Keyfiyyət dəyişiklikləri davamlı xarakter alır


2018-2019-cu tədris ilində “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın 5 ili tamamlandı. Bu, təhsil sahəsində həyata keçirilən genişmiqyaslı islahatların nəticələrinə nəzər salmaq üçün bir əsas oldu. Hərçənd təhsil elə bir sahədir ki, burada dəyişikliklərə qiymət vermək üçün bu müddət kifayət etmir, ancaq dəyişən keyfiyyəti fərq etməmək də mümkün deyil. Təhsilin əhatəliliyi və əlçatanlığı, təhsildə ölçüləbilən meyarlar əsasında keyfiyyətin yüksəlməsi, sosial bərabərlik prinsipinin təmin edilməsi istiqamətində müsbət dinamikanı görməzdən gəlmək mümkün deyil. Üstəlik, ölkəmizdə təhsildə keyfiyyət artımı Təhsil Nazirliyinin yalnız öz hesablamalarının, tədqiqatlarının nəticələri ilə müəyyən edilmir. Azərbaycan PISA, TIMS və PIRLS kimi beynəlxalq qiymətləndirilmələrdə iştirak edir və nəticələr yuxarıdakı fikirlərin təsdiqidir.

 

Dövlət İmtahan Mərkəzinin apardığı qiymətləndirmə - orta və tam orta təhsil səviyyələri üzrə aparılan buraxılış imtahanlarının nəticələri də davamlı müsbət inkişafı göstərir. Burada həm kəmiyyət, həm də keyfiyyət yüksəlişi hiss olunacaq dərəcədədir. Məsələn, 2017-2018-ci tədris ilinin 41 minə yaxın məzunu başa vurduğumuz tədris ilində ali təhsil müəssisələrinin tələbəsi oldu.

 

Əvvəlki illə müqayisədə 400 baldan yuxarı nəticə göstərənlərin sayı 2000 nəfər, yəni 13.7 faiz, 500-dən yuxarı bal toplayanların sayı 1400 nəfər, yəni 18.7 faiz, 600 baldan yuxarı nəticə göstərənlərin sayı 700 nəfər, yəni 26.5 faiz oldu.

 

2018-2019-cu tədris ilində orta məktəblərdən məzun olanların ali təhsil müəssisələrinə qəbul müsabiqəsindəki nəticələri hələ məlum olmasa da, buraxılış imtahanlarının nəticələrinə görə, 4 nəfər mümkün olan maksimum - 300 bal toplayıb. Həmin imtahanlarda 300 bal yığanların arasında Bakı məktəbliləri ilə yanaşı, rayonlardan olan şagirdlərin də yer alması təhsilin Azərbaycanın böyük şəhərlərində deyil, regionlarında da inkişafından xəbər verir.

 

Cari tədris ilində XI sinfi bitirən şagirdlər yeni məzmun əsasında ümumi təhsili başa vuran ilk məzunlar olduğuna görə, onların buraxılış imtahanlarının yeni modelinə keçidlə bağlı Təhsil Nazirliyinin yaxından iştirakı ilə DİM tərəfindən yeni qaydalar tətbiq edilib. Odur ki, bu il buraxılış imtahanı yeni məzmun və formada 2 mərhələdə təşkil olunur. İlk dəfə olaraq ali məktəbə qəbul həmin buraxılış və qəbul imtahanlarında toplanan ballar nəzərə alınmaqla aparılır.

 

Dövlət Strategiyasının həyata keçirilməsi ilə dəyişikliklər, sadəcə, məktəb və məktəbliylə bağlı olmayıb. Dəyişən həm də müəllimliyə münasibətdir. Dövlət Strategiyasına uyğun olaraq müəllimə və müəllimliyə qarşı tələblərin artmasının nəticəsidir ki, son illərdə bu peşəyə olan münasibət dəyişib. Bu, özünü sonuncu tədris ilinin qəbul kampaniyasının nəticələrində də göstərib. Məsələn, ali məktəblərə qəbul imtahanlarında 500-692 bal toplayaraq yüksək nəticə göstərən 2090 nəfər müəllimlik ixtisasını seçib. Əgər 4 il əvvəl ADPU-ya cəmi 20 nəfər 500 baldan yüksək nəticə göstərən abituriyent qəbul olunmuşdusa, 2018-ci ildə onların sayı 527 nəfərə çatıb. Bu isə o deməkdir ki, təhsildə keyfiyyət və müəllimliyə münasibət 20 ilə 527 arasındakı fərq qədər dəyişib.

 

Bu tədris ilində sadəcə müəllim olmaq istəyənlərin deyil, müəllim kimi işə başlayanların da sayı artıb. 2018-2019-cu tədris ilində ümumilikdə müddətsiz müqavilə əsasında 4053, müddətli müqavilə əsasında 4500 müəllim işə qəbul edilib ki, bu da son illərdə vakant yerlərin 100 faiz tutulması baxımından ən yüksək göstərici olub. Görülən işlərin nəticəsidir ki, ümumilikdə son 5 ildə məktəblərin müəllim tərkibi keyfiyyət baxımından yaxşılaşıb, 20 mindən çox gənc müəllim işə qəbul olunub.

