Şagirdlərin azərbaycançılıq məfkurəsi ruhunda tərbiyəsi


Artıq 28 ildir ki, suveren, demokratik bir ölkədə yaşayırıq. Dövlətimiz gənc olmağına baxmayaraq bu az vaxt ərzində çox  nailiyyətlər  əldə  edib. Ölkəmizdə keçirilən beynəlxalq  yarışmalar, beynəlxalq arenalarda qazandığımız uğurlar   bir daha  bunu sübut edir ki, biz doğru yoldayıq və inamlı addımlarla bu yolu qət  edirik. Hər qazanılan  qələbə, hər keçirilən  sammit, hər bir  investisiya qoyuluşu onu da sübut edir ki, Azərbaycan inkişaf  edir və yaxın gələcəkdə iqtisadi və elmi cəhətdən   inkişaf etmiş ölkələrdən  geri qalmayacaq.

 

Azərbaycanın bu inkişafı  məktəblərimizdə də özünü  göstərir. Məktəblərin  yeni texnologiyalarla  təminatı, kurikulumla dərslərin  keçirilməsi daha inkişaf etmiş  və  savadlı şagirdlərin  yetişməsinə təsir edir. Məktəblərdə  vətənpərvərlik  mövzuları ilə əlaqədar keçirilən  tədbirlər, yarışlar elm-təhsil ocaqlarımızın vətənpərvər şagirdlərin  yetişməsində çox böyük əmək sərf etdiyini göstərir. Buna nümunə kimi  məktəblərarası  keçirilən “Cəsurlar”, “Şahin” oyunlarını, təhsil sahəsində çalışan ictimai birliklərin təşkil etdiyi müsabiqələri sadalamaq olar. Ümumtəhsil məktəblərində hər zaman  vətəni uca  tutmağı, onu anamız qədər sevməyi, onun  sərhədlərini  göz-bəbəyi kimi qorumağı biz müəllimlər dönə-dönə şagirdlərimizə  aşılayırıq. Mənim fikrimcə, hamı  istəyər ki, onun Mübariz İbrahimov, Fərid Əhmədov, Əlif Hacıyev kimi sinif yoldaşı, həmkəndlisi və oğlu olsun. Vətən sevgisi  ilk olaraq ailədə aşılanır, sonra da məktəbdə formalaşır. Bu sevgini  daha da  gücləndirmək  biz təhsil  işçilərinin  əsas vəzifələrindəndir.

 

Hər bir şagird gələcəyin  müəllimi, hüquqşünası və s. peşə sahibidir. Vətən sevgisi    şagirdlərə  vaxtında  aşılanmalıdır ki, o böyüdükcə hansı vəzifələrinin olduğunu daha  dərindən  dərk etsin.

 

Tərbiyənin əsas məqsədi kamil şəxsiyyət, insan, vətəndaş yetişdirməkdir. Vətəndaş tərbiyə etmək mənsub olduğu dövlətin inkişafına çalışan, onun mənafeyini gözləyən, təhlükəsizliyi üçün məsuliyyət daşıyan insan yetişdirmək deməkdir. Müasir gənclərimizdə vətənpərvərlik keyfiyyətlərini formalaşdırmaq üçün siyasi və ictimai tərbiyə işinin səmərəliliyini artırmaq, onların dünyagörüşünü inkişaf etdirmək, özünütərbiyə işinə diqqəti artırmaq, sosial əhəmiyyət kəsb edən ideyaların, normaların və prinsiplərin mənimsənilməsinə yönəldilmiş fəallığı  stimullaşdırmaq vacib milli-psixoloji məsələdir.

 

Məktəbimizdə keçirilən  “Dünənimiz, bugünümüz, sabahımız” adlı bədii kompozisiya üçün PowerPoint və Picasa proqramlarında hazırladığım Azərbaycan Respublikasının Dövlət müstəqilliyinin bərpasının 28-ci ildönümünə  həsr olunan qısametrajlı  videoslaydı nümayiş etdirdim. Videonu hazırlamağımın əsas prinsipi isə müasir təlim metodlarından olan  təlim-tərbiyə sisteminin çevikliyi prinsipi idi. Şagirdlər dövlətimizin tarixi haqqında həm tədbirlərdə, həm də kitablarda  məlumat alıblar, ancaq gözlə görmək, uşaq yaddaşı üçün  daha əlverişli bir üsul idi. Hazırladığımız bu tədbir həm məktəbimizin rəsmi facebook səhifəsində, həm də Oğuz  Rayon  Təhsil Şöbəsinin səhifəsində paylaşılıb.

