Bu gün 2019-2020-ci tədris ili üzrə peşə təhsili müəssisələrində boş qalan yerlərə sənəd qəbulunun ikinci mərhələsi yekunlaşır. Peşə təhsili almaq istəyənlər iş gününün sonuna qədər ərizələrini təqdim edə bilərlər.

 

Bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.

 

Sənəd qəbulu prosesinin 2-ci turunda 1-ci turda iştirak etməyən şəxslər də iştirak etmək imkanına malikdirlər.

 

Qeyd edək ki, ikinci turun da sənəd qəbulu “ASAN xidmət” mərkəzlərində, belə mərkəzlərin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə isə müvafiq peşə təhsili müəssisələrində ödənişsiz şəkildə və elektron qaydada həyata keçirilir.

 

Qəbul şəhadətnamə və ya attestat əsasında müvafiq fənlərin orta balı nəzərə alınmaqla müsabiqə yolu ilə aparılacaq. Əlilliyi olan şəxslərin, həmçinin valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların peşə təhsili müəssisələrinə qəbulu müsabiqədənkənar həyata keçirilir.

 

Onu da bildirək ki, peşə təhsili müəssisələrinə sənəd qəbulunun 1-ci mərhələsində 11 mindən çox ərizəçi müraciət edib. Onlardan 8 min 808-i peşə təhsili müəssisələrinə qəbul olunub.