Təhsil Nazirliyində “İT sənayesinin tendensiyaları: təhsilə təsiri” mövzusunda tədbir keçirilib.

 

Tədbirdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, bu universitetin nəzdində Azərbaycan Dövlət  Pedaqoji Kollecinin nümayəndələri və məktəb direktorları iştirak ediblər.

 

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva müasir təhsil sistemində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin vacibliyi və bu texnologiyalardan istifadənin dünya standartları səviyyəsinə çatdırılmasının əhəmiyyətindən danışıb. Nazir müavini bildirib ki, tədbirin keçirilməsində məqsəd ölkəmizdə yaradılan müasir təhsil sistemini beynəlxalq təcrübədəki təhsil örnəkləri ilə müqayisəli şəkildə təhlil etmək və təhsilin modernləşdirilməsində vacib rol oynayan tərəflərlə fikir mübadiləsi aparmaqdır.

 

Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov təqdimatla çıxış edərək informasiya və kommunikasiya texnologiyaları sənayesində baş verən və proqnozlaşdırılan 10 əsas texnoloji tendensiyalar barədə ətraflı məlumat verib. Vüsal Xanlarov təhsildə texnoloji yeniliklərin tətbiqi sahəsində  görülən işlər barədə danışıb. İdarə rəisi qeyd edib ki, təhsil sisteminin modernləşdirilməsi üçün tədris fərdiləşməyə uyğun istiqamətləndirilməli və təhsilverənlərin inkişafı mütəmadi olmalıdır.

 

Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, müxtəlif təhsil pillələri və ixtisasartırmada müasir texnologiyaların tətbiqi vəziyyəti və perspektivlər müzakirə edilib.