İyulun 18-də Bakıda ilk dəfə Nepal Respublikasının təşkilatçılığı ilə “Quiz Mania”  beynəlxalq  bilik yarışması  təşkil olunub. Yarışmanın Milli seçimlərini həyata keçirmək üçün Nepalın məşhur siması olan, 200-dən artıq filmdə rol alan Rajesh Hamal, Nepalın Akkretiv Media şirkətinin prezidenti və Quiz Mania Beynəlxalq bilik yarışmasının rəhbəri Hari Pokhrel  ilk dəfə Azərbaycana gəlib. Tədbirdə eyni zamanda Gənclər və İdman, Mədəniyyət nazirliklərinin nümayəndələri də iştirak ediblər.

 

Tədbirin rəsmi hissəsində beynəlxalq yarışmanın ölkə üzrə koordinatorları İlkin Əliyev və Məhbubə Musayeva qonaqlara yarışmanın hansı formatda keçiriləcəyi və mədəni hissə ilə bağlı müəyyən məlumatlar veriblər. Daha sonra Rajesh Hamal qonaqları salamlayıb və Azərbaycanın da bu beynəlxalq bilik yarışmasına qatılmasından məmnunluğunu bildirib, Bakıya ilk dəfə gələn Hamal Bakını çox sevdiyini və mütləq təkrar gələcəyini vurğulayıb. Milli seçimlərin ilk turunda 9 məktəbdən 12 komanda final turuna çıxmaq üçün yazılı imtahan verib, yazılı imtahanla paralel şəkildə tədbirin mədəni hissəsi baş tutub, mədəni hissədə Azərbaycanın xalq mahnıları, muğamı, milli rəqsləri Nepaldan gələn qonaqlara nümayiş etdirilib.


Yarışmanın final mərhələsində 3 komanda yarışıb və yekunda Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin şagirdləri birinci yeri tutub və avqustun 12-22 aralığında Nepalda keçiriləcək beynəlxalq turda iştirak haqqı qazanıblar.


Tədbirin sonunda Layihənin rəhbəri Hari Pokhrel tədbiri yüksək səviyyədə təşkil etdikləri üçün Azərbaycan üzrə koordinatorlara öz təşəkkürünü bildirib və onlara Nepaldan gətirdikləri xüsusi hədiyyə və mükafatı təqdim edib. Hari Pokhrel qeyd edib ki, beynəlxalq müsabiqədə Azərbaycanı hər il görməkdən məmnun olacaq. Təşkilatçı SuperStar Rajesh Hamal qalib komandanı təbrik edib və yarışda iştirak edən hər bir komanda üzvünə sertifikatlar təqdim edib.


Qeyd edək ki, yarışma artıq 7 ildir ki, ənənəvi olaraq müxtəlif dövlətlərin iştirakı ilə həyata keçirilir.Bu il müxtəlif kontinentlərdən ibarət 30-a yaxın ölkə avqustun 12-22 aralığında Nepalın Katmandu şəhərində baş tutacaq yarışda iştirak edəcək.

 

 

Oruc MUSTAFAYEV