 

Peşə təhsili sahəsindəki inkişaf Avropa İttifaqının 2018-ci il üçün Azərbaycan üzrə tərtib etdiyi biznes mühiti hesabatından aydın görünür. Avropa İttifaqına üzv olan 20 ölkədən təqribən 385 şirkətin Azərbaycanda biznes fəaliyyəti ilə bağlı fikirlərinin yer aldığı Avropa İttifaqının Azərbaycan üzrə sorğu hesabatında 5 ən vacib islahat tədbiri kimi peşə təhsili sisteminin şirkətlərin tələblərinə uyğunlaşdırılması, habelə peşə təhsili və təlimin müsbət nəticələri qeyd edilib.

 

Daha bir qiymətləndirmə isə Qlobal Rəqabətlilik Hesabatında öz əksini tapıb. Buradan görünüb ki, 140 ölkə arasında 69-cu yerdə qərarlaşan ölkəmizin mövqeyi 12 indikatordan 9-u üzrə yaxşılaşıb. Azərbaycanın göstəriciləri hətta dünyanın bir sıra inkişaf etmiş ölkələrinin göstəricilərindən də yüksək olub. Azərbaycanın qazandığı həmin mövqedə təhsilin inkişafının rolu danılmazdır. Belə ki, təhsilin kəmiyyət və keyfiyyət parametrlərinə əsaslanan “Bacarıqlar” indeksi üzrə ölkəmiz ümumilikdə 54-cü yerə, bu kateqoriyanın tərkib hissəsi olan rəqəmsal bacarıqlar üzrə 15-ci, tədrisdə tənqidi düşüncə üzrə 27-ci, bacarıqlı işçilər tapmaq asanlığı üzrə 31-ci, məzunların bacarıqları üzrə 32-ci, ibtidai təhsildə müəllim-şagird nisbəti üzrə 48-ci yerə yüksəlib.

 

Bu da “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın icrası istiqamətində fəaliyyətin düzgün qurulduğunun bir göstəricisidir.

 

 

Məktəbdən əvvəl məktəbəhazırlıq

 

 

Təhsil tariximizdə ilk dəfə olaraq dövlət büdcəsi hesabına ümumtəhsil məktəblərində 5 yaşlı uşaqların məktəbəhazırlığı aparılır. 2018-2019-cu tədris ili həmin yaşda olan uşaqların 75 faizinin məktəbəhazırlığa cəlb edilməsi ilə yadda qalıb.

 

Məktəbəhazırlıq qruplarında işləyən 10 minədək ibtidai sinif müəllimi təlimlərə cəlb edilib, yeni məzmun və tədris materialları hazırlanaraq tətbiq olunub. Həyata keçirilən tədbirlər nəticəsində tarixən məktəbəqədər təhsil müəssisələri olmayan yaşayış məntəqələrində, ucqar kəndlərdə də uşaqların məktəbəhazırlığı təmin edilib. Məktəbəhazırlığın əhatəliliyi 2020-ci ildə 90 faizə çatdırılacaq. Hədəf bəllidir: bu imkan hər bir uşaq üçün yaradılır.

 

Qeyd edək ki, Azərbaycana həyata keçirdiyi islahatlarda YUNİSEF və Avropa Birliyi xüsusi dəstək verib. Məsələn, adıçəkilən təşkilatların maliyyə dəstəyi ilə 2017-ci ildən “3-5 yaşlı uşaqların icma əsaslı məktəbəqədər təhsilə cəlb olunması layihəsi”nə start verilib. Beynəlxalq təcrübəyə əsaslanan bu layihə Bakı şəhərində və 10 rayonda 100 icmanı, 2 mindən çox uşağı əhatə etməklə həyata keçirilir. Bu model həm təhsilin keyfiyyəti, həm də maliyyə səmərəliliyi baxımından özünü doğruldur. Növbəti dərs ilində daha 250 icmada məktəbəqədər qrupların açılacağı gözlənilir.

 

 

Ümumi təhsil pilləsində

 

 

Şəxsiyyətin formalaşmasında, zəruri həyati bacarıqlara yiyələnməsində, müstəqil fəaliyyətə hazırlanmasında müstəsna əhəmiyyətə malik ümumi təhsil pilləsində saysız-hesabsız yeniliklər bu sahəyə xüsusi diqqətin nəticəsidir.

 

Bu saysız yeniliklərin başında isə ümumi orta təhsil pilləsində 2018-2019-cu dərs ilindən qiymətləndirmədə yeni yanaşmanın tətbiqi gəlir. Bu tədris ilində ən böyük maraq, ən geniş müzakirə və ən çox yaranan sual bu məsələ ətrafında oldu.

 

Ümumi təhsildə 11 il bundan əvvəl başlanmış məzmun islahatlarının bir mərhələ kimi başa çatması və beynəlxalq təcrübəyə əsaslanan yeni qiymətləndirmə mexanizmlərinin tətbiqi nəticəsində məktəbdaxili qiymətləndirmə sistemi əhəmiyyətli şəkildə təkmilləşdirildi, müəllimlərin və valideynlərin rəyi nəzərə alınaraq şagirdlərin tədris yükü optimallaşdırıldı.

