Naxçıvan Dövlət Universitetində Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin əməkdaşları ilə birgə startap layihələri müzakirə olunub. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qeyd edib ki, Ali Məclis Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 3 aprel 2019-cu il tarixli Sərəncamı kadr hazırlığına müasir yanaşma və vətəndaşın cəmiyyətə hərtərəfli inteqrasiyasını təmin edir. Rektor bildirib ki, layihənin əsas məqsədi muxtar respublikada investisiya mühitini yaxşılaşdırmaq, yaradıcı düşüncəni və inkişafa xidmət edən ən yaxşı layihələri üzə çıxarmaq, innovativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsinə dəstək olmaqdır.

 

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Naziri Rövşən Məmmədov qeyd edib ki, müvafiq Sərəncamın icrası məqsədilə startap layihələrinə nəzarət mexanizmini asanlaşdıran internet portalının layihəsi hazırlanıb və baxılmaq üçün təqdim olunub. Portalın yaradılmasında əsas məqsəd layihələri birləşdirib, yaxşı ideya müəllifini ortaya çıxarmaqdır. Diqqətə çatdırılıb ki, hami təşkilatlara birbaşa müraciət etmək fürsəti portalın imkanlarını daha da səmərəli edəcək və aparılan müzakirələr sonunda ən yaxşı ideya müəllifi seçiləcək. Vurğulanıb ki, layihələrini irəli sürən startap müəllifləri mayın 8-də keçirilən Azərbaycana Milli Turunun komandasına seçiləcək, oktyabrda isə ölkə turuna vəsiqə almış olacaqlar. Nazir layihələri qiymətləndirən ekspert qrupunu təqdim edib.

 

Sonra startap müəllifləri təqdimatla çıxış ediblər. 31 layihənin qatıldığı təqdimatda 100-123 arası bal toplayan 15 layihə mayın 8-də keçiriləcək final mərhələsinə vəsiqə qazanıb.