Məktəblilərarası “Gənc istedadlar” breyn-rinq bilik yarışının növbəti mərhələsi keçirilib.

 

Yarışda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 21, 36, 76, 113, 145 və 312 nömrəli tam orta məktəblərin “Zirvə”, “Əlaçılar”,  “Zəfər”, “Bilik”, “İntellekt”, “Lider”  komandaları iştirak edib.

 

Bilik yarışının V mərhələsi Bakı mövzusuna həsr olunub. Bu mərhələdə komandalar Bakının tarixi, coğrafiyası, flora və faunası, mədəni abidələri, dini ibadətgahları, adət-ənənələri və tanınmış şəxsiyyətlərinə aid sualları cavablandıraraq biliklərini sınaqdan keçiriblər.

 

Mərhələnin sonunda 21 nömrəli tam orta məktəbin “Zirvə” və 113 nömrəli tam orta məktəbin “Bilik” komandası 17 xal toplayaraq digər komandalardan üstün olub.

 

Qeyd edək ki, bilik yarışının təşkil olunmasının əsas məqsədi şagirdlərin istedad və qabiliyyətinin, dünyagörüşünün, intellektual səviyyəsinin, müzakirə, təhliletmə, nitq, özünü təqdimetmə, kollektivi təmsiletmə qabiliyyətinin inkişafı və İKT-dən istifadə bacarıqlarının üzə çıxarılmasından ibarətdir.

 

Onu da qeyd edək ki, “Gənc istedadlar” breyn-rinq bilik yarışının final mərhələsi ümummilli lider Heydər Əliyevə həsr olunacaq.

 

Yarışın bütün mərhələləri üzrə komandaların aylıq topladığı xallar hesablanaraq sonda qalib məktəb seçiləcək.