Avropa İttifaqının Tvinninq proqramı çərçivəsində Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” adlı layihənin İdarəetmə Komitəsinin növbəti iclası olub.

 

Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsində sektor müdiri Yaşar Ömərov giriş nitqi ilə çıxış edərək layihənin ölkəmizdə ali təhsilə verəcək töhfələrindən danışıb, layihə sayəsində ali təhsil sisteminin Avropa Ali Təhsil Məkanına daha da uyğunlaşacağına inamını ifadə edib.

 

Sonra layihənin Fransadan olan rəhbəri Bruno Kurval, Litvadan olan layihə rəhbəri Giedrius Viliunas və layihənin Latviyadan olan rəhbəri Ramina Baiba çıxış edib, layihənin uğurlu nəticəsinə əmin olduqlarını bildiriblər.

 

Layihənin Fransa üzrə koordinatoru Liza Baydanovam öz növbəsində ötən dövr ərzində görülən işlərlə bağlı məlumat verib, növbəti rüb ərzində planlaşdırılan tədbirləri diqqətə çatdırıb.  

 

Yekunda layihənin komponent liderləri öz komponentləri çərçivəsində görülən işlərdən məlumat veriblər.

 

Sonda Komitənin üzvləri tərəfindən növbəti iclasın sentyabrın əvvəlində keçirilməsi ilə bağlı qərar qəbul edilib.

 

Qeyd edək ki, Fransa, Litva və Latviyadan olan layihə rəhbərləri həmçinin nazirliyin aparat rəhbərinin müavini Yaqub Piriyev və Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, eləcə də Azərbaycan Pedaqoji Universitetinin rəhbərliyi ilə görüşlər keçirib və layihənin icrası ilə bağlı məsələləri müzakirə ediblər.