Robot texnologiyasından istifadə məktəb təcrübəsinə innovasiya və yaradıcılıq gətirir


Təhsil sistemi və onun məzmunu ölkənin gələcəyinə xidmət edir. Müasir dövrdə təhsil sistemi əsaslı şəkildə cəmiyyətin sosial-iqtisadi inkişafına təsir göstərir. Təsadüfi deyil ki, dünya alimləri XXI əsrdə qarşıda duran vəzifələrdən danışarkən, hər şeydən əvvəl, çalışırlar ki, təhsilin inkişaf  istiqamətlərini müəyyənləşdirsinlər. Oxucular razılaşarlar ki, məktəb elmi əsaslarla idarə olunmursa, təhsilin keyfiyyəti vaxtlı-vaxtında təhlil edilmirsə, monitorinqlər keçirilmirsə, belə müəssisədə keyfiyyətdən danışmaq olmaz.

 

2018-ci ilin sentyabr ayından rəhbərlik etdiyim Bakı şəhərı C.Məmmədyarov adına 155 nömrəli tam orta məktəbdə də ilk işim təhsilin keyfiyyətini təhlil etmək üçün monitorinqlər keçirmək oldu.

 

Məktəbimizdə keyfiyyətli təlim mühitinin yaradılması istiqamətində mühüm işlər həyata keçirilir. Təhsil müəssisəsində təlim-tərbiyə prosesinin  müasir tələblər səviyyəsində aparılması  xüsusilə diqqətdə saxlanılır.

 

Məktəbimiz təhsillə bağlı həyata keçilən layihə və müsabiqələrdə də həvəslə iştirak edir. Elə “Sabahın bünövrəsini birlikdə quraq” adlı təqdim etdiyimiz  layihəmizin 2018-2019-cu tədris ilində  Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsində qalib olması öz işinə yaradıcı yanaşan pedaqoji kollektivimiz üçün sevindirici bir hadisə oldu.      

 

Son illər təhsildə müasir texnologiyaların tətbiqinin dünya standartları səviyyəsinə çatdırılması və informasiya-kommunikasiya texnologiyalarının tədris prosesində geniş və hərtərəfli istifadəsinin təmin olunması məqsədi ilə Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi (TSİİ) tərəfindən müxtəlif layihələr və tədbirlər hazırlanıb həyata keçirilir. Layihə çərçivəsində ümumi təhsil müəssisələrinin informatika otaqlarına xüsusi olaraq “Lego Education” təhsil həllərinə uyğun tərtibat verilir, otaqlar xüsusi avadanlıqlarla  təchiz olunur. Məktəb müəllimləri “Lego Education” təhsil həlləri üzrə xüsusi sertifikatı olan xarici mütəxəssislər tərəfindən təlimlərdən keçirilir. Müəllimlər təlimdə avadanlıq və proqram təminatlarından istifadə, robotların proqramlaşdırılması, təhsildə tətbiqi və inteqrasiyası barədə məlumat alır, robot texnologiyası və proqramlaşdırılması üzrə təməl biliklərə yiyələnir.

 

XXI əsrin ən son texnologiyası olan robot texnologiyasından istifadə gündəlik məktəb təcrübəsinə innovasiya və yaradıcılıq gətirir və professional müəllimlər üçün unikal həllər təklif edir. Dərslərdə diqqət robotların dizayn olunması və proqramlaşdırılmasına yönəlir. Şagirdlərin Lego konstruktorları ilə qarşılıqlı fəaliyyəti yalnız fiziki fəaliyyətlə məhdudlaşmır, həm də rəqəmsal texnologiyalardan istifadə ilə ənənəvi tədris metodlarından kənara çıxır.

 

“Kiçik Akademiya”nın nəzdində Robotexnika kursları

 

Bakı şəhəri 155 nömrəli tam orta məktəb tərəfindən təqdim olunan “Sabahın bünövrəsini birlikdə quraq” adlı  layihə  Sabunçu rayon ibtidai sinif müəllimlərini əhatə edir. Məktəbimizdə fəaliyyət göstərən “Kiçik Akademiya”nın nəzdində “Sabahın qurucuları” adlı Robotexnika kurslarının təşkil edilməsi nəzərdə tutulur. 

 

Layihənin əsas məqsədi şagirdlərimizin Elm, Texnologiya, Mühəndislik, Riyaziyyat və yaradıcılıq dünyasına ilk addımlarını əyani şəkildə, toxunaraq öyrənməklə  həmin  sahələr üzrə   daha geniş bilgilər  almalarına  və bu yaş dövrü üçün maraq duyğusunun təşviqi və ilkin bacarıqların ortaya çıxarılmasına yardım etməkdir. Bu layihənin əsasını XXI əsrin ən vacib bacarıqlarını kiçik yaşlardan tədris etməyi qarşısına məqsəd qoyan STEAM (Science, Technology, Engineering, Art & Math) təşkil etdiyindən proqram vasitəsi ilə uşaqları aktiv, yaradıcı olmağa təşviq etmək, praktiki robot dəstləri ilə işləmək bacarığını və yaradıcılığını təmin etmək, uşaqların diqqətini gücləndirmək, bədii bacarıqları artırmaq, məntiqi təfəkkürünü və özünə inamı inkişaf etdirmək nəzərdə tutulmuşdur.

