Tələbə adını qazanan gəncləri tanıyaq


Son illər ölkəmizin təhsil sistemində aparılan davamlı islahatlar bir sıra keyfiyyət dəyişiklikləri ilə müşayiət olunmaqdadır. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulmuş vəzifələrin icrası regionlarda təhsil infrastrukturunun yaxşılaşdırılması, təlimin yüksək standartlar əsasında aparılmasına zəmin yaratmışdır ki, bu da öz məntiqi nəticəsini müəllimlərin daha inamla çalışmasına, təhsilalanların bilik, intellektual səviyyəsinin yüksəlməsinə imkan verib. Bunun nəticəsində 2018/2019-cu tədris ilində regionlardakı internat tipli təhsil  müəssisələrində təhsil alan bir çox şagird universitetlərə yüksək balla qəbul olunublar.  Bu yazımız da regionlardakı internat tipli təhsil müəssisələrinin qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış məzunları barədədir.

 

“Ali təhsilimi sevərək davam etdirəcəyəm”

 

 

Murad Əliyev, Ağdaş rayonu M.Şeyxzadə adına internat tipli Texniki, Humanitar və Təbiət fənlər təmayüllü gimnaziyanın məzunu: - 2002-ci il 27 mart tarixində Ağdaş şəhərində anadan olub. 2008-ci ildə M.Şeyxzadə adına internat tipli Texniki, Humanitar və Təbiət fənlər təmayüllü gimnaziyanın I sinfinə qəbul olunub.

 

Bu il ali məktəblərə qəbul imtahanlarında 670.8 bal toplayaraq Bakı Ali Neft Məktəbinə qəbul olub.

 

 

- Orta məktəbi müvəffəqiyyətlə oxumuşam. Gimnaziyada ilk müəllimim Kəmalə Məcidova olub. O, məndə elmə maraq oyadıb. Hər zaman yüksək nəticələrimə görə tərifnamələr almışam. XI sinfi fərqlənmə attestatı ilə bitirdim. Arzum qəbul imtahanlarında yüksək bal toplamaq idi. Şükürlər olsun ki, istədiyim nailiyyəti əldə etdim. Bu nailiyyətim üçün başda direktorumuz Şəhla Hacıbalayeva olmaqla mənə dərs deyən bütün müəllimlərimə təşəkkür edirəm. Direktorumuz Şəhla xanımdan hər zaman ana qayğısı və diqqət görmüşəm. Ali təhsilimi Bakı Ali Neft Məktəbində davam etdirəcəyəm. Ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya öz dərin minnətdarlığımı bildirirəm ki, bizim təhsil almağımız, savadlı olmağımız üçün gözəl şərait yaradıblar.

 

“Bu gimnaziyada uşaqlara çox gözəl təhsil verirlər”

 

Aytac İsrayılova, Ağdaş rayonu M.Şeyxzadə adına internat tipli Texniki, Humanitar və Təbiət fənlər təmayüllü gimnaziyanın məzunu: - 2002-ci il martın 12-də anadan olub. VII sinfə qədər təhsilini doğma kəndlərindəki məktəbdə alıb. Daha sonra Ağdaş rayonu M.Şeyxzadə adına internat tipli Texniki, Humanitar və Təbiət fənlər təmayüllü gimnaziyasına daxil olub və XI sinfi bu gimnaziyada bitirib. Bu il ali məktəblərə keçirilən qəbul imtahanlarında 637.4 bal toplayaraq Azərbaycan Dillər Universitetinin “Tərcümə” (Azərbaycan-ingilis dili) ixtisasına qəbul olunub.

 

Anası Nəcibə Mikayılova qəzetimizə açıqlamasında Aytacın oxuduğu təhsil ocağını yüksək qiymətləndirdi:

 

 

- Bu gimnaziyada uşaqlara çox gözəl təhsil verirlər. Təhsil müəssisəsinin direktoru Şəhla xanımın uşaqların təhsilində əməyi böyükdür. Aytacı ali məktəbə gimnaziya müəllimləri hazırlaşdırıb. Müəllimlərin biliyini, əməksevərliyini yüksək qiymətləndirirəm. Allah hamısından razı olsun. Dövlətimə çox minnətdaram ki, uşaqların yüksək bilik almaları üçün bu cür şərait yaradıb, onları tam təmin edib. Orada o qədər gözəl müəllimlər var  ki. Burada təkcə bilik deyil, həm də gözəl tərbiyə verirlər. Fürsətdən istifadə edib uşaqlara yaratdığı bu imkan və şəraitə görə Prezident cənab İlham Əliyevə dərin təşəkkürlərimi çatdırmaq istəyirəm. Aytac hələ VI sinifdə oxuyarkən öz seçimini edib. O, məhz ingilis dili tərcüməçiliyi ixtisasına qəbul olunmaq istəyirdi.

 

“Müəllimlər övladıma isti nəfəs verdilər”

 

Ziya Əliyev, Şəki şəhər inteqrasiya təlimli internat tipli gimnaziyanın məzunu: - 2002-ci il 17 dekabr tarixində Şəkidə anadan olub. Ali məktəblərə qəbul imtahanlarında 608 bal toplayaraq Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “İnformasiya texnologiyaları” ixtisasına qəbul olunub.

