2019-2020-ci tədris ili üçün müəllimlərin işə qəbulu üzrə keçirilən müsabiqədə təqdim ediləcək vakant yerlərin çoxu ibtidai sinif müəllimliyi üzrə olacaq.

 

Bu barədə jurnalistlərə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, iyunun 24-də Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbuluna start verilib. İndiyədək 500-dək namizəd qeydiyyatdan keçib. Müsabiqədə iştirak etmək istəyən namizədlər www.miq.edu.az saytında qeydiyyatdan keçməlidirlər. Elektron sənəd qəbulu iyulun 3-dək davam edəcək.

 

Ötən il rekord sayda- 51 minə yaxın namizədin müsabiqədə iştirak üçün qeydiyyatdan keçdiyini xatırladan nazirlik rəsmisi bu il də sənəd verənlərin sayının həmin göstəriciyə yaxın olacağının gözlənildiyini söyləyib. E.Bağırov nəzərə çatdırıb ki, müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi (diplom) almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış ölkə vətəndaşları və ya Azərbaycanda daimi yaşamaq üçün icazə verilmiş şəxslər iştirak edə bilərlər. Namizədlər elektron qeydiyyatdan keçərkən ərizələrində müsabiqədə iştirak növünü qeyd etməlidirlər. Belə ki, ötən ilki müsabiqəyə qatılmış şəxslər həmin nəticələri ilə birbaşa vakansiya seçimində və ya bu il yenidən müsabiqənin test imtahanı mərhələsində iştirak edə bilərlər. Həmçinin, ümumi təhsil müəssisələrində ixtisası üzrə fasiləsiz olaraq 10 il müddətsiz müqavilə ilə müəllimlik fəaliyyəti göstərmiş və 3 ildən az müddətə işdən ayrılmış, bilik və bacarıqların diaqnostik qiymətləndirilməsində iştirak etmiş şəxslər qiymətləndirmə nəticələrinə uyğun olaraq müsabiqənin birbaşa vakansiya seçimi mərhələsində iştirak etmək hüququna malikdirlər.