Naxçıvan Dövlət Universitetində memarlıq sərgisi keçirilib. Naxçıvan Şəhərsalma və Arxitektura Komitəsi, Naxçıvan Dövlət Universiteti, və Memarlar Birliyinin təşkilatçılığı ilə keçirilən sərgidə memar müəllim və tələbələrin əl işləri nümayiş olunub. 

 

Memarlar Birliyinin sədri Heydər Əhmədov muxtar respublikada hər sahədə olduğu kimi memarlıq sahəsində də yaradılan imkanlardan danışıb. Bildirilib ki, tikinti sektorunun yüksək templə inkişaf etməsi, muxtar respublikada, şəhər və kəndlərdə yeni binaların tikintisi, köhnə binaların əsaslı şəkildə təmiri və yenidən qurulması bu sahənin inkişafına göstərilən diqqət və qayğının bariz nümunəsidir. Vurğulanıb ki, bu gün həm də Beynəlxalq memarlar günü kimi qeyd olunur. Tələbələrlə birgə ustad memarların da qatıldığı sərginin əhəmiyyətindən danışan birliyin sədri bu cür sərgilərin keçirilməsinin gənc memarların təcrübəsində əhəmiyyətli rol oynadığını deyib.