İsmayıllı Peşə Tədris Mərkəzinə “Qəbələ, Qax və İsmayıllı rayonlarında kənd təsərrüfatı və turizm sahələrində duala bənzər peşə təhsili və təlimi pilotlarının yaradılması” (ED VET) layihəsi çərçivəsində müvafiq ixtisaslar üzrə təhsil alan tələbələrin müəssisələrdə istehsalat təlimi və təcrübə keçmə prosesini optimallaşdırılmaq məqsədilə mikroavtobus təqdim olunub.

 

Təhvil-təslim prosesində Peşə Təhsili üzrə Dövlət Agentliyinin, İsmayıllı Peşə Tədris Mərkəzinin və ED VET layihəsinin nümayəndələri iştirak edib.

 

Qeyd edək ki, duala bənzər PTT yanaşması özəl sektorun təlim prosesinin həyata keçirilməsində fəal iştirakına əsaslanır. Buna nail olmaq məqsədilə layihə çərçivəsində pilot peşə mərkəzləri ilə regionda fəaliyyət göstərən müəssisələr arasında aktiv əməkdaşlığa başlanılıb. Belə ki, cari ilin əvvəlində İsmayıllı Peşə Tədris Mərkəzi ilə İsmayıllı Şərab-2 müəssisəsi (Chabiant Winery) arasında tələbələrin praktiki istehsalat təlimi və təcrübə keçməsi üçün müəssisə tərəfindən 2 hektar üzüm sahəsinin ayrılmasına dair razılıq əldə olunub. Fevral ayından etibarən tələbələr yerli və xarici ekspertlərin müşaiyəti ilə üzüm sahəsində bütün işləri özləri həyata keçirməkdədirlər.

 

ED VET layihəsi Avropa İttifaqı (Aİ) ilə Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi (BMZ) tərəfindən maliyyələşir və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) tərəfindən icra olunur. Layihənin məqsədi Qəbələ, İsmayıllı və Qax rayonlarında yerləşən 3 pilot peşə məktəbində Almaniyanın duala bənzər PTT yanaşmasının tətbiqi ilə kənd təsərrüfatı və turizm sahələrində peşə təhsili və təliminin cəlbediciliyini artırmaq və əmək bazarına uyğunluğunu təmin etməkdir.