 

Məktəblərdə gənclərə vətənpərvərlik tərbiyəsinin aşılanması diqqət mərkəzində olmalıdır. Çünki vətənpərvərlik dedikdə onun əsas komponentləri - doğulduğun torpağı, yaşadığın ölkəni sevmək, onun uğrunda çalışmaq, ona əməlləri ilə faydalı olmaq, onu qorumaq kimi keyfiyyətlərlə yanaşı, insanın ləyaqətlilik, əqidəlilik, vicdanlılıq, sədaqətlilik kimi xüsusiyyətləri də başa düşülür. Vətənin qədrini bilməli, çətinliklərinə dözməliyik. Ata-babalarımız təsadüfən deməyiblər ki, “Torpağı qoruyarsan Vətən olar, qorumazsan kəfən”. Vətən sevgisi, Vətənə sədaqət, onun çiçəklənməsi üçün çalışmağa hazır olmaq ən çətin anlarda belə, adamların qüvvələrini vahid məqsəd üçün - Vətənin azadlığı, xilası naminə səfərbər etdi. Müstəqil dövlət quruculuğu yolunda gənclərin üzərinə böyük və məsuliyyətli vəzifələr düşür. Bu vəzifələri isə yalnız öz vətənini sevən, onun tərəqqisinə çalışan və azadlığı uğrunda canını qurban verməyə hazır olan gənclər yerinə yetirə bilər. Gənclər vətən qarşısında öz vətəndaşlıq borclarını layiqincə başa düşür, onun qorunmasında və milli dövlətçilik quruculuğunda fəal iştirak edirlər. Xalqın vətəni qorumağa qadir, mərd, sadiq gənclərə böyük ehtiyacı var. Buna görə də gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin daha da gücləndirilməsi sahəsində məqsədəuyğun və sistemli iş aparılmalıdır. 18 oktyabr Müstəqillik Günü ilə əlaqədar keçirilən seir müsabiqəsində məktəbimizi təmsil edən İbrahimova Gülbaharın  “Sevin Azərbaycanım” şeirinə uyğun olaraq hazırladığım libas Gülbaharı bütövlüklə bayrağa bürümüşdü. Libasda  tək bayraq  yox, həm də  milli ornamentimiz olan  butalarda əks olunmuşdu.

 

Azərbaycançılığı şərtləndirən ən mühüm amillərdən biri də milli ənənədir. Milli düşüncə sisteminin genetik qaynağı olan azərbaycançılığın inkişaf stimulyatoru da məhz ənənədir. Ənənə uzun əsrlərin sınağından keçərək tarixi təcrübəni yığır, xalqın müdrikliyi, onun mənəvi varlığı, mədəniyyəti və s. amillər bu anlayışda ifadə olunur. O, keçmişlə gələcəyi əlaqələndirir, etnokulturoloji mövcudluğu qoruyur. Bu ənənələr xalqın keçdiyi zəngin tarixi yolun mütərəqqi yaşam təcrübəsini özündə qoruyub saxlayır. Deməli, azərbaycançılıq ideologiyası həm də xalqın tarixən tapındığı mütərəqqi ənənələri gələcək nəsillərə ötürən mənəvi körpüdür. Azərbaycan dövləti dünya azərbaycanlılarının potensial imkanlarını cəmləyərək, müstəqil dövlət quruculuğu prosesində meydana çıxan müxtəlif problemlərin həllinə yönəltmək, daha sıx əlaqələr yaratmaq, milli birliyə nail olmaq istiqamətində ardıcıl və sistemli iş aparır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşkil etdiyi  “Xocalıya ədalət!” kampaniyasına  xaricdə yaşayan  həmyerlilərimiz və xaricdə təhsil alan tələbələrimizin qoşulması bir daha göstərir ki, məktəblərimizdə, ali təhsil ocaqlarımızda  azərbaycançılıq məfkurəsi geniş təbliğ olunur.

 

Bu gün Azərbaycan haqqında, azərbaycançılıq haqqında  danışılası çox söz var! Öyrədiləsi çox böyük tariximiz var! Və  ən əsası da qürur  duyulası bir Vətənimiz var! Mən də müəllim kimi çalışıram ki,  bütün bunları şagirdlərimə öyrədim. Xalqıma, Vətənimə layiqli   vətənpərvər şagirdlər yetişdirəm. Mən fəxr edirəm ki, AZƏRBAYCANLIYAM!

 

 

Aytən KƏRİMOVA,

Oğuz rayonu Çaldaş kənd tam orta məktəbinin  tarix müəllimi