Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) təşkilatçılığı ilə Zəngilan rayonu 29 saylı tam orta məktəbdə görüş keçirilib. AMEA Fizika İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, görüşdə məqsəd elmin populyarlaşdırılması, məktəblilərin fizika elmi sahəsində bilik və bacarıq səviyyəsinin yüksəldilməsi olub.

 

Tədbiri giriş sözü ilə məktəbin direktoru Ayna Zeynalova açıb. O, gənc alimlərlə şagirdlərin görüşünün faydasını vurğulayıb. Bildirib ki, təhsil müəssisələrində keçirilən elmi görüşlər, seminarlar məktəblilərin təkcə fizika fənninə deyil, elmə olan marağının da artmasına şərait yaradır.

 

GAMŞ sədri, fizika üzrə fəlsəfə doktoru Ülkər Səmədova qeyd edib ki, görüşün keçirilməsində məqsəd gənc alimlərlə şagirdlər arasında ünsiyyətin yaradılması, gənc alim və mütəxəssislərin elmi fəaliyyətləri ilə məktəbliləri tanış etmək və fizika elminin sirlərini onlara nümayiş etdirməkdən ibarətdir. 

 

Daha sonra GAMŞ-ın üzvləri məktəblilər qarşısında çıxış edib, onlara müxtəlif elmi təcrübələr nümayiş etdiriblər. Elmi təcrübələr şagirdlər tərəfindən maraqla qarşılanıb, təcrübələrin geniş izahı verilib, suallar cavablandırılıb.