Avqustun 5-də Bakı Konqres Mərkəzində 31-ci Beynəlxalq İnformatika Olimpiadasının (IOI) açılış mərasimi keçirilib.

 

Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, Təhsil naziri Ceyhun Bayramov, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə, xarici ölkə səfirləri və digər rəsmi qonaqlar iştirak ediblər.

 

Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

 

Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva Birinci vitse-prezident Mehriban Əliyevanın “IOI 2019” nümayəndələrinə ünvanladığı rəsmi məktubu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

 

Məktubda deyilir: "Hörmətli olimpiada iştirakçıları, əziz məktəblilər.

 

Sizi – dünyanın müxtəlif guşələrindən Bakıya toplaşmış XXXI Beynəlxalq informatika olimpiadasının iştirakçılarını səmimi qəlbdən salamlayır, hamınıza uğurlar arzu edirəm. Ümidvaram ki, olimpiada informatika sahəsində yeni istedadların üzə çıxarılması, gənclərin informatikaya marağının daha da güclənməsi və təmsilçi ölkələrin sıralarının genişlənməsi işinə öz töhfəsini verəcəkdir.

 

Biliklərə əsaslanan cəmiyyətin formalaşdığı və rəqəmsal bacarıqların son dərəcə zəruri olduğu indiki dövrdə informasiya-kommunikasiya texnologiyaları elmi potensialın vacib göstəricilərindən birinə çevrilmişdir. İnformatika iqtisadiyyatda, elmdə və cəmiyyət həyatında böyük əhəmiyyətə malikdir. Dünya informasiya şəbəkəsinin yaradılması isə kompüter biliklərinin rolunu xeyli artırmışdır.

 

Beynəlxalq informatika olimpiadası bu baxımdan qarşınızda yeni üfüqlər açır. Kompüter elmləri üzrə ən mötəbər müsabiqələr arasında özünəməxsus yer tutan bu bilik yarışı arzularınızın gerçəkləşməsi və həyat yolunuzun müəyyənləşməsinə, əlbəttə, ciddi təsir göstərəcəkdir.

 

Hazırkı olimpiadanın Azərbaycanda təşkili təsadüfi deyildir. Belə ki, informasiya cəmiyyətinin qurulması istiqamətində mühüm addımlar atan ölkəmizdə məktəblilər arasında olimpiada hərəkatı ildən-ilə geniş vüsət almaqdadır. Məktəblilərimiz beynəlxalq olimpiadalarda öz müvəffəqiyyətlərinin davamlı inkişafına nail olaraq, son illər ərzində ümumilikdə yüz altmış medal qazanmışlar.

 

Bu olimpiada günlərində siz, eyni zamanda, Azərbaycanın keçmişi, bu günü və zəngin tarixi-mədəni dəyərləri ilə yaxından tanış olmaq, eləcə də yeni-yeni dostlar tapmaq imkanı əldə edəcəksiniz. Olimpiadanın uzun illər hər birinizin yaddaşında xoş xatirə kimi qalacağına əminəm.

 

İnanıram ki, sizə bəslənən ümidləri gələcək fəaliyyətinizdə layiqincə doğruldacaqsınız".

 

Təhsil naziri, “IOI 2019”-un sədri Ceyhun Bayramov əvvəlcə ölkəmizdə bu cür nüfuzlu tədbirin təşkilinin əhəmiyyətini qeyd edib. Nazir “IOI 2019”-a kimi qət edilən uzun yoldan, görülən işlərdən danışıb.

 

Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müxtəlif beynəlxalq və regional yarış, tədbirlərə evsahibliyi etdiyini xatırladan Ceyhun Bayramov bildirib ki,  ölkədə keçirilən bu cür tədbirlər xüsusilə gənclər arasında dostluq, sülh və mədəniyyətlərarası dialoqun inkişafında böyük rol oynayır.

 

Ölkəmizin beynəlxalq elmi olimpiada uğurlarından söz açan Təhsil naziri bildirib ki, son 6 ildə şagirdlərimiz bu olimpiadalardan 150-dən çox medal gətirib və bu medalların sayının artacağına ümid bəslənilir. 

 

Beynəlxalq olimpiadanın Azərbaycanda keçirilməsinin informatika sahəsinin inkişafına töhfə verəcəyini vurğulayan Ceyhun Bayramov çıxışının sonunda bütün iştirakçılara uğurlar arzulayıb.

 

ADA Universitetinin rektoru, “IOI 2019”-un fəxri həmsədri Hafız Paşayev bildirib ki, olimpiadanın təşkilində əsas məqsədlərdən biri informatika sahəsində qabiliyyətli gəncləri tanıtmaq və kompüter elmlərinin vacibliyini gənclərə çatdırmaqdır.

 

Hafiz Paşayev qeyd edib ki, informatika üzrə beynəlxalq olimpiada gələcək kompüter elmləri və İT sənayesinin gələcək liderlərini bir araya gətirir.

 

IOI prezidenti Qreq Li beynəlxalq olimpiadanın açılış bəyannaməsini diqqətə çatdırıb, yarışmanın dəyərləri barədə söz açıb.

 

Tədbirin rəsmi qlobal sponsoru “Acer” şirkətinin Rusiya, Şərqi Avropa və Türkiyə üzrə vitse-prezidenti  Qriqori Nizovski “Acer” və “IOI” əməkdaşlığından danışıb.

 

Daha sonra 88 ölkə və regiondan olan “IOI 2019” nümayəndə heyətləri təqdim olunublar.

 

Açılış mərasimində 1989-cu ildən bəri keçirilən bütün Beynəlxalq İnformatika Olimpiadalarının loqolarının əks olunduğu, IOI-nun rəsmi sponsoru “ACER”in fəaliyyətinə və Bakıya həsr olunmuş  videoçarxlar nümayiş olunub.

 

Tədbir bədii hissə ilə davam etdirilib.

 

Qeyd edək ki, 31-ci Beynəlxalq İnformatika Olimpiadası avqustun 11-nə kimi öz işinə davam edəcək. Ölkəmizdə ilk dəfə keçirilən Beynəlxalq İnformatika Olimpiadasında Azərbaycan komandası da daxil olmaqla, 88 ölkə və regiondan 600-dən çox şagird, müəllim və ekspertdən ibarət rəsmi nümayəndə heyətləri iştirak edirlər. 

 

Olimpiada Təhsil Nazirliyinin təşəbbüsü, ADA Universiteti, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və digər dövlət qurumlarının dəstəyi ilə keçirilir. Olimpiadanın rəsmi qlobal sponsoru “Acer” şirkətidir. Bundan başqa, “Azercell Telekom” tədbirin “İstedadların Rəqəmsal Sponsoru”, “PAŞA Bank” isə “İstedad sponsoru” kimi dəstək verəcək.

 

Bilik yarışmasının media tərəfdaşı İctimai Televiziyadır (İTV).