Azərbaycanlı müəllimlər “eTwinning Plus” layihəsi çərçivəsində Türkiyənin İzmir şəhərində keçirilən konfransda iştirak ediblər.

 

Layihə əsaslı təhsilin tətbiqi sahəsində müxtəlif təlimlər, sərgilər və seminarlar təşkil olunmuş konfransda 20-dən çox Avropa ölkəsinin müəllimləri iştirak edib.

 

Tədbirin əsas məqsədi XXI əsr bacarıqları, kompüter elmlərinin tədrisi, layihə əsaslı təhsil mövzusunda müzakirələrin edilməsi və bu sahədə təcrübə mübadiləsinin aparılması olub. 3 gün davam edən tədbirdə iştirak edən Bakı, Gəncə şəhərləri və İsmayıllı rayonundan olan təhsil işçiləri əcnəbi həmkarları ilə əməkdaşlıq edərək beynəlxalq layihələr yaradıb və təhsildə dünya üzrə müasir yanaşmalar ilə tanış olublar.

 

Qeyd edək ki, Avropa Komissiyasının təşəbbüsü ilə yaradılmış “eTwinning” layihəsinə Azərbaycan 2013-cü ildə qoşulub. Layihənin əsas məqsədi pedaqoji işçilər arasında ünsiyyəti artırmaq, əməkdaşlıq imkanları yaratmaq, digər ölkələrdən olan həmkarlar ilə birgə təhsilin inkişafı yönümündə müxtəlif layihələr icra etmək üçün şərait yaratmaqdır. Layihə çərçivəsində Azərbaycandan indiyədək 484 məktəbdən 1730 müəllimin iştirakı ilə 1398 təhsil layihəsi həyata keçirilib. Eyni zamanda, layihədə iştirak edən müəllimlər onlayn təlimlər, Avropanın müxtəlif ölkələrində keçirilən seminar və konfranslarda iştirak ediblər.



Bölmənin digər xəbərləri