 

 

Məktəblərdə istedad axtarışı nəticə verir

 

 

İstedadlı uşaqlarla iş sahəsində görülən işlər də nəticə verir. Bunun nəticələrindən biri 2018-ci ildə respublika fənn olimpiadalarında iştirakçı sayında özünü göstərib. 33 min şagirdin iştirak etdiyi son yarışda rəqəmlər 2013-cü illə müqayisədə 5 dəfə çoxdur. Beynəlxalq olimpiada və bilik yarışlarında Azərbaycan məktəbliləri 1 qızıl, 8 gümüş, 20 bürünc medal, 7 həvəsləndirici sertifikat əldə edib. Bakı məktəblisi, 7-ci sinif şagirdi Fidan Qarayeva 8-ci Avropa Qızlar Riyaziyyat Olimpiadasında bürünc medal əldə edərək həmin olimpiadanın tarixinə ən gənc qalib kimi adını yazdırıb. Balkan Riyaziyyat Olimpiadasında Azərbaycan məktəblilərinin göstərdiyi ən yaxşı nəticə də bu il qeydə alınıb. Belə ki, 36-cı Balkan Riyaziyyat Olimpiadasından məktəblilərimiz 4 gümüş və 1 bürünc medalla qayıdıb.

 

 

Tədrisdə İKT-dən istifadə imkanları genişləndirilir

 

 

Azərbaycanda məktəblərin 62 faizi internetlə təmin edilib. Yəni, tədrisdə İKT-dən istifadə imkanlarının genişləndirilməsi baxımından ölkə üzrə internetə və Azərbaycan Təhsil Şəbəkəsinə (ATŞ) qoşulmuş məktəblərin sayı 2746-ya çatdırılıb. Bununla da şəbəkəyə qoşulmuş təhsil müəssisələri bütün şagirdlərin 85 faizi, pedaqoji heyətin isə 73 faizini əhatə edib. ATŞ-yə qoşulmuş təhsil müəssisələrində internet filtrasiya sistemi tətbiq olunub. Bu texnologiya internet-axtarış sistemlərində müxtəlif dillərdə 60-a qədər kateqoriya üzrə zərərli informasiyanın axtarışını məhdudlaşdırır və uşaqların zərərli məzmundan müdafiəsini təmin etməyə imkan verir.

 

Elektron resurslardan istifadə vasitəsilə tədrisin və öyrənmənin keyfiyyətinin yüksəldilməsi istiqamətində Təhsil Nazirliyinin  www.e-resurs.edu.az, www.e-derslik.edu.az, www.video.edu.az portallarında mütəmadi olaraq yeni tədris resursları (elektron dərslik, metodik vəsait, sinifdənxaric oxu vəsaitləri) yerləşdirilir. 2018-ci ildə portallardan istifadə sayı 4.2 milyonu ötüb.

 

Qeyd edək ki, müəllimlərin, şagirdlərin və valideynlərin həmin resurslardan istifadəsi pulsuzdur. 

 

İKT-dən istifadə imkanlarının yaxşılaşdırılması istiqamətində həyata keçirilən və ən çox rəğbət görən layihələrdən biri “Rəqəmsal bacarıqlar”dır. Şagirdlərdə məntiqi, tənqidi, yaradıcı təfəkkürü inkişaf etdirmək, tədqiqatçılıq bacarıqları formalaşdırmaq, innovasiyaları mənimsəmək və tətbiq etmək, onların yüksək texnoloji ixtisaslara marağını artırmaq məqsədi ilə Təhsil Nazirliyinin təşəbbüsü ilə ötən tədris ilindən start götürən layihə bu il kifayət qədər genişləndirilib. Bakı və Gəncə şəhərlərinin 71 ümumtəhsil məktəbində 26 min şagird cəlb edilməklə “Rəqəmsal bacarıqlar” layihəsinə başlanıb. Uğurlu nəticələri nəzərə alınaraq növbəti tədris ilində layihə 100-dən çox məktəbi və 100 mindən çox şagirdi əhatə edəcək. Layihə müxtəlif beynəlxalq sərgilərdə, o cümlədən Parisdə Təhsildə İnnovasiyalar üzrə Dünya Sammitində də təqdim edilib və böyük maraqla qarşılanıb.

 

Bu siyasətin davamı kimi təhsil müəssisələrində İKT əsaslı infrastrukturun və elektron idarəetmə sisteminin yaradılması, rəqəmsal şəbəkənin inkişafı, elektron tədris resurslarından istifadənin genişləndirilməsi, pedaqoji və inzibati heyətin potensialının gücləndirilməsi və digər hədəflər əhatə olunmaqla “Təhsil müəssisələrinin İKT infrastrukturunun inkişafı üzrə Dövlət Proqramı” hazırlanıb.

