Avropanın aparıcı universitetlərinin təcrübəsinə əsaslanan standartlar 7 baza ixtisası üçün nəzərdə tutulub


Son illər Azərbaycanda hər bir sahədə müşahidə olunan dinamik inkişaf təhsil sektorunda da aşkar şəkildə nəzərə çarpır. Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində, eləcə də müvafiq göstərişləri əsasında atılan addımlar, icra edilən Dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin meydana çıxmasını, yüksək nəticələrin qazanılmasını şərtləndirib.

 

Azərbaycanda mühüm prioritetlərdən biri kimi müəyyənləşdirilmiş təhsilin inkişafı istiqamətində davamlı işlər görülür, həyata keçirilən islahat xarakterli tədbirlər müsbət göstəricilərin əldə olunmasını təmin edir. Təhsil sahəsində həyata keçirilən islahatlar -təhsildə infrastrukturun yenilənməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi, ümumtəhsil məktəblərinin kadr potensialının və tədrisin keyfiyyətinin yüksəldilməsi xüsusi qeyd edilməlidir. Təsadüfi deyil ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbulundan ötən 6 il ərzində ölkəmizdə təhsil sahəsində müsbət dinamika müşahidə olunur. Bu gün təhsilin bütün pillələrində - uşaq bağçalarında, məktəbdənkənar müəssisələrdə, orta məktəblərdə, kolleclərdə, peşə təhsilində, ali təhsil, ali təhsildən sonrakı təhsil, əlavə təhsil sahələrində yeni layihələrin reallaşdırılması istiqamətində mühüm addımlar atılır.

 

Çalışdığım Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) də bu strategiyanın 5 strateji istiqaməti üzrə ardıcıl və məqsədyönlü işlər aparılır. Lakin buna baxmayaraq, magistr təhsilinin keyfiyyətinə maneə yaradan bir sıra məqamlar hələ də mövcuddur. Onların ən önəmlisi, təhsil xidmətinin əsas keyfiyyət göstəricisi olan magistr proqramlarının beynəlxalq standartlara uyğun olmamasıdır. Nəzəri təlimlərin sayının çox olması, elmi-tədqiqat işlərinə kreditlərin və zamanın az ayrılması, bakalavr səviyyəsində tədris olunan fənlərin təkrarı, fənlərin fərqli kreditləri magistr proqramlarının əsas nöqsanlarından hesab etmək olar.

 

Magistratura səviyyəsində beynəlxalq əməkdaşlığın lazımi şəkildə inkişaf etməməsinin əsas səbəblərindən biri də mübadilə proqramında iştirak edən partnyor universitetlərin magistr proqramları ilə bizim proqramlar  arasında  olan  fərqlərdir.  Bu  fərqlər  beynəlxalq  proqramlarda  iştirak  edib  qayıdan magistrlərin təhsilinin uzadılmasına səbəb olurdu və beynəlxalq proqramların tələbələr üçün cəlbediciliyini azaldırdı. 

 

AzMİU-da təhsilin beynəlxalq  standartlara uyğunlaşdırılması istiqamətində bir çox işlər görülsə də, təcrübə göstərir ki, beynəlxalq əməkdaşlığın səmərəliliyini artırmaq üçün təhsil proqramlarında zəruri dəyişikliklərin edilməsinə ehtiyac var. Bundan irəli gələrək universitetimizdə magistr proqramlarının keyfiyyətinin artırılması və beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi məqsədi ilə yeni standartlar hazırlanıb baxılması üçün Təhsil Naziriliyinə təqdim olunub. 

 

Təhsil Nazirliyində bu standartlar geniş müzakirə edilib və pilot layihə olaraq 2019-2020-ci ildən AzMİU-nun magistratura səviyyəsində tətbiq olunmasına razılıq verilib. Hesab edirik ki, Təhsil Nazirliyinin yeniliklərə açıq olması və yeni layihələrin reallaşdırılması üçün davamlı fəaliyyəti təhsil sahəsində əldə olunan müsbət dinamika və nailiyyətlərin əsas amillərindən biridir. Bu kimi fəaliyyətin təhsilimizi yeni keyfiyyət mərhələsinə aparacağına əminik.  

 

Nazirliyə təqdim edilmiş yeni standartlar Avropa Kredit Transfer Sisteminin tələblərinə və Avropanın aparıcı universitetlərinin təcrübəsinə əsaslanaraq yalnız AzMİU-nun 7 baza ixtisası üçün nəzərdə tutulmuşdur. Bunlar “Memarlıq”, “İnşaat mühəndisliyi”, “Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi”, “Mühəndis sistemlərinin və qurğularının tikintisi mühəndisliyi”, “Nəqliyyat tikintisi mühəndisliyi”, “Tikinti materialları və məmulatlarının texnologiyası mühəndisliyi” və “Materialşünaslıq mühəndisliyi” ixtisaslarıdır. Bu ixtisasların yeni standartlarında nəzəri təlimlərin sayı azaldılıb, fənlərin müxtəlif kreditləri vahid kreditlə əvəzlənib, qeyri-ixtisas fənlərinə ayrılan 14 kredit 6 kreditlə əvəz olunub. 

 

Daha bir yenilik isə magistr dissertasiyalarına ayrılmış 18 kreditin 30 kreditlə əvəz olunmasıdır. Köhnə tədris planlarında dissertasiyanın yerinə yetirilməsinə 8 həftə ayrılırdı. Yeni tədris planında bu zaman 15 həftəyə çatdırılıb, yəni, 4-cü semestr tam olaraq dissertasiyanın tamamlanmasına ayrılıb. Bu da, öz növbəsində, keyfiyyətli magistr dissertasiyalarının ərsəyə gəlməsinə səbəb olacaq.   

 

Əminik ki, təklif olunan standartların tətbiqi universitetdə tədrisin beynəlxalq tələblərə uyğunlaşdırılmasına, həmçinin, Avropadakı partnyor universitetlərlə birgə ikili diplom proqramlarının və tələbə mübadiləsinin inkişafına stimul olacaq, magistr təhsilimizin keyfiyyət göstəricilərini artıracaq. 

 

Rövşən SƏMƏDOV,

AzMİU-nun Magistratura Mərkəzinin direktoru