Qabiliyyət tələb edən bəzi ixtisaslar üzrə abituriyentlərin elektron qeydiyyatı sabah başa çatacaq. Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, qeydiyyat ümumilikdə iyulun 3-dək davam edəcək. Lakin bədən tərbiyəsi və idman istiqamətinin 60, 61, 62-ci, təsviri sənət istiqamətinin 14-cü (dizayn) komissiyaları üzrə qeydiyyat  iyunun 28-də yekunlaşacaq.

 

Göstərilən komissiyalarla yanaşı, digər komissiyalarda da qeydiyyatdan keçmək istəyən abituriyentlər öz seçimlərini iyunun 28-nə kimi təsdiqləməlidirlər. Abituriyentlər ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarının 2 istiqaməti və ümumilikdə 6 komissiya üzrə qeydiyyatdan keçə bilərlər.

 

Qeyd edək ki, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qeydiyyatdan qəbul (buraxılış) imtahanından ali təhsil müəssisələrinin V ixtisas qrupu üzrə 60 bal, tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələri üzrə isə 40 bal toplayan abituriyentlər keçə bilərlər. Fənlər üzrə bal məhdudiyyəti tətbiq olunmur.

 

Qabiliyyət imtahanları iyulun 2-dən avqustun 2-dək keçiriləcək.