 

 

Xüsusi qayğıya ehtiyacı olan şəxslərin təhsil hüququ təmin olunur

 

 

Xüsusi qayğıya ehtiyacı olan şəxslərin təhsili və inkişafı Təhsil Nazirliyinin fəaliyyətinin əsas prioritetlərindən birini təşkil edir. Həmin kateqoriyadan olan uşaqların təhsil hüququnun təmin edilməsi və cəmiyyətə inteqrasiyası məqsədilə Heydər Əliyev Fondunun və YUNİSEF-in dəstəyi ilə “2018-2024-cü illərdə Azərbaycan Respublikasında əlilliyi olan şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” hazırlanaraq təsdiq edilib. Təhsilin bütün pillələri üzrə sağlamlıq imkanları məhdud şəxslərin təhsilini digər həmyaşıdları ilə bərabər səviyyədə təmin etmək və onların təhsili üçün maneəsiz mühit yaratmaq məqsədi ilə icrasına başlanılan Proqram çərçivəsində hazırda 5 əsas istiqamət üzrə tədbirlər həyata keçirilir. Belə ki, bu sahədə ilk növbədə normativ hüquqi baza təkmilləşdirilir, infrastruktur və məzmun ehtiyaclara uyğunlaşdırılır,  pedaqoji kadrların hazırlanması və peşəkarlığının artırılması istiqamətində iş gedir. Məlumat bazasının yaradılması və aidiyyəti dövlət qurumları ilə birlikdə maarifləndirmə işinin təşkili də əsas fəaliyyət istiqamətlərini təşkil edir.

 

Təhsil ictimaiyyətinə məlum olduğu kimi, Təhsil Nazirliyi YUNİSEF-lə birgə “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsini həyata keçirir. Bu fəaliyyət nəticəsində Bakı şəhərinin 4 məktəbində sağlamlıq imkanları məhdud 54 şagird inklüziv təhsilə cəlb olunub. Bununla yanaşı, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün alternativ xidmətlər, qayğı və reabilitasiya mərkəzləri, inteqrasiya təlimli təhsil müəssisələri yaradılıb. Bu işlərin nəticəsində 2018-2019-cu tədris ilində sağlamlıq imkanları məhdud 10 minədək uşaq xüsusi təhsil müəssisələrində, inteqrasiya təlimli təhsil müəssisələrində və ümumi təhsil müəssisələrinin nəzdindəki xüsusi siniflərdə təhsil alır.

 

 

İdarəetmə sistemi təkmilləşdirilir

 

 

Ümumi təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi, peşəkar kompetensiyalara və idarəetmə bacarıqlarına malik menecerlərin hazırlanması, ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə səriştəli, peşəkar, yüksək idarəçilik qabiliyyətinə malik şəxslərin seçilib yerləşdirilməsi məqsədi ilə həyata keçirilən tədbirlər də cəmiyyətdə müsbət qarşılanır. Təhsil Nazirliyi tərəfindən tətbiq edilən 4 mərhələli (elektron ərizələrin qəbulu, sənədlərin ekspertizası, elektron test imtahanı, müsahibə) yeni mərkəzləşdirilmiş müsabiqə mexanizmi sayəsində artıq ehtiyat kadr bazası yaradılıb. Yeni müsabiqə mexanizmi əsasında cari tədris ilində 300 məktəbə yeni direktor təyin edilib.

 

 

Dərslik hazırlığında da yenilik ili

 

 

2018-2019-cu dərs ili dərslik hazırlığı sahəsində də yenilik ili oldu. Təhsil İnstitutu nəzdində Tədris Resursları Mərkəzi yaradıldı, dərslik hazırlığı üzrə mütəxəssislər cəlb edildi, qabaqcıl təhsil sistemlərinin təcrübəsi və bu sahədə mövcud olan innovasiyalar tədqiq edildi və yeni məzmun konsepsiyası əsasında ümumtəhsil məktəbləri üçün ehtiyat dərsliklərin hazırlanmasına başlandı. İlkin mərhələdə I siniflər üçün Ana dili və riyaziyyat dərslikləri hazırlanıb və hazırda 100-dən çox məktəbdə sınaqdan keçirilir. Növbəti addım həmin dərsliklərin pilot tətbiqi və II siniflər üçün dərsliklərin hazırlanmasıdır.

 

 

Ümumi təhsildə yeni qanun

 

 

Ancaq ümumi təhsildə ən önəmli hadisə yeni qəbul edilən “Ümumi təhsil haqqında” Qanundur. Məktəblilərin geyimindən tutmuş sinifdə şagirdlərin sayına qədər hər ayrıntıya yer verilən sənəd 5 fəsil 33 maddədən ibarətdir. Sözügedən qanun vətəndaşların ümumi təhsil sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə nəzərdə tutulmuş təhsil hüququnu, ümumi təhsil prosesi iştirakçılarının hüquq və vəzifələrini müəyyən edir, onlar arasında münasibəti tənzimləyir və ümumi təhsilin təşkilati-hüquqi bazasını yaradır.

 

Qeyd edək ki, indiyədək təhsilin bütün pillələri və səviyyələri, o cümlədən ümumi təhsil pilləsi  “Təhsil haqqında” çərçivə qanunu ilə tənzimlənirdi. Artıq ümumi təhsil sahəsindəki vəzifələri - dövlət təhsil müəssisələrinin yaradılması, bələdiyyə və özəl təhsil müəssisələrində şəraitin yaradılması, attestasiyanın keçirilməsi, lisenziyaların verilməsi “Ümumi təhsil haqqında” Qanunla tənzimlənir. Qanunda nəzərdə tutulan ən vacib məsələlərdən biri tədris dili ilə bağlıdır. 6-cı maddədə göstərilib ki, ümumi təhsil müəssisələrində tədris dili dövlət dili - Azərbaycan dilidir. Amma valideynlərin, şagirdlərin istəyi nəzərə alınaraq tədris başqa dildə də aparıla bilər.