 

Görüləcək işlər:

 

Sabunçu qəsəbəsində yerləşən 67, 68, 215, 170, o cümlədən 155 nömrəli tam orta məktəblər, hər məktəbdən 20 olmaqla (xüsusi testlər vasitəsi ilə) - 100 şagird seçiləcəkdir. Eyni zamanda hər məktəbdən 4 ibtidai sinif müəllimi (20 nəfər İKT bacarığı olan) seçiləcək və onlara “Mars Academy” şirkəti tərəfindən xüsusi proqram əsasında təlimlər keçiriləcək.

 

“Mənim ilk robotum”

 

Bakı şəhəri 155 nömrəli tam orta məktəbin bazasında “Mənim ilk Robotum” Akademiyası yaradılacaq. Bu akademiyada professional təlimçi müəllimlər seçilmiş ibtidai sinif müəllimlərinə təlimlər keçəcəklər. Bu akademiya bir növ laboratoriya rolunu oynayacaqdır. Burada mütəmadi olaraq,  layihə boyunca ibtidai sinif şagirdlərinə robotexnika, mühəndislik sahəsində yaradıcı dərslər keçiləcək.

 

Təlimlər Sabunçu qəsəbəsində yerləşən 67, 68, 215, 170 və 155 nömrəli məktəblərdən test üsulu ilə seçilmiş 20 müəlllimin 2 qrup üzrə xüsusi robotexnika və mühəndislik kontenti olan 5 günlük (20 akademik məşğələ) iştirakını nəzərdə tutur. Təlim proqramına əsasən iştirakçıların kurs ərzində qazandıqları bacarıqlarından istifadə edərək müxtəlif fənlərin tədrisində faydalı olacaq interaktiv dərs modellərin hazırlaması nəzərdə tutulub. Təlimlər xüsusi proqram əsasında Təhsil Nazirliyi ilə əməkdaşlıq edən “Edumedia Azərbaycan” MMC və “Mars Academy” ilə birgə əməkdaşlıq çərçivəsində baş tutacaq.

 

Robotics dərslər

 

Robotics dərslərində uşaqlar sadə və daha mürəkkəb strukturlu robotları yığacaq, onları bloklardan qurulan kod vasitəsi ilə hərəkətə gətirməyi öyrənəcəklər. Robotları “canlandırmaq” üçün onlar proqramlaşdımanın əsas anlayışlarını öyrənəcək və proqram təminatı vasitəsi ilə biliklərini istifadə edəcəklər. Şagirdlər bunun üçün sensorlarla işləyəcək, hərəkət, təkrarlanma, gözləmə, səs, işıq və digər bloklarla tanış olacaqlar.

 

Yaş qrupu - 6-7 yaş

 

Müddət - 4 ay

 

İntensivlik - həftədə 2 dəfə 45 və ya 1 dəfə 90 dəqiqə.

 

Layihə inklüziv təhsil sahəsində də tam yenilik olacaq. Belə ki,  inklüziv siniflərdə məhz Robotics dərsləri uşaqlara qarşı hər hansı formada ayrı-seçkilik edilməsinin qarşısını alacaq, müxtəlif əlilliyi olanlara belə mükəmməl şəkildə təhsil almaq, uğur qazanmaq imkanı vermiş olacaq. Onun əsas vəzifəsi məhdud imkanlara malik insanların peşə hazırlığı üçün sərhəd tanımayan mühit yaratmaqdır.

 

Layihənin davamlılığı məqsədilə aşağıda qeyd olunan digər  işlərin də həyata keçirilməsi nəzərdə tutulub:

 

* “Mənim ilk Robotum” Akademiyasının yaradılması;

* Əməkdaşlıq edilən məktəblərdə bu akademiyanın dayaq məntəqəsinin qurulması;

* Peşəkar təlimçi heyətinin hazırlanması;

* Həmin təlimçilərin öz məktəblərində bu işi peşəkarcasına davam etdirməsi;

* Şagirdlər arasında müxtəlif yarış və müsabiqələrin keçirilməsi;

* Bu müsabiqələrin məktəblərarası təşkili;

* Şagirdlərin bu sahədə keçirilən yerli və beynəlxalq olimpiadalara hazırlanması;

* Digər yaş qrupları üçün istifadəsi nəzərdə tutulmuş Lego Robotların əldə edilməsi məqsədilə yeni layihə modellərinin hazırlanması.

 

Avqustun 20-dən start götürən və dekabrda yekunlaşacaq layihəmiz təlimata və proqrama uyğun olaraq uğurla davam edir.

“Sabahın bünövrəsini” birlikdə qurmaq üçün səsimizə səs verənlərin daha çox olacağından əminik.

 

Ruhiyyə İBRAHİMOVA,

Bakı şəhəri 155 nömrəli tam orta məktəbin direktoru

Bölmənin digər xəbərləri