“Məktəbəhazirliq qrupları artıq dörd ildir təşkil olunur. 4 il əvvəl ilk dəfə məktəbəhazırlığa başlamış müəllimlər artıq yeni məktəbəhazırlıq qrupunda dərs deyəcək. Ancaq təəssüf ki, hələ də ibtidai sinif müəllimləri məktəbəhazırlıq qruplarında ibtidai sinif metodikasını tətbiq edirlər. 5 yaşlı uşaqlar üçün nəzərdə tutulan vəsaitlərlə aşılamalı olduqları bilik, bacarıq və vərdişlər əvəzinə, onları birinci sinif materialları ilə yükləyirlər. Araşdırmalarımız belə müəllimlərin kifayət qədər çox olduğunu göstərir”.

 

Təhsil Nazirliyinin Ümumi təhsil sektorunun müdiri Firidun Həmzəyev “Azərbaycan müəllimi” qəzetinə bildirib ki, məhz bu səbəbdən avqust ayından müəllimlər üçün təlimlər keçirilir. Təlimlərdə məktəbəhazırlıq qruplarında dərs deyəcək ibtidai sinif müəllimləri iştirak edir. Artıq Bakıdan başlamış təlimlər növbəti həftələrdə rayonlarda da həyata keçiriləcək. “Yaxın həftələrdə regionlarda da təlimlərə başlanılacaq. Məqsədimiz müəllimlərin təlimlərə maksimum cəlb edilməsidir. Müəyyən saat çərçivəsində müəllimlərə məktəbəhazırlıq qruplarında hansı fənlərə yer verilməli, nəyə və necə diqqət yetirmək lazım olduğu öyrədilir”-, deyə sektor müdiri bildirib.

 

 

Ruhiyyə