 

Qanunda daha bir məsələyə münasibət qətiləşib. Əvvəllər 6 yaşlıların məktəbə cəlb edilməsində müəyyən problemlər yaranırdı. Təhsil Nazirliyinin təklifi ilə “Təhsil haqqında” Qanuna edilən düzəlişdən sonra təqvim ilinin sonunadək 6 yaşı tamam olan bütün uşaqların məktəbə qəbulunda narahatlıqlar aradan qaldırılıb.

 

“Ümumi təhsil haqqında” Qanunda da əksini tapan bu dəyişikliyə görə, artıq 6 yaşı tamam olan hər bir uşaq birinci sinfə qəbul edilir.

 

Məktəbli geyimləri ilə bağlı da qanunda münasibət aydınlaşıb. Böyük müzakirələrə səbəb olan və hamını maraqlandıran bu məsələ 12-ci maddədə əksini tapıb. Burada qeyd edilib ki, dövlət ümumi təhsil müəssisəsində təhsilalanlar üçün müvafiq icra hakimiyyəti tərəfindən müəyyən olunan geyim formaları tətbiq edilir. Bu tətbiq birmənalı olaraq diqqətin yayınmasına, ayrı-seçkiliyə imkan verməyəcək, təhsilin əlçatanlığı kimi, təhsilalanlar arasında hər hansı qeyri-sağlam münasibətin aradan qaldırılmasına da öz töhfəsini verəcək.

 

Pedaqoji işçilərə şamil edilən bütün imtiyazlar orta məktəblərdə çalışacaq müəllim köməkçiləri, məsləhətçilər, tərbiyəçilər, defektoloq, loqopedlərə də tətbiq ediləcək. Yəni, qanunun 21.0.3 maddəsində ümumi təhsil prosesinin iştirakçıları müəyyən edilir və bu prosesdə iştirak edən pedaqoji işçilər siyahısında çağırışaqədərki hazırlıq rəhbərləri, praktik psixoloqlar, sosioloq-pedaqoqlar, uşaq birliyi rəhbərləri, laborantlar, sosial xidmət sahəsinin işçiləri, metodistlər, təhsili idarəetmə orqanlarının aparıcı struktur bölmələrinin əməkdaşları, təhsil müəssisələrinin təlim-tərbiyə işi ilə məşğul olan rəhbərləri də sadalanır. Qanunla artıq pedaqoji işçilər sayılacaqlarından onların əməkhaqqı artımı, məzuniyyət məsələləri həll edilir. Onlar artıq Təhsil Nazirliyi tərəfindən həyata keçirilən qiymətləndirilmə, sertifikatlaşdırma ilə bağlı islahatlardan kənarda qalmayacaq, nəticədə maaşları müvafiq qaydada artacaq.

 

Ümumiyyətlə, 2018-2019-cu tədris ilində əldə edilmiş ən mühüm nailiyyətlərdən biri təhsil qanunvericiliyinin əsaslı şəkildə yenilənməsidir. Təhsil Nazirliyinin təşəbbüsü ilə “Təhsil haqqında” Qanuna 62 dəyişikliyi özündə əks etdirən təkliflər paketinin qəbul edilməsi ilə gözlənilən bir çox dəyişikliklər reallaşıb. Həmin dəyişikliklərdən biri beynəlxalq fənn olimpiadalarının, respublika fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunması ilə bağlıdır. Belə ki, Azərbaycanda beynəlxalq fənn olimpiadalarının qaliblərinə istənilən ixtisas üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunaraq təhsil almaq hüququ verilib. Respublika Fənn Olimpiadalarının qalibləri isə yalnız öz ixtisası üzrə ali təhsil müəssisələrinə imtahansız qəbul ediləcəklər. Bu dəyişikliyin qaydaları artıq müəyyənləşdirilib və bu tədris ilindən etibarən həyata keçirilir.

 

“Peşə təhsili haqqında” Qanunun qəbulunu da nəzərə alsaq, qanunvericilik bazasının təkmilləşdirilməsinin təhsilin bütün pillələrini və səviyyələrini əhatə etdiyini deyə bilərik. “Peşə təhsili haqqında” Qanunda ilk dəfə olaraq bu təhsil pilləsinin 3 səviyyəli - ilk peşə təhsili, texniki peşə təhsili, yüksək texniki peşə təhsili olması təsbit edilib. Həmin qanunların və 2017-ci ildə qəbul edilmiş “Məktəbəqədər təhsil haqqında” Qanunun tətbiqi də nəzərə alınmaqla 25-dək normativ hüquqi sənəd layihəsi hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub, onların böyük əksəriyyəti təsdiq edilib.

 

Bir sözlə, Təhsil Nazirliyinin Milli Məclislə birgə reallaşdırdığı təşəbbüslər təhsil islahatlarının daha çevik aparılmasına, təhsil sisteminin beynəlxalq təcrübəyə uyğunlaşdırılmasına əlverişli zəmin yaradıb.

