Bu gündən etibarən 2019-2020-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə boş qalan yerlərə qəbul başlanır.

 

Peşə Təhsili üzrə Dövlət Agentliyindən verilən məlumata görə, ikinci turun da sənəd qəbulu “ASAN xidmət” mərkəzlərində, belə mərkəzlərin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə isə müvafiq peşə təhsili müəssisələrində ödənişsiz şəkildə və elektron qaydada həyata keçirilir.

 

Qeyd edək ki, sənəd qəbulu prosesinin 2-ci turunda 1-ci turda iştirak etməyən şəxslər də iştirak edə bilərlər.

 

Qəbul şəhadətnamə və ya attestat əsasında müvafiq fənlərin orta balı nəzərə alınmaqla müsabiqə yolu ilə aparılacaq. Əlilliyi olan şəxslərin, həmçinin valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların peşə təhsili müəssisələrinə qəbulu müsabiqədənkənar aparılacaq.

 

Onu da xatırladaq ki, 1-ci turda peşə təhsili müəssisələrinə qəbul olunmaq üçün 11000-dən çox ərizəçi müraciət edib. Onlardan 8808-i peşə təhsili müəssisələrinə qəbul olunub.