Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA)  akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun təşkilatçılığı ilə “Naxçıvan Muxtar Respublikasının coğrafiyası” ikicildliyinin təqdimatı keçirilib.

 

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik, millət vəkili İsa Həbibbəyli, Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov, Milli Məclisin deputatı Fazil Mustafa,  Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru,  AMEA-nın müxbir üzvi Əlövsət Quliyev, Naxçıvan Muxtar Respublikasıının daimi nümayəndəliyinin rəhbəri  Bəxtiyar Əsgərov, Coğrafiya İnstitutunun əməkdaşları, BDU-nun alimləri və başqaları iştirak ediblər.

 

Akademik R.Məmmədov tədbiri açaraq ilk növbədə ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etməsinin 50 illiyi münasibətlə iştirakçıları təbrik edib. Ölkədə elmin inkişafına verilən xüsusi diqqəti qeyd edən akademik İnstitutda aparılan tədqiqatlar barədə məlumat verib. “Biz qərara aldıq ki, hər bir bölgənin coğrafiyasını daha düzgün  və dolğun öyrənmək üçün bölgələrə səfərlər etməliyik və bu məqsədlə elmi tədbirlərimizi yerlərdə keçirməyə başladıq”, - deyən akademik bu  üsulun yaxşı nəticə verdiyini, “Azərbaycan Respublikasının coğrafiyası” üçcildliyinin uğurunu və onun Dövlət Mükafatına layiq görüldüyünü diqqətə çatdırıb. O qeyd edib ki, Naxçıvan coğrafiyası da beləcə hazırlanıb. Müəlliflər dəfələrlə muxtar respublikaya ezam olunublar, ayrı-ayrı nazirlik və idarələrdə regionda baş verən dəyişikliklər və əldə olunan nailiyyətlər haqqında məlumatlar toplayıb, tədqiqat işinə  böyük məsuliyyətlə yanaşıblar. Alim bildirib ki,  nəşr dövlət təşkilatlarının mütəxəssisləri, iş adamları, elmi işçilər, ali məktəblərin müəllim-professor heyəti, bakalavrlar, magistrlər, doktorantlar və geniş oxucu kütləsi üçün əvəzedilməz etibarlı elmi  mənbədir.

 

İkicildlik haqqında geniş məlumat verən İnstitutun elmi işlər üzrə direktor müavini, dosent Məhərrəm Həsənov bildirib ki, əsərdə muxtar respublikanın  oroqrafiyası, geoloji quruluşu, geomorfologiyası, iqlimi, daxili suları, torpaq və bitki örtüyü, heyvanlar aləmi və landşaftları araşdırılıb, alternativ enerji mənbələri, qlobal iqlim dəyişmələrinin regional təzahürü, iqliminin insan səhhətinə təsiri kimi məsələlər də öz əksini tapıb. Naxçıvan iqliminin 60-cı illərdən sonra ilk dəfə olaraq yeni məlumatlar əsasında işləndiyini qeyd edən direktor müavini  göstərib ki, kitabda verilən  bütün materiallar ən yeni məlumatlara əsaslanır.

 

Akademik İsa Həbibbəyli çıxışında bildirib ki, bu kitabı yazmaqla Coğrafiya İnstitutunun və eləcə də AMEA Naxçıvan bölməsinin alim və  mütəxəssisləri Azərbaycan elmindəki böyük böşluğu doldurublar. Kitabı müstəqillik illərində yazılmış Azərbaycan elminin ən mühüm nailiyətlərindən biri adlandıran vitse-prezident deyib ki, “Naxçıvan Muxtar Respublikasının coğrafiyası” nəşri Naxçıvanın coğrafiyasına həsr olunmuş birinci, çox ciddi ensiklopedik nəşrdir. Əsərdə toponomik araşdırmalara böyük dəyər verən alim, kitabı oxuyanların Naxçıvanın ən qədim prototiplərin -oğuz türklərinin yaşadığı diyar olduğunu anladıqlarını diqqətə çatdırıb: “Bu isə torpaqlarımıza göz dikən erməni qonşularımıza çox tutarlı cavab, danılmaz faktdır! Coğrafiyaçı alimlərin toponimika sahəsində apardıqları tədqiqatlar kitabın elmi-coğrafi dəyərini artırmaqla bərabər siyasi əhəmiyyətini də artırır”.

 

Millət vəkili Fazil Mustafa uzun müddət blokada şəraitində yaşamış Naxçıvana həsr olunan coğrafiya kitabının ciddi siyasi, strateji əhəmiyyət daşıdığını xüsusi vurğulayıb, əsərin  ingilis və rus dillərinə tərcümə olunaraq xarici ölkələrin kitab fondlarına göndərilməsinin vacibliyini qeyd edib.

 

 

Tədbir digər çıxışlarla davam edib.

 

Sonda tədbir iştirakçılarına təşəkkürünü bildirən akademik R.Məmmədov “Naxçıvan Muxtar Respublikasının coğrafiyası” ikicildliyinin Azərbaycan iqtisadiyyatı və kənd təsərrüfatının inkişafında müsbət rol oynayacağına əminliyini bildirib.