 

 

Orta ixtisas təhsilinin inkişafına yeni yanaşmalar

 

 

“Təhsil haqqında” Qanuna edilən dəyişikliklərdən bəhs edərkən orta ixtisas təhsilinin inkişafına təkan verəcək yeni qərarlardan danışmamaq mümkün deyil. Nazirlər Kabinetinin bu ilin mayında verdiyi qərara əsasən, “Orta ixtisas təhsili müəssisələrinə bakalavrların, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu, habelə bakalavriatı (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsi Qaydaları” təsdiq edilib. Həmin qərara əsasən, bakalavrlar ali təhsil pilləsi üzrə aldıqları ixtisasdan asılı olmayaraq orta ixtisas təhsili müəssisələrinə ödənişli əsaslarla müsabiqədənkənar qəbul imkanı əldə ediblər. Eyni zamanda subbakalavrlar qəbul imtahanlarında iştirak etmədən müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul hüququ qazanıblar. Bunlarla yanaşı, bakalavriat səviyyəsini normativ təhsil müddətində başa vurmayan və ali təhsil müəssisəsindən xaric olunanlar da təhsillərini orta ixtisas təhsili müəssisələrində davam etdirmək hüququ əldə ediblər.

 

Ekspertlər hesab edir ki, yeni qayda əmək bazarına çevik uyğunlaşmanın, məşğulluğun və təhsilin əlçatanlığının təmin edilməsinə, eyni zamanda kollec təhsilinin nüfuzunun artırılmasına öz töhfəsini verəcək.

 

 

Ali təhsilin əlçatanlığı artırılır

 

 

Ali təhsilin əlçatanlığının artırılması, tələbələrin sosial müdafiəsinin yaxşılaşdırılması, ölkədə yüksəkixtisaslı, peşəkar kadrların hazırlanması, ali təhsildə rəqabət mühitinin formalaşdırılması sahəsində də bu tədris ili əhəmiyyətli qərarlar ili olaraq tarixə düşdü. Həmin qərarlardan biri ölkədə təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlıdır. Ölkə Prezidentinin Sərəncamına əsasən, dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı bu il martın 1-dən 16 min vahid artırılıb. Nəticədə təqaüd alan tələbələrin sayının 2019-2020-ci tədris ilində 45 faizə, 2020-2021-ci tədris ilindən başlayaraq isə 50 faizdən az olmayan səviyyəyə çatdırılması nəzərdə tutulub. Bununla yanaşı, doktorantlara, ali, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin AMEA-nın magistratura səviyyəsində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləği də orta hesabla 20 faiz artırılıb. Bu proses 110 mindən çox tələbəni və doktorantı əhatə edib. Hazırda universitetlərdə tələbələrin 42 faizi, kolleclərdə 41 faizi, peşə təhsili müəssisələrində 81 faizi təqaüdlə əhatə olunub.

 

Eyni zamanda, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə dövlət sifarişi yerləri 66 faiz artaraq 12300-dən 20500-ə çatdırılıb. Bu da ümumi qəbul planının 42 faizini təşkil edib. Halbuki ötən il bu göstərici 27 faiz təşkil edirdi. Həmin tədbirlərin davamı kimi, ölkə Prezidenti I və II dərəcə əlilliyi olan, habelə, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin təhsil haqqı xərclərinin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi barədə Sərəncam imzalayıb.

 

 

Ali təhsil pilləsində yeni Dövlət Proqramı

 

 

2018-ci ilin sonu təhsil sahəsində xüsusilə əhəmiyyətli dövr olaraq yadda qaldı. Noyabrın 16-da Prezident İlham Əliyevin sərəncamı ilə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” qəbul edildi. Bu, ali təhsilin əlçatanlılığına nail olunması istiqamətində ən böyük addımlardan biri sayılır. Proqrama uyğun olaraq müxtəlif qurumların üzərinə ayrı-ayrı vəzifələr qoyuldu. Həmin vəzifələrin yerinə yetirilməsində koordinasiya Təhsil Nazirliyinə həvalə edildi.

 

Beləliklə, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın əsas hədəfi elm sahəsindəki qabaqcıl nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, ölkəmizdə yeni nəsil mütəxəssislərin yetişdirilməsi, Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsidir. Dövlət Proqramının birinci komponentində ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları, xarici mütəxəssislərin cəlb olunması yolu ilə təkmilləşdirilməsi, yeni akademik mühitin yaradılması nəzərdə tutulur.

 

Təhsil Nazirliyində hesab edirlər ki, bu proqramın tətbiqi bundan sonrakı prosesdə xaricdən mütəxəssislərin Azərbaycana dəvət edilməsinə, burada keyfiyyətli təhsil mühitinin qurulmasına, gənclərə ölkədən çıxmadan da yüksək səviyyəli təhsil almaq imkanlarının yaradılmasına imkan verəcək. Bununla da Azərbaycanda da keyfiyyətli təhsil verilməsinə nail olunacaq.

 

İkili diplom proqramlarının təsis edilməsi ilə tələbələr Azərbaycanda dünya standartlarına uyğun təhsil ala biləcəklər və onların təhsil haqqı dövlət hesabına ödəniləcək.

