının sahəsi 14-%-ə dək artırılıb. Torpaqların geobotaniki tərkibinin qorunması, səhralaşmanın qarşısının alınması sahəsində görülən işlər sayəsində 40 mindən hektardan çox ərazinin suvarılması üçün yeni sututarlar, su kanalları tikilib, torpaqların erroziyaya uğramasınınn qarşısını almaq üçün tədbirlər görülüb. Ekoloji mühitin yaxşılaşdırılması, biomüxtəlifliyin qorunması üçün ətraf mühitə olan neqativ təsirlər minimuma endirilib, iqtisadi inkişafda müasir texnologiyalar tətbiq edilib, alternativ enerji mənbələrindən istifadəyə üstünlük verilib. Son illər Muxtar Respublikada yaradılan və mühafizə edilən qoruq və parklar ali məktəb tələbələri üçün istehsalat təcrübələrinin keçirilməsində əyanilik baxımından xüsusi əhəmiyyətlidir.

 

Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Naziri Mayis Əliyev bildirib ki, həyata keçirilən uğurlu siyasət, sosial-iqtisadi inkişaf, ekoloji strategiya xüsusi mühafizə olunan təbiət ərazilərinin daha da inkişaf edəcəyini, müasir tələblərə cavab verərək təkmilləşəcəyini deməyə əsas verir. 

 

Tədbirdə AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov təqdimatı keçirilən kitabın ekoloqlar, təbiət­sevərlər, eyni zamanda bu sahə ilə maraqlanan bütün insanlar üçün əhəmiyyətli mənbə olduğunu deyib. Akademik vurğulayıb ki, nəşrdə Naxçıvan təbiətinin gözəlliklərinə, eko­turizm potensialına xüsusi yer verilib ki, bu da turizmin təbliğ edilməsi, tanıdılması baxımından mühüm önəmə malikdir.

 

NDU-nun Coğrafiya kafedrasının müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Əli ­Həsənov qeyd edib ki, müasir dövrdə təbiətin mühafizə edilməsi ilə bərabər iqtisadi inkişafda bu təbii sərvətlərdən səmərəli istifadə, xüsusilə ekoturizmin inkişaf etdirilməsi üstünlük verilən istiqamətlərdəndir. Yeni nəşrdə yer alan materiallar, onların tələbə və gənclər üçün önəmi barədə ətraflı məlumat verilib.

 

Tədbirdə Naxçıvan Dövlət Televiziyasının muxtar respublikanın əsararəngiz təbiətinə həsr etdiyi “Naxçıvan zəngin təbiəti” adlı filmi nümayiş edilib.

 

Sonda  Tələbə Turizm Assosiasiyasının hazırladığı guşə ilə tanışlıq olub.