Abituriyentlər cari ildə iştirak etdikləri birinci və ikinci mərhələ üzrə qəbul imtahanlarında (o cümlədən yaz və yay imtahanları) topladıqları ballar, həmçinin ümumi balları haqqında məlumatı vahid arayış şəklində əldə edə bilərlər. Bunun üçün Dövlət İmtahan Mərkəzi (DİM) bu il bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə imtahan verən abituriyentlərin “Şəxsi kabinet” lərinə yeni elektron xidmət inteqrasiya edib.

 

“Azərbaycan müəllimi” qəzetinə qurumdan verilən məlumata görə, hər bir arayışda qeyd olunan məlumatlarla yanaşı, “unikal kod” da verilir. Arayışda göstərilən “unikal kod” vasitəsilə həmin arayışın həqiqiliyini yoxlamaq mümkündür. Artıq ali təhsil müəssisələri və digər əlaqədar təşkilatlar imtahan nəticələri ilə bağlı arayışın üzərində olan “unikal kod”u aşağıdakı linkdə muvafiq xanaya daxil etməklə məlumatların həqiqiliyini elektron qaydada özləri yoxlaya bilərlər.