 

İkinci komponent isə ölkəmizin ali təhsil müəssisələrinin akademik potensialının gücləndirilməsi məqsədi ilə milli kadrların hazırlanması üçün xaricdə doktorantura səviyyəsində təhsilin maliyyələşdirilməsini əhatə edir. Bu məqsədlə doktorantura səviyyəsi üzrə seçimin təkmilləşdirilməsi, təhsil nailiyyətlərinin monitorinqi sisteminin yaradılması, müxtəlif sahələr üzrə yerli ali təhsil və elm müəssisələri üçün peşəkar mütəxəssislərin yetişdirilməsi həyata keçiriləcək. Dövlət Proqramı çərçivəsində hazırlanmış normativ-hüquqi aktlar Nazirlər Kabinetinə təqdim edilib və ikinci əsas komponenti üzrə işlərə başlanılıb. Belə ki, gənclərin xaricdə doktorantura təhsili alması üzrə prosesə bu aydan start veriləcəyi gözlənilir.

 

Sənəddə Azərbaycan alimlərinin ayrı-ayrı ölkələrdən olan alimlərlə birgə tədqiqatlar aparması da əksini tapıb.

 

 

Əlçatanlıq da artıb, keyfiyyət də

 

 

Ümumiyyətlə, ölkədə ali təhsil alma imkanları ildən-ilə genişləndirilir. Son 5 il ərzində qəbul olunan tələbələrin sayında 20.8 faiz artım olub. Bu göstərici, yuxarıda da qeyd etdiyimiz kimi, ötən il 41 mini ötmüşdü. Artım tendensiyası cari ildə təsdiq edilmiş qəbul planında da davam etdirilib, bakalavriat səviyyəsinə qəbul planı 48 506 nəfərə yüksəlib, yəni 6.4 faiz artıb. Qəbul planı hazırlanarkən ali təhsilin inkişafı ilə bağlı qlobal tendensiyalar, son illərin nəticələrinin təhlili, ali təhsil müəssisələrinin elmi-pedaqoji kadr potensialı, tədris metodiki, maddi-texniki və laboratoriya bazası, əmək bazarının ehtiyacları ilə bağlı təhlillərin nəticələri nəzərə alınıb.

 

Cari ildə “Təhsil” ixtisas qrupuna daxil olan ixtisaslar üzrə qəbul yerləri 8 faiz, dövlət sifarişi 46.8 faiz, “Humanitar və sosial” ixtisas qrupu üzrə qəbul yerləri 6.5 faiz, dövlət sifarişi 82.7 faiz, “İqtisadiyyat və idarəetmə” ixtisas qrupu üzrə qəbul yerləri 5.2 faiz, dövlət sifarişi 50.4 faiz, “Təbiət” ixtisas qrupu üzrə qəbul yerləri 6.1 faiz, dövlət sifarişi 93.4 faiz, “Texniki və texnoloji” ixtisas qrupu üzrə qəbul yerləri 4.3 faiz, dövlət sifarişi 71.2 faiz, “Kənd təsərrüfatı” ixtisas qrupu üzrə qəbul yerləri 8.1 faiz, dövlət sifarişi 63.6 faiz, “Səhiyyə, rifaf və xidmət” ixtisas qrupu üzrə isə qəbul yerləri 21.9 faiz, dövlət sifarişi 81 faiz artıb. Dövlət sifarişi “Tibb təhsili” ixtisas qrupuna daxil olan ixtisaslar üzrə 58.8 faiz, “Mədəniyyət və incəsənət” ixtisas qrupuna daxil olan ixtisaslar üzrə 78 faiz artırılıb.

 

Milli iqtisadiyyatın prioritet sahələrindən olan aqrar sektorun inkişafı nəzərə alınaraq, kənd təsərrüfatı sahəsi üçün bakalavriat və magistratura səviyyələrində yeni ixtisas və ixtisaslaşmalar üzrə (“Şərabçılıq”, “Bağçılıq və tərəvəzçilik”, “Bitki mühafizəsi” və s.) ötən ildən başlanılan kadr hazırlığı cari ildə də diqqət mərkəzində saxlanılıb. Qeyd edək ki, “Kənd təsərrüfatı” ixtisas qrupuna daxil olan bütün ixtisaslar üzrə bakalavriat səviyyəsinə tələbə qəbulu yalnız dövlət sifarişi əsasında həyata keçiriləcək. Magistratura səviyyəsi üzrə bu göstərici 95 faiz təşkil edəcək.

 

Prioritetliyi nəzərə alınaraq, ötən ildən kadr hazırlığına başlanılan “Loqistika və nəqliyyat texnologiyaları mühəndisliyi”, “Şəhərsalma” və “Sənaye mühəndisliyi” ixtisasları üzrə qəbul planı əvvəlki illə müqayisədə 29.3 faiz, dövlət sifarişi yerləri isə 77.3 faiz artırılıb.