 

Ziya hələ uşaq vaxtlarından kompüter elmlərinə maraq göstərib. Buna görə də informasiya texnologiyaları fənnini seçib. Ziyanın anası ilə söhbət zamanı öyrənirik ki, ailənin digər övladı da ali məktəbə  yüksək balla qəbul olub və  IV kursa keçib.

 

- Ziya xarakterinə görə sakit, tərbiyəli bir uşaqdır, kitab əlindən düşmür. Ailəmizdə problemlər olduğuna görə Ziyanı internat məktəbə qoyduq. Məktəbin direktoru Nurlana xanım mənə dedi ki, buranın müəllimləri heç də digər məktəblərin müəllimlərindən geri qalmır. O, 2011-ci ildən internat məktəbə direktor təyin edildikdən sonra ali məktəblərə qəbul olanların sayı artıb.

 

Ziya qəbul imtahanında 595 bal topladı. Biz apelyasiya şikayəti verdikdən sonra cavablar yenidən hesablandı və Ziyanın topladığl bal 608 oldu.

 

Mən fürsətdən istifadə edərək, ölkə başçısı cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya internat məktəblərinə bu qədər diqqət ayırdıqları üçün minnətdarlığımı bildirirəm. Ziya internat məktəbdə heç bir çətinlik çəkməyib. Mən fəxr edirəm ki, Azərbaycanda belə bir internat məktəb var. Bütün müəllimlər mənim övladıma isti nəfəs verdilər, yüksək balla ali məktəbə qəbul olmağında dəstək oldular.

 

“Müəllimlərimin üzərimdəki əməyini sözlə anlatmaq çətindir”

 

Mehriban Şirəliyeva, Ağdaş rayonu M.Şeyxzadə adına internat tipli Texniki, Humanitar və Təbiət fənlər təmayüllü gimnaziyanın məzunu: - 2001-ci il dekabrın 24-də Ağdaş rayonunda anadan olub. Atasını vaxtsız itirdiyindən anasının himayəsində böyüyüb. Bu il ali məktəblərə qəbul imtahanında 613 bal toplayraq Azərbaycan Dillər Universitetinin “İngilis dili” müəllimliyi ixtisasına qəbul olub.

 

- Universitetə qəbul olmaq hələ kiçik yaşlarımdan ən böyük arzum idi. Ali məktəbə hazırlaşmağımda ən böyük dəstəkçim anam olub. Universitetə qəbul olmağımda bizə hərtərəfli bilik verən gimnaziyanın və müəllimlərimin rolu danılmazdır. Gimnaziya mənim universitetə qəbul olmağıma çox böyük dəstək oldu. Oradakı müəllim kollektivi qəbul olduğum ixtisasa məni həvəsləndirdi. Onların səyləri nəticəsində və özümün iradəm sayəsində bu uğuru əldə etdim. Fikirləşirəm ki, necə şanslı insanam ki, o cür müəllimlərim olub. Müəllimlərimin üzərimdəki əməyini sözlə anlatmaq çətindir.

 

“Hədəflərə doğru inamla irəliləmək lazımdır”

 

 

Raqif Teymurov, K.Ağayev adına Biləsuvar şəhər internat tipli texniki fənlər təmayüllü liseyin məzunu: -  2002-ci il fevralın 2-də Biləsuvar şəhərində anadan olub. 2008-ci ildə internat tipli texniki fənlər təmayüllü məktəbin I sinfinə qəbul olunub. 2018-2019-cu tədris ilində ali məktəblərə keçirilən qəbul imtahanlarında rayon üzrə ən yüksək - 625.9 bal toplayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Kompüter” elmləri ixtisası üzrə tələbə adını qazanıb.

 

- Məndə oxumaq həvəsi məktəbə getdiyim ilk gündən yaranıb. Bunun səbəbi atamın müəllimimə dediyi “Oğlumu mənim üçün deyil, cəmiyyətə yararlı bir insan kimi böyüdün” sözləri oldu. O vaxtdan da mən qarşıma məqsəd qoydum ki, oxumalı, təhsil almalıyam. Mən çalışdım, əziyyət çəkdim və istədiyimə nail oldum. Yüksək nəticələrlə ali məktəbə qəbul olmağımda internat məktəbin kollektivi, xüsusən müəllimlərim İlkin Rüstəmov və Mehman Əliyevin böyük əməyi olub. Onlar bizə təhsilimizdə, dərin biliklər almağımızda dəstək olublar. Bizim sinfin ali məktəblərə hazırlaşan bütün şagirdləri universitetlərə daxil olublar. Sonda tələbə olmaq istəyən həmyaşıdlarıma da tövsiyəm odur ki, cəmiyyətdə yer tutmaq üçün məqsədli, səbirli olmaq, çətinliklərə sinə gərmək, hədəflərə doğru inamla irəliləmək lazımdır.

 

Oruc MUSTAFAYEV