 

Müasir dövrdə idarəetmənin bütün səviyyələrində informasiya texnologiyalarının tətbiqi və informasiya təhlükəsizliyinin təmin olunması böyük əhəmiyyət kəsb etdiyindən və ölkədə bu sahədə kadrlara ciddi tələbat olduğundan, “Texniki və texnoloji” ixtisas qrupuna daxil olan İT ixtisaslarına dövlət sifarişi əsasında qəbul planı ötən illə müqayisədə 101.6 faiz artırılıb. Bu artım “Kompüter elmləri” ixtisası üzrə 1.9 dəfə, “Kompüter mühəndisliyi” ixtisası üzrə 2.4 dəfə, “İnformasiya texnologiyaları” ixtisası üzrə 2.6 dəfə, “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə 3.9 dəfə olub.

 

Ölkəmizdə turizmin inkişafına göstərilən yüksək dövlət qayğısının təzahürü olaraq, bakalavriat səviyyəsi üzrə “Turizm və otelçilik” ixtisasına ötən illə müqayisədə qəbul planı 21 faiz, dövlət sifarişi yerləri isə 60 faiz artırılıb.

 

Əmək bazarında dəyişikliklər və ölkəmizin iqtisadi inkişaf strategiyası nəzərə alınaraq cari ildə bakalavriat səviyyəsi üzrə ixtisasların yeni təsnifatı Nazirlər Kabineti tərəfindən təsdiq olunub. İxtisasların sayı 175-dən 148-ə qədər azaldılıb, 70-ə yaxın ixtisas birləşdirilib və ya çıxarılıb. Təsnifata 46 yeni ixtisas əlavə edilib.

 

Azərbaycanda ali təhsil sadəcə ölkə vətəndaşları üçün yox, əcnəbi tələbələr üçün də əlçatandır. İldən-ilə yüksələn keyfiyyət ölkə universitetlərinə marağı artırır. Məhz ali təhsil sahəsində keyfiyyət göstəricilərinin yüksəlməsi nəticəsində ölkəmizdə təhsil alan əcnəbi tələbələrin sayında müsbət dinamika müşahidə edilir. 2018-2019-cu tədris ilində Azərbaycanda ali təhsilin bütün səviyyələri üzrə təhsil alan əcnəbilərin sayı 86 ölkədən olmaqla 6004 nəfər təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 17 faiz artım deməkdir.

 

 

“Clarivate Analytics”lə əməkdaşlığın yeni mərhələsi

 

 

Universitetlərdə elmin inkişafı istiqamətində həyata keçirilən təşəbbüslər öz bəhrəsini verməkdədir. Dünyanın tanınmış elmi-analitik informasiya təminatçısı olan Clarivate Analytics şirkəti ilə səmərəli əməkdaşlıq nəticəsində “Web of Science®” elmi platformasına 2018-ci ildə daxil olan məqalələrin sayına görə Azərbaycan ilk dəfə olaraq Cənubi Qafqaz ölkələri arasında birinci yerə yüksəlib. Son məlumata əsasən, “Web of Science®” elmi bazasında Azərbaycan üzrə 1450 elmi tədqiqat işi qeydə alınıb. Son 5 ildə isə alimlərimizin “Web of Science®” bazasına daxil olan məqalələrinin ölkə üzrə ümumi sayı 96 faiz, ali təhsil müəssisələri üzrə 2.6 dəfə artıb. Əldə olunan uğurlu nəticələr nəzərə alınaraq, 2018-ci ilin dekabrında Təhsil Nazirliyi ilə “Clarivate Analytics” şirkəti arasında 2019-2021-ci illəri əhatə edən yeni əməkdaşlıq müqaviləsi imzalanıb. Bununla da Təhsil Nazirliyi və “Clarivate Analytics” arasında əməkdaşlığın yeni mərhələsinə start verilib. Yeni imzalanan müqavilə digər dillərdə olan region ölkələrinin də aparıcı bazalarına daxil olma imkanlarını özündə ehtiva edir. Azərbaycan hər bir təhsil müəssisəsinin fəaliyyətinin analitik təhlilini aparmağı nəzərdə tutan InCites platformasına çıxış imkanlarına da sahib olur.

 

2015-2018-ci illər üzrə birgə əməkdaşlığın nəticələrinə əsaslananların bu yeni mərhələdən gözləntiləri böyükdür. Son 3 ildə ölkəmizin 40 ali təhsil müəssisəsi dünyanın aparıcı jurnallarının, yüksək impakt faktorlu jurnalların elmi bazalarına, konfrans  materiallarına, monoqrafiyalara çıxış əldə edib. Bu 3 illik fəaliyyət dövründə həyata keçirilmiş işlərin nəticəsidir ki, yüksək impakt faktorlu jurnallarda alimlərimizin dərc olunmuş məqalələrinin sayı 75 faiz artıb. Bu məsələdə ali təhsil müəssisələrinin artım dinamikası daha yüksək olub. Burada rəqəmlər 2 dəfəyədək artıb. Növbəti əməkdaşlıq mərhələsində “Clarivate Analytics” şirkəti ilə elmi nəşrlərin keyfiyyəti də diqqətdə saxlanılacaq.

 

Beləliklə, 2018-2019-cu tədris ili birmənalı olaraq təhsildə keyfiyyət ili kimi xarakterizə edilə bilər.

 

 

Ruhiyyə DAŞSALAHLI